usaqlar

Soyuq havalarda uşaqları infeksiyalardan necə qorumalı?

Baxış sayı: 197

Havaların kəskin dəyişməsi ilə uşaqlar arasında soyuqdəymə xəstəliklərinin sayı artıb. Belə ki, yayılan məlumatlara görə, son günlər Azərbaycanda uşaqlar arasında qusma, ishal, qızdırma halları artıb. Valideynlər uşaqların boğaz ağrısı, temperaturun artması, öskürəklə müşayiət olunan virusa yoluxmalarından şikayətlənirlər. Hətta allergiyaya meylli uşaqlarda dəridə qızartıların və səpkilərin əmələ gəldiyi bildirilir.

Günlərlə davam edən və 39 dərəcədən aşağı düşməyən temperatur herpangina xəstəliyinin əlaməti hesab edilir.

Kəskin virus infeksiyasının yayılması ilə bağlı xəbərlərə münasibət bildirən ölkənin baş pediatrı Nəsib Quliyev deyir ki, uşaqlar arasında hər hansı qorxulu xəstəlik yayılmayıb, epidemiya yoxdur. Onun sözlərinə görə, havalar qənaətbəxş keçdiyinə və ciddi soyuma baş vermədiyinə görə mövsümi xəstəliklərdə artım müşahidə olunmur: “Temperatur tədricən enir. Kim deyirsə ki, uşaqlar çox xəstələnir, düz demir. Gəlin bizim xəstəxanaya baxın, kimlər müraciət edir, özünüz görün. Hazırda ölkədə çox geniş yayılan və ciddi problem yaradan elə bir xəstəlik yoxdur”.

Maraqlıdır, havaların gün keçdikcə soyuduğu bu ərəfələrdə uşaqları xəstəliklərdən necə qorumaq olar? Çox vaxt valideynlər hava soyuyan kimi uşaqlara vitaminlər, immun sistemini artıran müxtəlif dərman preparatları verirlər. Bu nə dərəcədə doğrudur, bunun uşaqlara ziyanı ola bilərmi?

Pediatr Vaqif Qarayev bildirdi ki, belə havalarda dərmanlara yox, daha çox uşağın yeməyinə və geyiminə diqqət etmək lazımdır: “Havalar artıq soyuyub. Bu cür havalarda ilk növbədə uşaqların geyiminə və yeməyinə fikir vermək lazımdır. Xəstələnən uşaq uşaqların sıx olduğu məkanlara bağçalara, məktəblərə getməməlidir. Bunu nə qədər desək də, nə valideyn başa düşür, nə də uşaqları məktəbə, bağçaya qəbul edən. Məktəbdə də, bağçada da həkim olmalıdır. Əgər bir xəstəlik yayılırsa və ya yayılma ehtimalı varsa, xüsusən kiçik yaşda uşaqların getdiyi bağçalarda səhər tezdən uşaqların qızdırması ölçülməlidir. Qızdırmalı uşaq isə bağçaya buraxılmamalıdır, eynilə məktəbə də. Uşaq evdə qalanda valideyn işə gedə bilməyəcək. İşə getməyəndə də pul qazana bilməyəcək. Amma heç bir halda uşağın xəstəliyini hansısa bəhanələrlə əsaslandırmaq olmaz. Hər şeydən əvvəl təbi ki, uşağın sağlamlığıdır. Bir daha qeyd edim ki, uşaq kollektivlərinə xəstə uşaqların getməsi qəti qadağandır. Çünki hava damcı yolu ilə keçən elə viruslar var ki, uşaq bir dəfə asqırmaqla, öskürməklə ətrafa kifayət qədər virus buraxır. Xəstə uşaq evdə 3-4 günə sağalacaqsa, məktəbə gedə-gedə azı 1 həftəyə sağalır, bəzən isə ağırlaşmalar olur. Hələ ki kəskin virus xəstəlikləri yayılmayıb. Amma yenə də önləm almaq lazımdır. Payız aylarında hava saatbasaat dəyişir. Səhər tezdən hava yaxşıdırsa, o demək deyil ki, 1 saatdan, 3 saatdan sonra yenə də yaxşı olacaq. Ola bilər yağış yağsın, soyuq olsun. Ona görə də ehtiyat üçün qalın geyimlərdən birini qoymaq lazımdır. Uşaq kifayət qədər maye, meyvə qəbul etməlidir. Xüsusən də tərkibində C vitamini olan portağal, üzüm, alma kimi meyvələrdən kifayət qədər istifadə olunmalıdır. Yeməyində tərəvəzlərə üstünlük verilməlidir. Uşağın gündəlik menyusunda ət olmalıdır”.

Pediatr valideynlərin havalar soyuyan kimi uşaqlarına vitaminlər və immun sistemini artıran dərmanlar verməsinin sovet dövründən qalan bir ənənə olduğunu dedi: “Sovet dövründə bizi məcbur edirdilər ki, uşaqlara vitaminlər verək. İmmunitet tamamilə başqa bir anlayışdır. Bir də var ki, xəstəliyə müqavimət. Ola bilər ki, uşağın çəkisi normal və ya artıq ola bilər. Ancaq bu o demək deyil ki, onun xəstəliyə müqaviməti yaxşıdır. Xəstəliyə müqavimət uşağın sağlamlıq parametrləri ilə ölçülür, çəkisinin azlığı ya da çoxluğu ilə yox. Bu gün çox dəbdədir ki, uşağa immunitetə görə nəsə versinlər. Yanıma gələnlər də deyir ki, immunitetə görə uşağa nəsə dərman yazın. Uşağın immuniteti normaldırsa, tez-tez xəstələnmək təbii ki, uşağın müqavimətini azaldacaq. Amma uşaq ayda-ildə bir dəfə xəstələnirsə, onda yalnız vitaminsizlik problemdirsə, orqanizmə izafi vitamin yeritmək özü də problem yaradacaq. Çünki normadan artıq vitaminin özü də problemdir. Ona görə də həkim məsləhət görmürsə, uşaqlarınıza immun preparatı verməyin. İmmun preparatı həm çox bahalıdır, həm də mən onun bir faydasını görməmişəm. Bəzi xəstəliklər var ki, immunitet defisiti yaradır. O zaman immunitet üçün xüsusi preparatlar var ki, onlardan istifadə etmək olar. Amma adi soyuqdəymədə bu preparatlar uşağa heç nə vermir. Sadəcə olaraq, uşağın yeməyinə, içməyinə və əyninə fikir vermək lazımdır”.

Qeyd edək ki, payızda yalnız uşaqlar deyil, eləcə də böyüklər çox asanlıqla soyuqdəymədən əziyyət çəkirlər. Məhz buna görə də mütəxəssislər yaşlı nəslin nümayəndələrinə, eləcə də ürək-damar, təzyiq oynaması xəstəliklərindən əziyyət çəkənlərə qrip peyvəndi olmalarını məsləhət görürlər. Çünki payız soyuqdəymə ilə başlayan və ağır fəsadlar yarada bilən xəstəliklər fəslidir. Havalar soyuqlaşdığı üçün bədənimizin enerjiyə olan tələbatı artır. Payızda artıq çəki yığmamaq üçün gün ərzində 5 dəfə, amma az-az yemək lazımdır. Payız fəslinə keçid ürək-damar xəstələrində tarazlığı poza, onlarda ağrıları intensivləşə bilər. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər idmanla məşğul olmalı, gündə ən az 30 dəqiqə gəzməlidirlər. Ət, süd, toyuq, balıq, qaraciyər, kişmiş, qoz ləpəsi immuniteti artırmağa yardım edən qidalardandır. Üzüm, nar, qırmızı giləmeyvə, moruq xəstəliyə tutulma riskini azaldır.

Mütəxəssislərin fikrincə, soğan və sarımsaq antibiotik tərkibinə malik olduğu üçün payızda yayılan soyuqdəymə xəstəliklərinin tez sağalmasına yardım edir. Payızda böyüklərdə müşahidə edilən bir psixoloji hal isə “payız depressiyası”dır. Payız depressiyası xəstəlik deyil, sadəcə, psixi qərarsızlıq vəziyyətidir. Bir sıra psixoloqlar payız depressiyasının ümumi olaraq əlamətlərini belə izah edir – daxili gərginlik, yuxudan erkən oyanmaq və yenidən yata bilməmək, əhvalın pisləşməsi, özünüqiymətləndirmənin aşağı düşməsi, həyata marağın azalması, kədər, əsəbilik, müsbət emosiyaların itirilməsi, gündəlik işlərin icrasında çətinlik çəkmə, stressli situasiyalara dözümsüzlük, tez özündən çıxma, daxili gərginlik, sosial əlaqələrdən, yaxınlarla və dostlarla ünsiyyətdən qaçmaq və sairə. Payız depressiyası haqda alimlərin və həkimlərin maraqlı fikirləri var. Onlar düşünür ki, orqanizmdə vitamin çatışmazlığı və az hərəkətli həyat tərzi bu psixoloji vəziyyəti yaradır.

 

Günel MANAFLI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir