1495482690_gg

Süddə qan kütləsi görüldüyü zaman nə etməli? – Mammoloq-radioloqdan gənc analara MƏSLƏHƏT

Baxış sayı: 1. 741

Son vaxtlar süddə qan kütləsinin görülməsi gənc analarda bir çox sualların meydana çıxmasına səbəb olur. Bu qan haradandır? Belə süd uşağa ziyandırmı? Əgər bu qan deyilsə, bəs nədir?

Bu kimi suallarla ATU-nun Tədris Terapevtik Klinikasının aparıcı həkimi, mammoloq-radioloq Günel Qəmbərovaya müraciət etdik.

Həkimin sözlərinə görə, süd verən qadınların 15%-nin südündə qan görünə bilər: “Bu həm ilkin ana südündə (“molozivo”), həm də xalis əsl süddə mövcud ola bilər. Daha çox hallarda ilk dəfə süd verən xanımlarda uşağı sinəyə düzgün tutmadıqda, xəbərsiz də olsa vəzi travmasından qana rast gəlinə bilər. Qanlı südü uşaq qəbul edəndə çox hıçqırır və bəzən isə qaytarır. Təbii ki, bu zaman ana həyəcanlanır və ona elə gəlir ki, uşaq “qan qaytarıb”. Bu o zaman baş verir ki, uşaq ana südü ilə qan qəbul edib və bu qan mədədə “tikə, çöp” reaksiyası verərərək, nəticədə uşağın qaytarmasına səbəb olur. Hər iki halda təlaşa ehtiyac yoxdur, körpə az miqdarda ana südü ilə qan qəbul edibsə, bu, qorxulu deyil”.

G.Qəmbərova onu da bildirib ki, əgər süddə mütəmadi qan görülərsə, mütləq səbəbi araşdırılmalıdır: “Bu, müxətlif səbəblərdən qaynaqlana bilər. Həmçinin bu o deməkdir ki, seçdiyimiz alqoritmik hərəkət də fərqli ola bilər. İlk öncə süd vəzi giləsində çat, areolada travmatik izlər axtarmaq vacibdir. Eyni zamanda bu hal mexaniki səbəbdən, molokootsosdan(süd çəkən cihaz) düzgün istifadə etməyəndə və əllə süd sağmaqdan döşün zərbə almasından, gilənin çox intensiv təzyiqlə xaricə çıxartmaq cəhdindən də baş verə bilər”.

“Bəs belə olan halda gənc analar nə kimi tədbirlər görməlidir” sualına mammoloq-radioloq belə cavab verib: “Mümkün qədər travmanın səbəbi aradan qaldırılmalıdır. Həmçinin süd verməni davam etdirmək və süd normal süd rəngini alanaqədər gözləmək. Bəzən erkən laktogenez dövründə, hamiləliyin 4-cü ayından etibarən süddə qan görülə bilər. Bu zaman yenədə süd verilməsinə davam etmək, mövcud vəziyyətin ən azı 3-7 günə qədər düzələcəyini gözləmək lazımdır”.

Həkim qeyd edib ki, əgər süd vəzindən qan bir həftədən çox gələrsə, bu zaman mütləq həkimə müraciət olunmalıdır: “Çünki, bəzi hallarda axacaqdaxili polip olduqda, belə dəyişikliklər analarda görülür. Polip axacaqda yaranan xoşxassəli düyündür və süd vəzidə heç bir şişkinlik, ya da ağrı əmələ gətirmir. Bu zaman qan hətta öz-özünə də dayana bilər. Amma unutmamaq lazımdır ki, həkim nəzarəti mütləqdir. Sitoloji analiz və USM müayinəsinin aparılması şübhələrin azalmasına gətirib çıxarır.

Gilədən hər hansı bir ifrazat qanlı şəkildə gəlirsə, qeyri laktogen dövrdə dəqiq müayinə aparılması mütləqdir. USM və sitoanalizlə birgə, Duktoqrafiya müayinəsi də aparılmalıdır. Bu zaman axacaqdaxili yeritdiyimizi kontrast maddə çox zaman müalicəvi xarakter də daşıyır və ifrazatı dayandırmış olur. Papilloma cərrahi yolla azad olunur. Əməliyyata qədərsə, süd verilməsi davam etdirilməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir