ssri

Sovet illərindən miras qalan dəb trendləri

Baxış sayı: 191

Məlum olduğu kimi, dəb dəyişkəndir, trend olan hər şey nə zamansa yenidən podiumlara qayıdır.

Bu yazıda müxtəlif illərdə sovet modapərəstlərinin qarderobunda mühüm yer tutan 5 əvəzolunmaz geyimi xatırlatmışıq.  Yeri gəlmişkən, qeyd edək ki, bu geyimlər indi dəbdədir.

 

Geniş palto

Beli kəmərli uzun paltolar 60-ci illərdə çox sevilirdi. Yaxalığı xəzdən tikilmiş, iri düyməli geniş paltolar isə 80-ci illərin əsas favoritlərindən biri idi. O illərdə çəkilən “Brilyant əl” filminin əsas qəhrəmanı Svetlana Svetliçnayanın xalata bənzəyən retrosayağı paltosu yenidən aktualdır. Retro tərzində paltolar artıq neçə ildir ki, yaz və payız trendi olmağa davam edir. Bu cür paltoları qısaboğaz çəkmələr, don və ya dar cinslərlə geyinmək olar. Kiçik klatçlar obrazın əla tamamlayıcısı ola bilər.

Yarasa qolu

Biləyə qədər qolu enli, biləkdən aşağısı isə qol hissəsi dar olan köynəklər ötən əsrin əvvəllərində çox populyar idi. 80-ci illərin əvvəllərində isə bu cür köynəklər bütün qadınların qarderobunu zəbt etmişdi. O vaxtkı sovet modapərəstlərinin palto, gödəkcə, sviter, bluz, hətta donları da yarasa qolunu xatırladırdı. O illərdən miras qalan yarasa qolu fasonu yenə aktualdır. Bu da əbəs deyil. Çünki bu cür qollar həm rahatdır, həm sərbəst hərəkət etməyə imkan verir, həm də çox gözəl görünür.

Yarasa qollu bluz, sviter və köynəklər hündürbel, dar şalvar, yaxud qələm ətəklərlə əla görünür. Ayaqqabı seçimində isə dikdaban və ya tanketkalara üstünlük verin. Beləcə, yuxarı hissə – enli siluet aşağıya doğru incələcək. Dolayısı ilə ümumi görünüş balanslı olacaq.

Bantik

50-cı illərdə qərb moda tendensiyalarına qalib gəlmək asan məsələ deyildi. Amma bantiklər buna nail oldu! Belə ki, onilliyin sonunda köynəyinin yaxalığına əlavə olunmuş bantlar bütün sovet qızlarının heyranlıq predmeti olmuşdu. Son bir neçə ildir ki, bantlar yenidən dəbə minib.

Yaxalığına bant əlavə olunmuş köynəklər beli hündür cins, şalvar və ətəklərlə yaxşı uzlaşır. Bu zaman daha zərif ayaqqabı modelləri seçin.

Donlar

60-cı, 70-ci, 80-ci illərdə demək olar ki, bütün sovet modapərəstlərinin donları eyni fasonlarda tikilirdi. Daha dəqiq desək, bu fasonlar qum saatı siluetini xatırladırdı. Bu cür donlar, adətən dama-dama və güllü parçalardan tikilirdi. O illərdən yadigar qalan retro stili müasir dizaynerlərin kolleksiyalarında getdikcə daha çox vüsət tapır.

Belə donları istənilən ayaqqabı ilə geyinmək olar. Müasir modapərəstlər hətta ağ krosovka və sliponları sınaqdan keçirməyə çəkinmir. Lakin biləkdə kəmərlə bağlanan dikdabanlar ən uğurlu variantdır.

Klyoş şalvarlar

70-cı illərdə SSRİ-də klyoş şalvarlar hamının sevdiyi, bəyənərək geyindiyi geyimlərdən idi. Bu dəb o qədər kütləvi hal almışdı ki, hətta kişi qarderobuna da yol açmışdı.

Sovet modapərəstləri bu cür şalvarları dama-dama köynək, həcmli sviter, yaxud bantlı bluzlarla birləşdirib hippi tərzi düzəldirdilər.

Klyoş şalvarlar bu günə qədər də öz aktuallığını itirməyən geyimlər kateqoriyasına daxildir. Xüsusi qeyd edək ki, enlibalaq şalvarlar hündür və qalın dabanlı ayaqqabılarla möhtəşəm görünür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir