bilik gunu

“Tənəffüsdə çölə çıxma!”, “Oyun oynamaq bitdi” – Valideynlərin birincilərlə bağlı SƏHVLƏRİ

Baxış sayı: 1. 770
Bu gün həyəcan və qayğı dolu yeni dərs ili başladı. Məktəbə ilk dəfə qədəm qoyacaq birincilər isə daha həyəcanlıdırlar. Uşaqlarda məktəb, dərs kimi anlayışlara qarşı neqativ fikrin yaranmasının qarşısını almaq və onlarda həyatlarında yeni mərhələ olan məktəbə sevgi, dərsə həvəsin necə yaradılmasına dair tövsiyə və məsləhət üçün ASAN xidmətin nəzdində fəaliyyət göstərən Uşaq psixo-sosial inkişaf mərkəzinin icraçı direktoru, psixoloq İlahə Dadaşovaya müraciət etdik:

–       İlahə xanım uşaqları məktəbə, yeni fəaliyyət növünə necə hazırlamaq lazımdır?

–       Bu mərhələ əsasən məktəbəqədər hazırlıq kurslarından başlayır. Uşaq məhz bu kurslarda məktəbin, kitabın, dərsin və ümumilikdə dərs prosesinin nə olduğunu öyrənir. Uşağın bu dövrə qədər fəaliyyəti yalnız oyun idi, bu məqamda isə oyundan dərsə keçid dövrünü yaşamalı olur, valideynlərin borcu bu keçidi mümkün qədər yumşaq etməkdir. Əgər uşaq məktəbdən gələn kimi ondan dərslərini hazırlamaq tələb edilərsə, onda məktəbə qarşı qorxunun yaranması təbii haldır. Uşaqdan birdən-birə oyunu buraxmasını tələb etmək doğru deyil. Valideynlərin əsas səhvlərindən biri də uşaqlara tənəffüs zamanı sinifdən çıxmamağı tapşırmaqdır. Uşaqlara qəti şəkildə tənəffüsdə “qaçma”, “oynama” deməyin. Axı bu tənəffüsün təyinatı məhz dərsə ara vermək üçündür, uşaq dərs boyu içində yığılan enerjini sərf etməlidir. Belə qadağalar uşaqlarda məktəbə qarşı neqativ fikir yardır. Çünki onun düşüncəsində məktəb onun azadlığını əlindən alır. Uşaqlar arasında ünsiyyətin qurulması üçün də tənəffüsün böyük rolu var. Ona görə də uşaqlara belə qadağalar qoymayın!

 

–       Bəs məktəbə qədər hazırlığa getməyən uşaqlar?

–       Uşaqlar hazırlığa getməsələr də evdə hər halda oyun oynayıblar, əsas məsələ bu oyun prosesini dayandırmamaqdır. Yəni uşağı alışdığı həyatdan, rejimdən sərt şəkildə ayırmaq olmaz. Dərs hazırlamaq və oyun oynamaq mütləq növbəli şəkildə olmalıdır, bu həm də uşaqda nizam-intizam vərdişi yaradır. Belə ki, əgər uşaq yarım saat dərs edirsə, yarım saat da oynamalıdır. Bir şeyi də qeyd edim, mütləq və mütləq uşağa dərslərarası oyun barədə verdiyiniz sözü tutun. Uşaq anlayacaq ki, oyundan, gündəlik rejimindən uzaqlaşmayıb. Bu oyun bir qədər fərqli olsa da davam edir. Bu oyunda yeni şeylər öyrəniləcək, yeni biliklər qazanılacaq.

 

–       Uşağa verilən tapşırıqları yerinə yetirmək, ümumiyyətlə məsuliyyətli olmağı necə aşılamaq lazımdır?

–       Onun təxəyyülündən istifadə edərək. İlk növbədə onda niyə oxumalıdır, niyə öyrənməlidir anlayışı yaratmaq lazımdır. Hər bir uşağın öz qəhrəmanı olur. Bu qəhrəmanın nümunəsində, həmin adamın nailiyyətlərinə əsaslanaraq uşağı yönləndirmək olar. Təbii ki, bu qəhrəman müsbət qəhrəmandırsa.

Fikir verin uşaq bağçaları, hazırlıq kurslarının otaqları şəkillərlə bəzədilir. Amma bu şəkillər xüsusi seçilməlidir, öyrədici olmalıdır. Yəni cizgi filmi qəhrəmanlarının şəkilləri, artıq rəqəm və hərf şəkilləri ilə əvəz edilməlidir. Məsələn, sayı öyrənərkən sevimli oyuncaq və ya meyvələrin, hərfləri isə maraqlı şəkillər vasitəsilə öyrətmək lazımdır.

 

–          Dərs ilinin başlanması ilə uşaqlar fərqli rejimə keçəcəklər. Onların dərslərində müvəffəqiyyətli olmaları üçün həkim-psixoloq kimi hansı optimal gündəlik rejimi tövsiyə edərdiniz?

–          İlk növbədə qeyd edim ki, yuxu rejimini pozmaq olmaz. Əgər məktəbə gedənə qədər uşağınızın yuxu rejimi yox idisə, yəni istədiyi vaxt yatır, istədiyi vaxt oyanırdısa, məktəbə getməyə başladıqdan sonra bu vərdiş mütləq şəkildə yaradılmalıdır. Çünki uşaqlarda beyin artıq məntiqi və bacarıqlar əldə etmək üzrə fəaliyyət rejiminə keçir. Birinci növbədə oxuyan uşaqları dərsə bir saat qalmış oyatmaq lazımdır ki, dərsdə yarıyuxulu olmasınlar.

 

–          Bəzi valideynlər ikinci növbədə oxuyan uşaqların gec yatmasına icazə verirlər…

–          Əsla! Uşaq ikinci növbədə oxusa belə, mütləq hər gün eyni vaxtda yatıb, eyni vaxtda oyanmağa alışmalıdır. Yenə təkrar  edirəm, bu, onun artıq zehni fəaliyyətə başlaması ilə əlaqədardır. İbtidai sinif şagirdlərinin yuxu rejimi mütləq valideyn tərəfindən tənzimlənməlidir. Əsas məsələlərdən biri də dərs oxuma prosesidir. Dərsdən gələn kimi uşağı dərs oxumağa məcbur etmək, uşağın beynini yükləmək, yormaq olmaz. Dərsdən gəldikdən sonra bir saat istirahət etməlidir.  Daha sonra fiziki və zehni enerjinin tarazlığı üçün növbəli şəkildə oyun və tapşırıqların yerinə yetirilməsi prosesi başlanır. Və sonuncu qızıl qayda axşam saatları uşağın beyninin ən yorğun vaxtıdır , o saata dərs saxlamaq olmaz!  (Medicina.az )




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir