menzil

Tələbələrin kirayə mənzil problemi – Hamı veriləcək qərarı gözləyir

Baxış sayı: 185

Yeni tədris ilindən orta məktəblər kimi ali təhsil müəssisələrində də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı qərar verilmədiyindən tələbələr indiyədək kirayə ev tutmaqla bağlı tərəddüd edirlər. Valideynlər və tələbələr ali və orta ixtisas müəssisələrində dərslərin əyani təşkili ilə bağlı qərar veriləcəyi təqdirdə paytaxtda kirayə ev tapa bilməyəcəklərindən narahatdırlar.

 

Tələbələr çarəsiz durumda

Bakı Slavyan Universitetinin tələbəsi Şamama Bəxtiyarlı da yüzlərlə belə tələbədən biridir. O, Ağcabədidə yaşadığından Bakıda təhsil aldığı müddətdə kirayədə qalıb. Pandemiya səbəbindən təhsilini onlayn davam etdirən tələbə hazırda paytaxtda mənzil kirayələyib-kirayələməyəcəyini bilmir. Çünki ali təhsil müəssisələrində dərslərin hansı formada davam edəcəyi barədə qərar verilməyib:

“Bizdən ancaq koronavirus əleyhinə peyvənd vurdurub-vurdurmadığımızı soruşublar. Dərslərin hansı formada keçiriləcəyi ilə bağlı isə heç kəsə bir söz deyilməyib. Ona görə də Bakıda kirayədə qalan tələbələr veriləcək qərarı gözləyirlər”.

 

Qərar vaxtında açıqlanmalıdır ki…

Yaranmış bu qeyri-müəyyənlik kirayə mənzil bazarına da təsirsiz ötüşməyib. Əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, ali təhsil müəssisələrində dərslərin onlayn yox, əyani olacağı ilə bağlı məlumat tədrisin başlamasına 3-5 gün qalmış verilərsə, bu, tələbələr üçün ciddi problem olacaq:

elnur ferzeliyev

“Yeni dərs ili başlayanda paytaxta gələn tələbələrin sayının on minlərlə olduğunu, həmçinin Bakı şəhərində ucuz kirayə mənzillər məhdud sayda olduğunu nəzərə alsaq, tələbələrin problem yaşayacağı qaçılmazdır. Ona görə də əlaqədar qurumlar bilməlidir ki, tələbə vaxtında gəlib ev tutmalıdır. Amma artıq bir çox tələbə kirayə pulunu belə, verib. Əgər dərslər onlayn olarsa, tələbənin ev üçün ödədiyi pul, gəlib-qayıtmaq üçün yol xərci də hədər gedəcək.

Məsələnin digər tərəfi də odur ki, mənzilini kirayə verən ev sahibləri də düşünürlər ki, əgər bu gün evi tələbəyə versə və o tələbə sabah çıxıb rayona getsə, evi boş qalacaq. Bu baxımdan bir çox ev sahibi tələbəyə ev vermək istəmir. Daha uzun müddət qalması üçün əsasən ailəli şəxslərə üstünlük verilir. Konkret olaraq, bu problem kökündən həll olunmalı, dərslərin əyani olub-olmayacağı ilə bağlı tez bir zamanda məlumat verməlidirlər”.

 

Tələbələrə ev kirayə verənlərin özləri kirayədə qalır

E.Fərzəliyev bildirir ki, paytaxtda tələbələrin ən çox kirayə qaldıqları yerlər Yasamal və Nərimanov rayonlarıdır. Çünki burada təhsil müəssisələrinin sayı digər rayonlarla müqayisədə daha çoxdur: “Bu gün Bakıda birotaqlı mənzillərin kirayə qiyməti 250-300, maksimum 350 manat arasında dəyişir. 350 manat olanların çoxu da sonradan ikiotaqlıya çevrilən evlərdir. İkiotaqlı mənzillərin qiyməti 350-450 manatdır.

İllərdir ki, qiymətlər stabil olaraq qalıb. Bu il də artacağı gözlənilmir. Lakin zamanla şəhərdə ucuz kirayə mənzillər qalmayacaq. Çünki köhnə tikililər sürətlə yeniləri ilə əvəzlənir. İstismar müddətini bitirmiş binaların yerində yeni binalar tikilib və oradakı kirayə mənzillər də bazardan çıxır. Orada yaşayan insanlar da bina tikilib qurtarana qədər yaxın ərazidə kirayə ev götürürlər və beləcə kirayə evlərdə qıtlıq yaranır”.

 

Yeni binalarda kirayə evlər tələbələr üçün əlçatan deyil

Ekspert deyir ki, yeni binalarda isə kirayə evlərin qiyməti tələbələr üçün əlçatan deyil: “Xüsusən paytaxt Bakıda yeni tikili binalar və digər tikili obyektlərdə qiymətlərin baha olmasının ən başlıca səbəbi torpaq sahələrinin baha olmasıdır. Bu özünü kirayə mənzil bazarında da göstərir. Yeni tikililərdə kirayə mənzillərin qiyməti ən yaxşı halda 550-700 manat arasında dəyişir. Bu isə tələbələrin büdcəsinə uyğun deyil”.

E.Fərzəliyev bildirir ki, sovet dövründən qalmış tələbə yataqxanaları artıq istismar müddətini çoxdan bitirib və yaşayış üçün yararsızdır. Lakin onların yerləşdiyi ərazilər və yataqxanalara məxsus olan torpaq sahələri tikinti normativlərinə uyğun yeni hündürmərtəbəli yataqxanaların tikilməsinə imkan verir:

“Bu gün tələbələr üçün yeni hündürmərtəbəli, tam təmirli yataqxanalar tikmək, şəhərciklər salmaq və onları tələbələrə minimal qiymətlə icarəyə vermək həm tələbələrin yataqxana problemini aradan qaldırmış olar, həm də onu tikdirən təhsil müəssisələrinə hər ay külli miqdarda gəlir gətirmiş olar”.

menzil

Yataqxanalar da veriləcək qərarı gözləyir

Qeyd edək ki, Bakı Dövlət Universiteti Bakıda Yasamal rayonu Mətbuat prospektində yeni tələbə yataqxanası inşa edib. Amma oraya tələbələrin hansı şərtlərlə qəbul ediləcəyi məlum deyil. BDU-dan sorğumuza cavabda bildirdilər ki, Tələbə Evinə ərizə qəbulu aparılsa da, yeni tədris ilindən dərslərin hansı formada keçiriləcəyi barədə qərar elan olunmadığından, tələbələrə yataqxanalara qəbul qaydaları açıqlanmır:

“Tələbələr Tələbə Evində qalmaq üçün bizə ərizə ilə müraciət etməlidir. Bu zaman sosial vəziyyəti barədə ətraflı məlumat bildirməlidir. Amma tələbələrin hansı şərtlərlə və nə qədər ödənişlə yataqxanada qalacağı barədə məlumat tədris ilinin hansı formada keçiriləcəyi barədə qərardan sonra açıqlanacaq. Tədrisin forması hələ açıqlanmadığından, yataqxanada qalma şərtləri müəyyən olunmayıb”.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir