DESERT

Soyuq desert “Dondurma” – sərin və şirin dad yoxsa, zəhər? – EKSPERT RƏYİ

Baxış sayı: 248

Havanın isinməsilə insanlar sərin içki və şirniyyatlara üstünlük verir. Yayın sevimli deserti isə dondurmadır.

Mütəxəssislərin sözlərinə görə, uzun müddət anbarlarda saxlanılan və yenidən marketlərə satışa göndərilən dondurmaları almamaq məsləhətlidir.

Dondurma alarkən əvvəl dondurmanın qablaşdırılmasının pozulmamasına, etiketinə, tərkibində nədən istifadə olunduğuna, məhsulun istehsal və son istifadə tarixinə fikir verilməlidir. Eyni zamanda dondurmanın satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edilməsinə də diqqət yetirmək vacibdir.

Bəs dondurmanın keçən ildən qaldığını istehsal edildiyi tarinixinə baxmadan necə bilə bilərik? Bu dondurmalar zəhərlənməyə səbəb ola bilərmi? Dondurmalar hansı şəraitdə saxlanılmalıdır?

Mövzu ilə bağlı ekspert Eyyub Hüseynov bildirir ki, dondurmanın qabı əzilibsə, deməli, əriyib və sonra yenidən dondurulub:

“Yenidən dondurulma isə həm məhsulun dadına mənfi təsir göstərir, həm də zəhərlənmə təhlükəsini yaradır. Dondurmanı – 20 dərəcə temperaturda bir neçə il saxlamaq mümkündür. Əgər dondurma yenidən dondurulmayıbsa, problem olmur.  Azərbaycan 2011-ci ildən başlayaraq Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişafı Agentliyinin layihəsi çərçivəsində yalnız bir dondurma şirkətinə qida təhlükəsizliyi nişanını şamil edə bilib.  O da “ İceLand” dondurmalarıdır və hələ ki, həmin dondurmalardan şikayət gəlməyib.

Dondurma alanda onun saxlanıldığı şəraitə diqqət yetirmək lazımdır. Dondurma etiketdə qeyd edilmiş temperaturda saxlanılmalı, üzərinə birbaşa günəş şüaları düşməməlidir. Dondurmanın saxlanıldığı soyuducunun üzəri qoruyucu örtüklə örtülməlidir və açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır. Dondurmalar digər qida məhsulları (toyuq, balıq məhsulları və s.) ilə eyni soyuducuda saxlanlmamalıdır. Digər qidalarla eyni soyuducuda saxlanma dondurmanın keyfiyyətini pozmaqla yanaşı, onun tərkibində zərərli mikroorqanizmlərin inkişafına da səbəb ola bilər.

Satışda bitki mənşəli dondurmalarla yanaşı, kərə yağı istifadə edilən dondurmalar da var. Keyfiyyətli dondurmalar da məhz kərə yağı tərkibli dondurmalar olur. Belə dondurmalar qiymətinə görə də fərqlənir, yəni baha olur”,– deyə o bildirir.

Qeyd edək ki, rəngli dondurmalara da xüsusi diqqət yetirilməlidir. Məsələn, sarı rəngdə olan dondurma limonlu dondurma sayılır. Ancaq istehlakçı bilməlidir ki, əgər dondurmanın rəngi tünd sarıdırsa, orada rəngləndiricidən istifadə olunub. Çünki limon əlavə edilmiş dondurma ağ rəngdən sarıya nadir hallarda çevrilə bilər, tünd sarı ola bilməz. Dondurmalara vurulan bu sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma potensialına malikdir.

 

Nərminə Aydın




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir