SOSIAL MEDIA

Sosial şəbəkələrin qadın psixologiyasına neqativ təsir edir? – ARAŞDIRMA

Baxış sayı: 189

Elə bir vəziyyətə gəlib çıxmışıq ki, sosial şəbəkələrsiz özümüzü təsəvvür edə bilmirik. Qəbul etsək də, etməsək də sosial şəbəkələr həyatımızda çox şeyə böyük təsir edir. Fikirlərimizdən tutmuş, özümüzə olan inama qədər.

Araşdırmalar göstərir ki, sosial şəbəkələrdə çox vaxt keçirən qadınlar digərləri ilə müqayisədə daha çox arıqlamaq, estetik prosedurlar etdirmək və gözəl görünmək istəyirlər. Yüzlərlə tələbə qadının iştirak etdiyi tədqiqat bunu təsdiq etdi.

Psixoloq Martin Qraffın əməkdaşları ilə apardığı araşdırmada Facebook, Instagram və Pinterest-də keçirdiyi zamana görə tələbələri 4 qrupa bölürlər. Birinci qrupa 30 dəqiqədən az vaxt keçirənlər, digər qruplara bundan daha çox və ən sonuncu, yəni 4-cü qrupa  1,5 saat vaxt keçirənlər daxil edilir.

Tələbələr psixoloqlar tərəfindən hazırlanan anketdəki suallara cavab verirlər. Tərtib olunan suallar əsasında 3 kateqoriyanı ölçmək olur:

  • Tələbənin cəmiyyətdə qəbul olunan “ideal bədən” obrazı ilə nə dərəcədə razılaşması
  • İnsanların onun bədəni haqda olan olan fikirlərindən nə dərəcədə narahat olması
  • Arıqlamağa olan həvəs

Araşdırmanın nəticəsində müəyyənləşdirildi ki, gün ərzində sosial şəbəkələrdə bir saatdan çox vaxt keçirən qadınlar hər 3 kateqoriya üzrə yüksək göstəriciyə sahibdirlər. Psixoloq Martin Qrafın gəldiyi nəticə isə bu oldu:

“Biz ilk növbədə onu göstərdik ki, insanların digərləri ilə müqayisə etmək üçün daha çox öz fotolarını paylaşdığı sosial şəbəkələrdə çox vaxt keçirənlər öz bədəninə qarşı olan qeyri-sağlam münasibətdən əziyyət çəkirlər”.

Başqa bir araşdırmanı isə Harvard və Vermont universitetinin mütəxəssisləri 1479 nəfər, 14-24 yaş aralığı gənclər arasında aparıblar. Gənclərə onların sevdikləri sosial şəbəkələrlə bağlı suallar verilib. Onlar sosial şəbəkələri “yalnızlıq”, “depressiya”, “təlaş”, “istehza”, “xarici görünüşdə imic dəyişikliyi etmək” göstəricilərinə görə qiymətləndiriblər.

Tədqiqat nəticəsində ən təhlükəli sosial şəbəkə Instagram seçilib, ikinci yeri isə Snapchat tutub. Alimlər gəldikləri nəticə ilə sosial şəbəkələr arasında birbaşa əlaqə görürlər, belə ki, hər iki şəbəkə vizuallığa, görüntüyə əsaslanır. Nəticədə insanlar digərlərinin fotolarına baxaraq, özlərini onlarla  müqayisə edirlər və nəticədə onlarda natamamlıq hissi yaranır.

Bundan başqa, aktiv Instagram istifadəçiləri arasında yuxu pozğunluğu, təlaş və qeyri-adekvatlıq hissinin yüksək olması müşahidə olunub. Twitter və Facebook digərləri qədər neqativ effekt yaratmasa da, onlar da mənəvi dincliyin pozulmasına gətirib çıxarırlar. Sosial şəbəkələr arasında ən pozitivi isə YouTube seçilib. Lakin onun da neqativ effektlərindən biri yuxu pozğunluğu olub. Ümumiyyətlə, bir çox mütəxəssislər bütün sosial şəbəkələrin təlaş hissini yüksəltdiyini vurğulayırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir