internet

Sosial şəbəkələr və yadlaşan qohumluq əlaqələri

Baxış sayı: 549

Elektron ünsiyyət nə qədər rahat və ucuz olsa da, ünsiyyətin bu forması canlı ünsiyyəti hec cür əvəz edə bilmir. Bəzən eyni qəsəbədə, eyni şəhərdə, eyni kənddə yaşayan gənclər qohumlarını birbaşa ziyarət etməkdənsə, sosial şəbəkələr vasitəsilə “ziyarət etməyə” üstünlük verirlər. Nəticədə, cəmiyyətimizdə əvvəlki illərdə mövcud olan “ailə dostu” anlayışına az-az rast gəlinir.

 

Texnologiyanın uşaqlara təsiri

Uşaqların internetin imkanlarından istifadə etməsi müəyyən normalar çərçivəsində olmalıdır. İnternetdən, sosial şəbəkələrdən, kompyuter oyunlarından nəzarətsiz istifadə etmək uşaqların tərbiyəsində, onlarda şəxsiyyətin formalaşmasında arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu baxımdan etibarlı internet uşaqlar və gənclər üçün əhəmiyyətlidir.

Uşaqlarda özünü ifadə etmək bacarığının formalaşması uşaqların sosiallaşmasından, kütləvi uşaq oyunlarından, uşaqların fiziki sağlamlığından asılıdır. Sosiallaşma, canlı ünsiyyət, dost seçmək, yaxşını və pisi ayırmaq və s. kimi xüsusiyyətlərin formalaşması uşaqların öz həmyaşıdları ilə birbaşa münasibətlərinin formalaşmasından asılıdır. Bu birbaşa münasibətlər sayəsində onlarda özünəinam, cəsarət, ümid, zəhmətkeşlik, liderlik, komanda ilə işləmək bacarığının ilkin rüşeymləri formalaşır. Həmçinin bu münasibətlər uşaqların ünsiyyətə meyilli, yeni mühitə adaptasiya olmaqda çətinlik çəkməyən, iradəcə dözümlü vətəndaşlara çevrilməsinə səbəb olur. Texnoloji yeniliklərdən, sosial şəbəkələrdən intensif istifadə edən, canlı ünsiyyətə üstünlük verməyən uşaqlarda isə yuxarıda sadalanan bu cəhətlər zəif formalaşmaqla yanaşı, onlarda müəyyən depressiya hallarına da rast gəlmək mümkündür.

internet

Qeyd etmək lazımdır ki, uşaqlarda internetdən asılılığın formalaşması müxtəlif fiziki problemlərin də (məsələn, depressiya, radioaktivlik normasının çoxalması, göz və onurğa xəstəlikləri və s. kimi) meydana gəlməsinə səbəb olur. Həmişə qayğı və nəvazişə ehtiyacı olan uşaqları diqqət mərkəzində saxlamaq onların xeyirli övlad, layiqli vətəndaş olmalarına çalışmaq hər bir valideynin müqəddəs borcudur. Bu mənada yemək reseptlərinə internetdən baxan analar, yarımçıq qalmış işlərini evdə internetlə davam etdirən atalar öz övladlarına sevgi, şəfqət, mərhəmət kimi ülvi hissləri aşılamağı da unutmamalıdırlar. Valideynlər bütün varlıqları ilə maddi və mənəvi olaraq uşaqlarının yanında olmalı, onlarla vaxt keçirməli, onlara xüsusi vaxt ayırmalıdırlar.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir