dis hekimi

Stomatoloji kabinetlər və klinikalar HİV və “Hepatit” yayır?

Baxış sayı: 1. 183

Elə bir insan tapılmaz ki, həyatında bir dəfə olsun stomatoloqa müraciət etməsin. Son vaxtlar diş həkimlərinin istifadə etdiyi alətlərin dezinfeksiyası və sterilizasiyası məsələsi geniş müzakirə olunur.

“Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, VİÇ və “Hepatit C” xəstəliklərinin yayılmasına təsir göstərən faktorlar arasında birinci yerdə stomatoloji xidmətlər göstərillib. Bu gün Azərbaycanda həkim və ya biznesmen olan istənilən şəxs müvafiq lisenziya alıb, stomatoloji mərkəz aça bilər. Hal-hazırda ölkəmizdə göstərilən stomatoloji xidmətlər beynəlxalq standartlara cavab vermir”.

Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Məlahət İbrahimqızı deyir.

Xanım millət vəkili parlamentin yaz sessiyasında bu məsələ ilə əlaqədar dinləmə keçirməyi təklif edir.

“Bu məqsədlə bir sıra ölkələrin qanunlarından nümunələr toplamışam. Stomatoloqlar da bu məsələnin Milli Məclisin iclasının gündəminə salınmasını istəyirlər”.

Milli Məclisin deputatı Musa Quliyev isə, Azərbaycanda stomatoloji kabinetlərin HİV və “Hepatit” virusuna yoluxma hallarının bir hissəsinə cavab verdiyinə dair heç bir sübutun olmadığını hesab edir.

“Stomatoloji klinika və kabinetlərin fəaliyyəti onlara müvafiq lisenziya verən dövlət orqanları tərəfindən tənzimlənir. Komitədə qaldırılan məsələ Azərbaycanın səhiyyə sistemində stomatoloji yardım seqmentinin ümumi vəziyyətinin qiymətləndirilməsi məqsədini daşıyır.

Düşünürəm ki, Azərbaycan stomatoloji xidmətlərin fəaliyyətinin nizamlanması haqqında qanun qəbul edəcəyik. Biz artıq bu mövzunu Səhiyyə komitəsində müzakirə etmişik. Bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyi araşdıracağıq, bundan sonra, yəqin ki, müvafiq qanunverici akt qəbul edəcəyik. Qanun ya stomatoloji kabinetlərin fəaliyyətinin tənzimlənməsi, ya da əhaliyə stomatoloji xidmətlərin göstərilməsinə aid olacaq.

Ancaq bu, o anlama gəlməməlidir ki, qanun qəbul olunan kimi yerli stomatoloji kabinetlər bağlanmağa başlayacaq. Statistik məlumatlara əsasən, dünyada bütün stomatoloji kabinet və klinikaların 80 faizi özəl səhiyyə sektoruna aiddir”, – deyə M.Quliyev bildirib.

Həkim stomatoloq İsmayıl İsmayılov isə düşünür ki, stomatoloji klinikalarda alətlərin mütəmadi şəkildə sterilizasiyası və dezinfeksiya işlərinə nəzarət edəcək orqanı yaratmaq mümkün deyil:

“İstənilən ciddi stomatoloji klinika alətlərin sterilizasiyasına məsuliyyətlə yanaşır. Ən azından ona görə ki, tibbi personalın da sağlamlığı bu alətlərin nə dərəcədə steril olmasından asıldır.

Bir neçə il əvvəl stomatoloji klinikanın açılması üçün lisenziya almaq faktiki olaraq mümkün deyildi. Bunun üçün külli miqdarda sənəd tələb olunurdu. Ancaq prezidentin tibbi klinikalara lisenziyaların verilməsi ilə bağlı mexanizmin sadələşdirilməsi haqqında fərman verməsindən sonra bu səlahiyyətlər “ASAN xidmət”ə ötürülüb. Ona görə bu gün lisenziyanı almaq daha asan olub” (oxu.az)

İ.İsmayılov hesab edir ki, stomatoloji klinikalar və kabinetlər üzərində nəzarəti gücləndirməyə dəyməz: “Çünki onlarla bağlı hər şey qaydasındadır. Bunun əvəzinə alətlərin sterilizasiyası üçün faktiki olaraq heç bir aparatları olmayan bərbərxanalar, tatu salonları və digər obyektlərə diqqət ayırmaq lazımdır. Sizi əmin edirəm ki, bu gün stomatoloji klinika və kabinetlərdə yoxlama keçirsək, ölkənin stomatoloji müəssisələrinin 99,9 faizinin sterilizasiya üzrə kliniki protokola əməl etdiyinin şahidi olacağıq.

Eyni sözləri gözəllik salonları və tatu studiyalarına şamil etmək olmaz. Yeri gəlmişkən, sterilizasiya təkcə xüsusi avtoklavlarların olması ilə bitmir, sterilizasiyada alətlərə tətbiq olunan xüsusi kimyəvi maddələrin tərkibi böyük əhəmiyyət kəsb edir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir