stress

Stresdən necə qurtulmaq olar?

Baxış sayı: 521

Stress – orqanizmdə əsəb sisteminin normal vəziyyətdən kənara çıxması prosesidir. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Bu zədələr isə bizdə müxtəlif vəziyyətlər, problemlər yaradır.

Stress sözü 1900-cü ildən bəri ruhi və fiziki dəyişikliklərə gətirib çıxaran vəziyyətə deyilir. Stressin o qədər çox formaları var ki, buna tərif vermək çox çətindir. Hər bir insan stressi müxtəlif formada qəbul edir. Vəziyyətə görə stress həm faydalı, həm də zərərli ola bilər. Performansımız üçün bizi motivasiya edirsə və həyatımızda müsbət dəyişikliklərə gətirib çıxarırsa, bu stress faydalıdır. Stress olmasaydı, həyat darıxdırıcı, sıxıcı olar və heç bir şəkildə rahat yaşaya bilməzdik.

Mütəxəssislərin fikrincə, stress ruhi problemlər yaratdığı kimi sağlamlığa da zərərlidir. Psixoloq Fidan Məmmədzadənin sözlərinə görə, stress yuxu rejimini tarazlayan serotonin və melatonin hormonlarına təsir edir və bunun nəticəsində yuxusuzluq problemi yaranır. Yuxusuz qalmaq isə baş ağrısı, təzyiq balanssızlığı, həzm problemləri və immunitet sisteminin zəifləməsi kimi simptomlarla sosial həyatda problemlər yaradır. “Stressi ümumiyyətlə, iki kateqoriyaya ayıra bilərik. Xəbərdar edən və ya reaksiya. Başımızdan keçən bir vəziyyət və ya hadisə nəticəsində stress bizi xəbərdar edə bilər. Bu hadisə avtomobil qəzası, iş yerində mübahisə, işini itirmə və ya sevdiyiniz bir adamın ölməsi kimi, fiziki və ruhi bir vəziyyət ola bilər. Stress eyni zamanda bizim bu hadisəyə qarşı ruhi və ya fiziki reaksiyamız da ola bilər”.

Psixoloq bildirir ki, stress özünü sabit fikirlər, narahatlıq, qorxu, kədər, əsəbilik, hirslilik, davamlı unutqanlıq, təklik, diqqət əskikliyi, qərarsızlıq, ümidsizlik, yuxusuzluq, kabus görmə, depressiya və son olaraq intiharla büruzə verir. Stressə düşmüş şəxslərdə əzələ gərginliyi, əzələ spazmı, baş ağrısı, miqren, diş qıcatma, yorğunluq, halsızlıq, qəbizlik, ishal, həzmsizlik, xora, titrəmə, astma, yüksək təzyiq, sürətli nəfəs alıb vermə baş verir.

Müsahibimizin dediyinə görə, stress, ürək xəstəliklərinin, xərçəngin, tənəffüs yolları xəstəliklərinin, oynaq iltahablarının, mədə-bağırsaq pozuntularının, yuxusuzluğun, psixoloji narahatlıqların (depressiya, intihar), psixomatik narahatlıqların, dəri xəstəliklərinin, xroniki ağrı və sancıların başlıca səbəblərindən biridir. “Amma bütün bu xəstəliklərin tək səbəbini stressə bağlaya bilmərik. Bununla belə, stressin bu xəstəliklərin meydana gəlməsindəki əhəmiyyətli rolunu da unutmamaq lazımdır”.

Bir çox ölkədə stress ürək xəstəliklərinin öndə gedən səbəblərindən biridir. Narahatlıq, qorxu və hirs insanı ürək xəstəliklərinə daha tez yaxalayır. İsveçrədə aparılan bir araşdırma zamanı infarkta səbəb olan damar sərtləşməsinin əsas səbəbinin stress oduğu məlum olub. Belə ki, stress testləri edilən xəstələrin damarları daralıb, qan axını azalıb, təzyiqləri yüksəlib və ürək atış ritmi yüksəlib.

Kiçik diametrdə yaşanan gündəlik streslər insanı pessimizmə, əsəbiliyə və yorğunluğa gətirib çıxarır. Stress xronikiləşməyə başladığı zaman, stress hormonları depressiya, həyacan kimi davranış pozuntularına, hətta yaddaş itkisinə səbəb ola bilər. “Stressdən uzaq olmaq üçün yatmazdan əvvəl bitki çayları içmək məsləhətdir. Saat 19.00-dan sonra yemək yeməyin. Qəhvə və kola kimi kafein tərkibli, xəbərdarlıqçı xüsusiyyəti olan içkilər içməyin. Stress anında bədənimiz daha az adrenalin ifraz edir. Bu əskiklik xüsusilə baş ağrısı və miqren mövzusunda həssas olanlara təsir edər. Stressin verdiyi adrenalin əskikliyini ödəmək üçün idman etmək məsləhətdir. Nizamlı məşq beyin damarlarına gedən oksigeni tənzimləyir və stress anında meydana gələn baş ağrısı riskini azaldır”.

Stressli mühitlər immunitet sistemini yavaşlatdığı üçün xəstəlik və mikroblara qarşı mübarizə gücünü də azaldır. Bunun nəticəsində insan özünü davamlı halsız və yorğun hiss edir. Bol tərəvəz və kivi, portağal, C vitamini ilə zəngin meyvələr stressin qarşısını alır. Stress zamanı adrenalinin azalması həzm sisteminin də yavaşlamasına səbəb olur. Yediyimiz yeməklərin yavaş həzm edilməsi mədə sancıları, qaz və bulanma şikayətlərini artırır. Bunun qarşısını almaq üçün isə lifli qidalar və prebiotik tərkibli yeməklərə üstünlük verilməsi məsləhətdir.

Psixoloq deyir ki, stressə düşmüş insanlar çox zaman bu vəziyyətdən çıxa bilmədikləri üçün ruhi vəziyyətləri pozulur və intihara əl atırlar. İntihar çox zaman stressə düşmüş insanların son çarəsi olur. Müsahibimiz onu da bildirir ki, belə hadisələr ən çox qış aylarında baş verir. Günəş şüalarının yetərli olmaması orqanizmi gücdən salır və sonradan baş verən hər hansı hadisə stressə yol açır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir