sual kitabcasi

“Sual kitabçası”: suallarımızı tələbələr cavablandırır

Baxış sayı: 1. 578

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, “Gencaile.az” saytının “Sual kitabçası” rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

 

Bilik oxunmuş kitabların çoxluğu ilə deyil, dərk edilmiş kitabların sayı ilə ölçülür. Bu fikirlə razısınızmı?

 

 

Jalə Qaraşzadə (Bakı Slavyan Universiteti, pedaqoji fakültənin 1-ci kurs tələbəsi):

“Əlbəttə, əsas sənin dərk etdiklərin, anladıqlarındı. Ad olsun deyə anlamadığın kitabları oxumaqla deyil. Əsas odur ki,  sən anlayasan, o kitablardan bir nəticə çıxardasan”.

 

Sabir Hüseynov (Xəzər Universitetinin Humanitar ve Sosial elmlər fakültəsinin 3-cü kurs tələbəsi):

“Təbii ki, razıyam. Nə qədər çox kitab oxuyarsansa, oxu əgər ordakı fikirləri dərk edib həyatda istifadə edə bilməyəcəksənsə, kitabların sayı mənasızdır”.

 

Gülgəz Hacıyeva:(Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin 1-ci kurs tələbəsi):

“Əlbəttə, Bakıdan Kamçatkaya qədər razıyam. (gülür-red). Həqiqətən də kitab oxumaq ilə hansı kitabı oxumaq arasında böyük fərq var. Təəssüf ki, bu gün insanların çoxu oxumaq adına oxuyur. Yəni filankəs bu kitabı oxuyur  bəs mən niyə oxumayım? Əslində bu hal müsbət qarşılanır. Çünki kitab oxumağa görə rəqabətə girməkdə fayda var. Amma boş-boşuna dərk edilmədən 100 kitab oxumaqdansa, inkişaf məqsədli, istəkli oxunan 5 kitab daha dəyərlidir. Bu halda o kitabları daha yaxşı dərk edərik və o istədiyimiz biliyi əldə edərik. Çünki kitab biliyə aparan yoldur. Amma unutmayın ki, hər kəsin bildiyi bilik deyil!”

 

Urfan Muradlı (Qərbi Kaspi Universitetinin Siyasi və Ictimai elmlər fakültəsinin 2-ci kurs tələbəsi):

“Bu fikrin ideyası çox gözəldir, amma bir qədər də əlavə etmək olar: bilik dərk edilmiş kitabların həyatda tətbiqindən sonra həqiqətə çevrilir. Çünki beynimiz elə bir mexanizmə malikdir ki, o istifadə etmədiyi məlumatları unutmaq məcburiyyətindədir. Belə olmasa, məlumat çoxluğundan əziyyət çəkərik. Məhz bu səbəbdən dərk etdiyimiz həqiqətləri və ya bilikləri tətbiq etdikcə ona həm əqli, həm də praktiki əsas qazandırırıq”.

 

Tacan Kərimli (AZMİU-nun Tikinti İqtisad fakültəsinin 4-cü kurs tələbəsi):

“Oxunmuş kitabların dərk edilməsi birbaşa olaraq insanın zəkasıyla əlaqəlidir. Dərrakə azı da, çoxu da yaxşı qavrayır. Yəni dərrakə varsa, kitab çoxsaylı da olsa, dərk olunacaq, yoxdursa, az da dərk olunmayacaq.

 

Ziyəddin Məmmədov (Azərbaycan Dövlət İqtisad Universitetinin DQƏTM fakültəsinin 2-ci kurs tələbəsi):

“Bəli razıyam, amma bilikli olmağın başqa və daha effektli yolu var ki, bu da çox gəzməkdir. Necə deyərlər, min eşitməkdənsə, bir görmək prinsipi ilə daha çox və daha tez məlumat toplamaq olar”

 

 

Vill Dogersə görə, hər kəs cahildir, ancaq fərqli mövzularda. Bu mənada sizin “mövzunuz” hansıdır?

 

Jalə Qaraşzadə: “Bəli, alim də olsan belə, bilmədiyin mövzuda cahilsən. Başqa sözlə, hər kəs bilmədiyi mövzuda cahildir. Mən fizika, biologiya və coğrafiya kimi dərslərdən cahil hesab oluna bilərəm”.

 sabir

Sabir Hüseynov: “Mənim bu barədə “mövzum” siyasətdir, çünki maraqlanmıram”.

 

Gülgəz Hacıyeva: ”Bəli hər kəs cahildir, lakin yaxşı ki fərqli mövzularda. Bir düşünün dünyanın nə qədər açılmamış sirləri var. Və o sirlərə qarşı hər kəs cahildir. Fikrimcə, insanlar 2 fərqli baxımdan cahil ola bilərlər.

1) Ya varlığı haqqında xəbərdardır, ancaq nə olduğunu bilmir.

2) Ya da heç varlığından belə xəbəri yoxdur.

Düşünürəm ki, bu mövzulardan biri də elə psixoloqa qarşı çox cahilcə davranmağımızdır. Varlığından xəbərimiz var, ancaq təəssüf ki, nə olduğunu hələ də dəqiqləşdirə bilməyənlər də var. Artıq 21-ci əsrdir, amma yenə də Azərbaycanda psixoloq konsultasiyasına gedən insanlara dəli kimi baxanlar həddindən artıq çoxdur. Buna görə də kütlə psixologiyasında belə bir düşüncə var; Filankəs psixoloqa gedib, görəsən dəlidi? (gülür-red). Bildiyimiz kimi, xaricdə insanlar hətta gündəlik işin və günün yorğunluğunu aradan qaldırmaq üçün psixoloq yanına gedirlər. Ruhları dincəlir, stressləri azalır və bu cür insanlar digərlərindən fərqli olaraq daha təmkinli olurlar. Sanki hələ də psixologiyanın insan beyninə necə böyük təsir etdiyini anlamamazlıqdan gəlirik. Baxın anlamamazlıq dedim, səbəbi isə anlayıb da kənar düşüncələrə önəm vermə xüsusiyyəti yenə də bunun qarşısını alır. Çünki anlayırıq, bilirik amma təəssüf ki, gedə bilmirik. Çalışaq ki, bu qalxanı aradan qaldırmağı bacaraq.

Sonda isə  “Qabusnamə”də olan bir deyimi nəzərinizə çatdırmaq istəyirəm; “Hər şeyi heç kəs bilmir, hər şeyi hamı birlikdə bilir. Hamı isə hələ doğulmayıb”

Bir yerdən başlamağı bacaraq, cahillikdən əl çəkək, bildiklərimizi bilməyənlərə öyrədək, özümüz isə bilmədiklərimizi öyrənməyə can ataq. Çünki insan bilmədiyinə düşmən olar”.

 

Urfan Muradlı: “Əslində bu çox incə mövzudur, belə ki, Vil Dogesə görə cahillik nədir bunu bilmirik. Əgər cahillik nəyisə bilməməkdirsə, mən insana cahil deyə bilmərəm. Çünki insan başqa varlıqlardan fərqli olaraq öyrənmək bacarığına və iradəyə malikdir. Bu bacarıqlar onu cahillikdən qoruyur. Düzdür, mən Mosart kimi musiqi bəstələyə bilmərəm, amma öyrənmək bacarığım və iradəm məni La Skalada konsert verməyə apara bilər. Yox, əgər insan öz bacarığının və iradəsinin gücünü dərk edə bilmirsə, bax onda o cahildir. Çünki cahillik ətrafı yox özünü bilməməkdir”

 

Tacan Kərimli:”İndiyə qədər tam razılaşdığım tək-tük fikirlərdəndir. Hər kəsin özünəməxsus  qavrama potensialı olur və bu hər mövzuya görə dəyişir. Ona görə də fərqli sahələrin, fərqli bilici kütləsi olur”.

 

Ziyəddin Məmmədov: “Onsuz da hansısa bir sahədə mükəmməl olmaq olur. Deməli, əslində hansı sahədə mükəmməl olduğunu tapmaq daha asandı. Cahil olduğum mövzuya misal olaraq isə basketbol deyə bilərəm”

 

 

Lev Tolstoy etiraf edirdi ki, ən böyük peşmanlığım, peşman olacağam deyə, edə bilmədiklərimdir. Bəs sizin?

 

Jalə Qaraşzadə: ”Çox sevinirəm ki, mənim belə bir peşmanlığım yoxdur. Düzü, təhsilim haqda təəssüf hissi keçirdiyim məqamlar var ki, buna da peşmanlıq deməyin nə dərəcədə düz olduğunu bilmirəm. İxtisasımla mənim aramda heç bir əlaqə yoxdur, amma təəssüf ki, zamanında bunu düzəltmək üçün nəsə etmədim. İnşallah, gələcəkdə yoluna qoya bilərəm”.

 

Sabir Hüseynov: “Elə mənim də. Məncə, risk etməklə ürəkdən keçənləri reallaşdırmaq lazımdır. Çünki edə bilmədiklərinin peşmanlığı daha ağırdır”.

gulgez

 

Gülgəz Hacıyeva: ”Həyat yazıldığı kimi sadə deyil, mürəkkəbdir və bu mürəkkəblikdə peşmançılıq da olur. Hər asan işin arxasında bir çətinliyin dayandığı kimi. Mənim üçün peşmançılıq həyatın ən əzabverici hissidir. Hər zaman geriyə baxanda niyə bu addımı atmamışam və yaxud atmışam deyə düşünüb peşman olacağımdan çəkinirəm. Ona görə ölçüb, biçməkdə fayda var. Amma biz nə qədər planla yaşamağa çalışsaq da, bu mürəkkəb həyat öz burulğanını göstərir. Və o burulğana düşmək insanı ömür boyu əzab çəkməyə vadar edir. Doğrusu, bəlkə də peşman olacağam deyə etmədiklərim var, amma etdiklərimdən peşman olduqlarım yox. Düşünürəm hələ peşmançılıq yaşayacaq qədər yaşa sahib deyiləm. Lev Tolstoy belə o qərara həyatının ahıl çağlarında gəlib. İnsan yaşayıb görəndən sonra, qocalanda edə bilmədiklərindən çox peşman olur, nəinki gənc olanda. Çünki etməyə zamanın, taqətin olmadıqdan sonra hər nə qədər peşman olursan ol çətin ki bir fayda versin. Peşmançılığı bir növ aysberqin görünməyən tərəfi də adlandıra bilərik. Bəzən peşman olarıq, amma onu bildirməyib, qaldığımız yerdən məqsədimizin arxasınca getməyi bacararıq. Məncə, ən düzgünü də budur. Çünki həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil”.

 

Urfan Muradlı: “Amerika Birləşmiş Ştatları barədə maraqlı bir məqalədə deyilir ki, burada yaşayan insanların həyata bir baxışı var “sky has no limits” yəni səmanın sərhədləri yoxdur, istədiyin qədər yüksəyə qalxa bilərsən. Biz bir çox hallarda ona görə peşman oluruq ki, özümüzə “mən bunu edə bilmərəm”, “bacaramaram” deyirik. Əslində isə kim səhvdən sığortalanıb, kimə ideal həyat söz veriblər? Heç kimə…mən demək olar ki, peşman olmuram, çünki amerikalılar kimi düşünməyə çalışıram”.

 

Tacan Kərimli: “İstənilən halda etməyib peşman olmaq edib peşman olmaqdan daha çox peşmançılıq yaradır insanda. Ancaq arzu olunan nəticə reallığa yaxın olmalıdır ki, atılan addım da peşmançılıq gətirməsin”.

 

Ziyəddin Məmmədov: “Peşman olacağımı bilsəm də edirəm. Başqasının ağlı ilə davranmaqdansa, öz ağlımla peşman olaram. Belə etməsəm, öz həyatımı yox, başqasının həyatını yaşamış olaram”

 

 

Azərbaycanın təhsil sistemində nəyin dəyişməsini istəyərdiniz?

 

Jalə Qaraşzadə: ”Təhsil sistemimizdə rüşvətlə yox, öz savadı hesabına nəyəsə nail olan insanları öncə çəkmək lazımdır. Bu məsələni müsbət yöndə həll edə bilsək, hər şey mükəmməl olacaq”.

 

Sabir Hüseynov: ”İstəyərdim ki, təhsil sistemi əzbərçi sistemdən uzaqlaşsın. Daha çox praktikaya önəm verilsin. Çünki hər hansısa bir mövzunu nə qədər əzbər bilsən belə, həyatda onu tətbiq edə bilmirsənsə, o sənin üçün yararsızdır”.

 

Gülgəz Hacıyeva:” Nə qədər acı səslənsə də, təhsil sistemimiz də dəyişilməli vəziyyətlər çoxdur. Bu gün həddindən artıq problem yaşanır. Elə onlardan biri də qocaman imtahanlardır. Mən düşünürəm ki imtahan uşaqlara qarşı olan güvənsizliyin başlanğıcıdır. Yapon təhsil sistemində hətta 4-cü sinifə qədər imtahan olmur. Amma bizim uşaqlar təhsilə addım atdıqları ilk ildən imtahanlarla qarşı-qarşıya gəlir. Bu uşaqları vaxtından tez stressli həyata, özünə inamsızlığa, həyacana sövq edir. Onlara ilk öncə təhsilsiz olmağın problemini sonra həllini öyrətmək lazımdır ki, təhsilin vacibliyinin fərqinə varsınlar. Sən imtahana hazırlaşmaq üçün yox. savadlı, dünyagörüşlü olmaq üçün oxumalısan! Yəni bir sözlə. imtahanlar vasitəsilə oxumağı məcburiyyətə yox, onu istəyə, məqsədə çevirməyi bacarmalıyıq ki, gələcək nəsillər də imtahan qurbanları olmasın.”

 urfan

Urfan Muradlı: “Çox problematik və çətin məsələ barəsindədir bu sual. Niyə deyə soruşa bilərsiniz? Çünki gəmi irəli getmirsə, problem yalnız yelkənlərdə, lokomativdə və ya hər hansı ayrı bir hissədə deyil. Problem bütün elementlərin uyğunsuzluğundadır. Bizim təhsil sistemində olan problemlər səbəb deyil, başqa səbəblərin nəticəsidir. Qabilin “səhv düşəndə yerimiz” şeiri tam ifadə edir bu durumu. Gələcəyini yalan, haram üzərində yox, doğru üzərində qurmaq istəyən cəmiyyət qurmasaq, gəmimiz getməyəcək. Biz sadəcə onu dartmaq məcburiyyətində qalacayıq”.

 

Tacan Kərimli: ”Kişi müəllimlərin cəlb olunması, orta təhsil müəssisələrin də nəzarətin və mühafizənin gücləndirilməsi, ali təhsil müəssisələrindəki ixtisasa uyğun olmayan fənnlərin çıxarılması, ümumilikdə isə təhsilə daha məsuliyyətli yanaşılması”.

 

Ziyəddin Məmmədov: “Demək olar ki, hər şeyin. Məsələn, avropadakı kurrikulum sisteminin bizdə sadəcə adı var. Müəllimlərin işə qəbulunda az bal yığmış müəllimləri işə götürmək lazım deyil.  Rayonlara az bal yığmış müəllimləri göndərirlər ki, bu da doğru deyil. Ordakılar niyə daha zəif təhsil almalıdır? Məktəblərdəki təcavüzlər artıq faciədən xəbər verir”

 

 

A.S. Puşkinin qənaətinə görə, bütün səhvlərin altında “qürur” yatır”. Bəs sizə görə?

 

Jalə Qaraşzadə: ”Razı deyiləm. Məncə, qürur tamam başqa bir şeydir. Səhvlərimizin altıında qürür yox, ağılsızlıq, düşüncəsizlik “yatır”. Düzgün düşünə bilmirik. Ağıl lazım olan yerdə ağılsızca hərəkət etməyimizin nəticəsində səhvlər etmiş oluruq”.

 

Sabir Hüseynov: ”Razıyam bu fikirlə. Hər şey öz normasında yaxşıdır. Artıq qürur, bir yerdən sonra insanda paxıllıq, kin saxlama və s. pis xasiyyətlərin yaranmasına səbəb olur”.

 

Gülgəz Hacıyeva: ”Bu suala birmənalı cavab vermək çətindir. Məlumdur ki, insan həyatı boyu müxtəlif səhvlərə yol verir. Məncə, səhvlərin yaranması bir neçə səbəbdən törəyir. İnsanlar ya bilmədən, dərk etmədən hətta fərqinə varmadan, ya da yanlış olduğunu bilə-bilə qürurunu əzdirməmək üçün atılan cəhdlərdə səhvlər edirlər. Və bütün bunların altında da elə düşüncəsizlik yatır. Yəni insan bilməyəndə, dərk etməyəndə və qürurunu əzdirməyəndə də düşüncəsizliyin qurbanı olur. Amma yenə də səhvləri bütünləşdirməyin və bu səhvləri törədən bir səbəb axtarmağın özüdə absurddur. Buna görə də çətin ki səhvlər bir səbəbdən törəyə. Ən əsası ətrafınızda olan hər kəsin fikrinə hörmətlə yanaşın, hər kəsi dinləyin və müşahidə edin amma sonda səhv də olsa, qərarı özünüz verməyi bacarın. Səhv etməkdən qorxmamaq lazımdır, çünki səhvlər doğrunu tapmağa kömək edən ən optimal çıxış yoludur. Həm də unutmamaq lazımdır ki, hər söylənilən fikirdən çıxarılan nəticə bizə yeni bir şey öyrənməyə kömək edir”.

 

Urfan Muradlı: “Puşkin psixoloqların “ego” adlandırdığını bədii formada ifadə edirdi. Razıyam bu fikirlə, çünki biz özümüzdə egomuzu çox böyük dəyərləndiririk. Bir çox məsələlərə qiymət verəndə “mən”imizi ön xəttə qoyuruq. Nəticədə səhvlər yaranır. Çünki ego əqillə yox, emosiyalar, hisslər ilə qidalanır. Məşhur Nizami Gəncəvidən bir dəfə dostu soruşur ki, necə olur sən həmişə belə təmkinli və sakit ola bilirsən? Nizami cavab verir ki, mən nə isə etmək istəyəndə, kiməsə açıqlananda, kimdənsə pislik görəndə həmən an heç nə etmirəm, bu badədə düşündüklərimi kağıza yazıb kənara qoyuram. Üç gündən sonra o yazdığımı oxuyuram, əgər o mənə ağlabatan gəlsə, onda icra edirəm. Yox, yazdıqlarımın sadəcə hirsimin təsirinin nəticəsi olduğunu anlayanda vərəqi yox edirəm”.

 Tacan

Tacan Kərimli: ”Qürur xarakter halında formalaşmış bir məfhumdur. Və əgər insanın xarakteri qürurludursa, bu özəlliyi hər bir işinə yansayacaq, yoxdursa, heç bir halda istifadə etməyəcək. Hər şeyin həddindən çox olması ziyan olduğu üçün ifrat qürur da hansısa səhvlərə yol aça bilər”.

 

Ziyəddin Məmmədov: ”Baxır səhv anlayışına. Qürur da ola bilər. Qürurdan ortaya çıxan səhvlər adətən şəxsin özünə çox zərər verir. Bir də var təcrübə qazandıran səhvlər. Məncə, buna səbəb olan riskdi və çox yaxşı bir şeydi. Risk etməsən səhv edə bilmərsən. Səhv etməsən isə düzü tapa bilmərsən”

 

 

Dahi şəxslərdən biri olmaq şansınız olsaydı, kim olmaq istərdiniz və niyə?

 

Jalə Qaraşzadə: ”Bu suala konkret cavab verə bilməyəcəm, çünki dahi şəxsiyyətlər haqqında o qədər də məlumatlı deyiləm”.

Sabir Hüseynov: ”Çox guman ki, bu fikrim bir az eqolu birinin fikri kimi səslənəcək. Mənə şans verilsə də kimsə olmaq istəməzdim. Özüm çalışıram ki, həyatda sırf öz adımla nəyəsə nail olum və yadda qalım”.

 

Gülgəz Hacıyeva: ”Poeziya vurğunu olduğuma görə 2 cahana sığmayan dahi Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsimi olmaq istəyərdim. Onun kimi şeirlər, qəzəllər yazmağı, fikirlər irəli sürməyi çox istəyərdim. Dahi olmaq qəliz cümlələri, dahiyanə fikirləri qəfəslər altında saxlamaq demək deyil. Əsl dahilik o dahiyanə fikirləri insanlara ötürmək, onlara yeniliyi, haqqı, ədaləti əyan etməkdir. Filosof-şair Azərbaycan poeziyasında divan janrının yaradıcısıda belə dahilərimizdəndir. Əbədiyyət üfüqün də doğan bir günəş olmağı kim istəməz ki?! O qədər çox səbəb var ki, Nəsimi kimi bir dahi olmağı istəməkdə. Elə bu səbəblərdə onlardan bir neçəsidir”.

 

Urfan Muradlı:”Dahi şəxs olmaq şansım olsaydı, ya rəssam ya da bəstəkar olardım. Niyə? Çünki onlar adi insanların heç vaxt görə bilməyəcəyi rəngləri görür və duya bilməyəcəyi səsləri eşidir. Mosart deyirdi ki, mən musiqi bəstələmirəm, musiqi dünyasından eşitdiklərimi sadəcə qeyd edirəm. Hətta həyatının sonlarında tam kar olsa belə o musiqi dünyasını eşidirdi. Bu kainatın insana verdiyi lütfdür ki, hər insan buna layiq olmur”.

 

Tacan Kərimli: “Heç kəsə. Məncə, dahilər də hansısa dahiyə bənzəmək istəməyiblər, ona görə hamısı fərqli adda və fərqli tipajdadır. Dahilik bənzərlik yox, öz dəsti-xəttinin sahibi olmaqdır”.

 

Ziyəddin Məmmədov: ”Dostoyevski. Həyat tərzi çox maraqlı olub.

ziko

Yunan filosofu Ezop düşünür ki, dünyada üç fəlakət var: yanğın, dəniz, qadın… Sizcə, dördüncü fəlakət nə ola bilər?

 

Jalə Qaraşzadə: ”Mənim üçün fəlakətin adı beyindir. Düzdür, bu yanaşmam bir az qəribə səslənir, amma beyinin özü bir fəlakətdir, məncə. İnsan beyini hər şeyi yarada və eyni zamanda, hər şeyi məhv edə də bilər”.

 jale

Sabir Hüseynov: ” Yanğının fəlakət olması ilə razıyam. Elə qadının da. Lakin dəniz məncə, fəlakət deyil. Əsas fəlakət paxıllıq hissidir. İnsan paxıl olduqda özü də daxil olmaqla hər kəsə pislik edir. Paxıllıq hissi insanı məhvə aparan xüsusiyyətdir”.

 

Gülgəz Hacıyeva: ”4-cü fəlakətin “intihar” olduğunu düşünürəm. Bu gün dünyanın bir çox ölkəsində, müxtəlif səbəblərdən dolayı intihar halları ilə qarşılaşırıq. Çox təəssüf ki, bu hal gündən-günə kəskin şəkildə artır. Hətta bir ölkənin 16-17 yaşlı gəncinin universitetə girmədiyinə görə intihar etməsindən böyük bir fəlakət ola bilməz. Çünki ölkənin inkişafı, gələcəyi, uğurları onun gənciylə bağlıdır. Necə deyərlər: Gələcək gənclərlə gələcək. Amma bu gün tək gənclər yox orta yaşlı nəsil də intihara meyillidir. İnsan atılan hər yalnış addımda intihara doğru can atmamalıdır. Doğrusu, hətta bəzi dahi insanların belə həyatlarında bir dəfə də olsun intihar haqqında düşünmədiklərini demək yalnış olar. Onlar belə bu haqqda düşünüb, ancaq bu situasiyadan çıxmağı bacarıblar. Həyata qarşı dirəniş göstərmək, əzmkarlıq etməkdə budur. Buna görə də ilk öncə intiharın yaranma səbəblərini araşdırmaq və o səbəbləri məhv etməyə çalışmaq lazımdır ki, dünya bu fəlakətlə qarşı-qarşıya qalmasın”.

 

Urfan Muradlı: “Yunan mədəniyyəti, eləcə də, fəlsəfəsi naturalist mövqeyi ilə seçilirdi. Yəni yaxşı da, pis də təbiətdən gəlir deyə inanırdılar. Məncə, burada 4-cü yox 4 mininci bədbəxtlik də yazmaq olar. Çünki xoşbəxtlik kimi bədbəxtlik də ümumbəşəri anlayışdır. Bizdiyimiz odur ki, xoşbəxtlik və bədbəxtlik var, amma onun kateqoriyaları fərddən asılı olaraq dəyişir. Əgər Ezop olub da bu siyahıya 4 – cü bəndi yaza bilsəm, onda “həyatın uzun olduğu barədə yanılmanı” qeyd edərdim”

 

Tacan Kərimli: ”İnsanı insan edən onun xarakteridir. Əgər fəlakət kimi qadınlar varsa, sözsüz ki, fəlakət kimi kişilər də var. Çünki mən fəlakət olmayan qadınlar görmüşəm.Dördüncü fəlakət də fəlakət kimi kişilərdir (gülür-red).

 

Ziyəddin Məmmədov:  “Ən çox qorxduğum 2 ölüm növü yanaraq ölmək və suda bataraq ölməkdir, çünki çarəsizcə özün öz ölümünü acılar içində izləyirsən. Bunları fəlakət olaraq qəbul etmək olar. Amma qadın mövzusu bir az fərqlidir. İnsanı rəzil edən qadın da ola bilər, vəzir edən qadın da. iki halda da qadının ikincisi fəlakətdir. Yəni əgər insanın həyatında iki qadın varsa, bu artıq fəlakət deməkdir”.

 

Xoşbəxt olmağın iki  yolu var: ya istəklərini azaldacaq, ya da imkanlarınızı məcbur edəcəksiniz – Dostoyevski belə deyir. Sizcə, üçüncü yol hansı ola bilər?

 

Jalə Qaraşzadə: ”Mənim fikirimcə, xoşbəxtlik daha geniş anlayışdır. Dostoyevskinin dedikləri bu məsələni tam əhatə etmir. Məsələn, mən ən kiçik şeylərdən xoşbəxt oluram. Hətta kədərli olduğum vaxtda da xoşbəxt olmaq üçün nəsə tapa bilirəm. Məncə, insanın əlində olanları dəyərləndirməsi kifayətdir”. 

 

Sabir Hüseynov: ”Məncə, üçüncü yol “Həyatda anı yaşamaq”dır. Bir neçə saniyə sonra başımıza nə gələcəyindən heç kəs əmin ola bilməz. Ona görə anı yaşayaraq, əlindəkilərin qədrini bilərək xoşbəxt olmaq mümkündür”.

 

Gülgəz Hacıyeva: ”Ya da yaşadığın an ilə xoşbəxt olmağı bacarmalısan. Çünki xoşbəxt olmaq üçün insan müəyyən bir müddət ərzində istəklərini azalda, imkanlarını məcbur edə bilər. Bu isə xoşbəxtliyin qısamüddətli olmasına səbəb olur. Əgər uzunmüddətli xoşbəxt olmaq istəyiriksə. kiçik şeylərdən də xoşbəxt olmağı bacarmalıyıq. Düzü bunu isə hər insan bacarmır. Və önəmli olan çatmaq deyil yolda olmaqdır. Yəni insan qarşısına qoyduğu məqsədin nəticəsindən asılı olmayaraq, onun üçün addımladığı əziyyətli yolda da xoşbəxt olmağı bacarmalıdır. Unutmamaq lazımdır ki, xoşbəxtlik briz küləkləri kimidir. Ara bir əsib keçir” (gülür-red).

 

Urfan Muradlı:”Dostoyevski maraqlı psixoloji portretə malik bir insan idi. O orta yolu sevmirdi. Ya unudacaqsan ya da əldə edəcəksən deyirdi. Çünki ortada qalmaq olmamaqdır. Amma mən təbiətim etibarilə buddist biriyəm, yəni orta yolu sevirəm. Belə ki, yaradılış etibarilə emosional varlıq olan insan emosiyalarını tam azalda bilmir. İmkanları cəhətdən məhdud olduğu üçün özünü məcbur da edə bilmir. Necə ki, mən Mosart ola bilmərəm. Bunun üçün üçüncü yolu təklif etmək olar – Mosartı dinləyib Mosart olmadığını qəbul etmək, amma onun musiqisini dinləmək imkanına malik olduğun üçün sevinmək”.

 

Tacan Kərimli: “İstəkləri azaldıb yaxud da imkanları çoxaltmaq hansısa məqsəd uğruna atılan addımdır zənnimcə. Xoşbəxt olmaq üçün həyatı olduğu kimi qəbul edib, adaptasiya olmaq lazımdır”.

 

Ziyəddin Məmmədov: ”Kim olduğunu indi xatırlamıram, tarixi şəxslərdən biri deyib ki, nə qədər az insan, bir o qədər az problem. İnsan olduğu yerdə mübarizə olur ki, mübarizə olan yerdə də xoşbəxtlik az olur.  İnsan mübarizə aparacaqsa, kiməsə görə yox, özünə görə etməlidir”

 

Tural Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir