Su ciceyi

Su çiçəyi necə müalicə olunur?

Baxış sayı: 1. 300

Su çiçəyi yoluxucu infeksiyon xəstəlikdir. Bu xəstəliyin törədicisi Varicella zoster virusudur (VZV). Bu virusa yalnız insanlar yoluxur və daşıyıcı olur. Bu virus yoluxmuş uşağın asqırması, öskürməsi ilə hava-damcı yolu, birbaşa kontakt yolla ötürülür. Eləcə də, hamilə qadınlarda ciftdən dölə keçir.

Xəstə ilə kontaktdan 10-21 gün keçdikdən sonra xəstəliyin əlamətləri özünü büruzə verir. Yoluxmuş insan xəstəliyindən xəbərsiz olaraq başqalarını da yoluxdura bilər. Yoluxucu dövr xəstəliyin özünəməxsus səpkisinin əmələ gəlməsindən 1-2 gün əvvəl başlayır və yeni səpkilərin əmələ gəlməsi dayanana, yaralar qabıq qoyana qədər davam edir.

Su çiçəyi xəstəliyi adətən yüngül keçsə də, immuniteti zəif olan, eləcə də digər ağır xəstəliklər nəticəsində zəifləmiş uşaqlarda ağır formalarda keçə bilər.

Xəstəliyin əvvəllərində xəstənin hərarəti qalxır, ümumi halı, iştahası və yuxusu pozulur. Bədəni səpməyə başlayır. Əvvəlcə səpki xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlir.

Yoluxmuş uşaqların müalicəsi ağırlaşmalar yoxdursa, ev şəraitində aparılır. Uşaqlar üçün vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi tətbiq edilir. Dəridəki səpkilərə isə brilyant yaşılı və ya kalium-permanqanat (“marqantsovka”) məhlulu sürtmək lazımdır. Bu tədbirlər sayəsində dəridəki qaşınmanı azaltmaq, qabarcıqların irinləməsinin qarşısını almaq, daha tez yaraların quruyaraq yerində qartmaq əmələ gəlməsinə, yaraların sağalmasına nail olmaq olur.

Xəstə uşağın alt paltarını hər gün, yataq dəstlərini isə 1-2 gündən bir dəyişdirmək lazımdır. Yataq otağının havasını gün ərzində tez-tez dəyişdirmək, gündəlik olaraq evdə nəm əsgi ilə təmizlik işləri aparmaq uşağın daha tez sağalmasına, vəziyyətinin yüngülləşməsinə kömək edər. Hər qida qəbulundan sonra uşaqlar ağız boşluğunu yaxşıca qarqara etməlidir.

Qeyd edək ki, keçirilmiş infeksiyadan sonra davamlı, ömürlük immunitet yaranır. Lakin suçiçəyi dəridə xoşagəlməz izlər qoya bilər. Müvəqqəti izlərsə 6 aydan 1 ilə qədər davam edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir