aile

Tərbiyəli uşaq yetişdirmək üçün valideynlər necə davranmalıdırlar?

Baxış sayı: 214
Məşhur pedaqoq C.G.Salzman araşdırma aparmaq üçün çəmənliyə çıxdığı günlərdən birində, daşlar arasında Günəş şüasını qəbul edən xərçənglər görür. Böyük olan ata və ya ana xərçəng idi, yanında da iki bala xərçəng vardı. Salzmanı görən böyük xərçəng, arxa-arxaya gedərək oradan uzaqlaşmağa çalışır. Bala xərçənglər də bu hərəkəti təqlid edərək onun arxasınca gedirlər. Bu hadisədən sonra Salzmanın beynində yeni fikir oyanır: “Uşaqlar ata və analarından gördükləri şeyləri təqlid edir və nəticədə onlara bənzəyirlər”.
 
Bizdə də bu hadisəni təsdiqləyən “Uşaq ailənin güzgüsüdür” atalar sözü var. Təsadüfi deyil ki, istər məktəbdə, istərsə də universitetdə uşaq hər hansı pis hərəkət edəndə onun valideynləri qınanır, “bunun valideyni hara baxır” kimi sözlər işlədilir. Çünki ailənin özünün tərbiyəsi, yaşayış tərzi, mədəniyyətinin nəticələri uşaqlarda əks olunur. Salzmanın da dediyi kimi, uşaqlar valideynlərindən gördüklərini təqlid edərək böyüyürlər. Bəs cəmiyyətə yararlı, tərbiyəli uşaq yetişdirmək üçün nə etmək lazımdır?
 
 
Valideyn uşaq yetişdirərkən nələrə diqqət etməlidir?
 
Psixoloq Hüseyn Xəlilov bizimlə söhbətində uşaq tərbiyəsində diqqət edilməli olan əsas məqamlardan danışdı. Onun sözlərinə görə, ailədə uşağa verilən tərbiyə ata-ana arasında olan ünsiyyətdən, səmimiyyətdən, nəvazişdən, mədəniyyətdən, ülfətdən asılıdır: “El arasında belə fikir var ki, uşağın tərbiyəsi ilə ana məşğul olmalıdır, ata isə qazanıb evə çörək gətirməlidir. Bu, tamamilə səhv fikirdir. İstər ana, istərsə də ata uşağın tərbiyəsində eyni səviyyədə məsuliyyət daşıyır”.
 
 
İlk tərbiyə ana bətnindən başlayır
 
Psixoloq bildirdi ki, uşağın ilk tərbiyəsi ana bətnindən başlayır: “Fizioloji nöqteyi-nəzərdən uşağın psixikası ana bətnində beş aydan sonra formalaşmağa başlayır. Bu o deməkdir ki, ana hamiləlik dövründə, xüsusilə beş aydan sonra hərəkətlərinə, danışığına, ailə münasibətlərinə daha çox diqqət etməlidir. Çünki ananın yaşadığı həyat, keçirdiyi hisslər uşağa ana bətni vasitəsilə ötürülür. Araşdırmalar onu göstərir ki, ana hamiləlik dövründə ağlayarsa, uşaq da ana bətnində ağlamış olur, gülərsə uşaq da gülür. Bu səbəbdən hamiləlik dövrü uşağın gələcək tərbiyəsində mühüm rol oynayır. Uşaq dünyaya gəldikdən sonra isə ona olan diqqət-qayğı onun həm sağlamlığına, həm də inkişafına yaxşı təsir göstərir. Beş-altı yaşlarda məktəbəqədər yaş dövrü olduğuna görə uşağa göstərilən diqqət daha çox artır”.
 
Uşaqlara tətbiq edilən cəza metodlarından danışan psixoloq valideynlərin uşaqların düşüncələrində ikitirəlik yaratdığını vurğuladı: “Valideyn uşaq tərbiyə edərkən xüsusilə uşağın psixikasında ikitirəlik yaratmamalıdır. Uşağın psixikasında ikitirəliyi formalaşdıran ünsürlər əsasən ailədən gəlir. Məsələn, ana uşağı danlayırsa, ata nazlamamalıdır və yaxud əksinə. Hər ikisi cəza növlərini eyni dərəcədə tətbiq etməlidir. Uşaq bilsin ki, valideynlər onun bu hərəkətindən narazı qalıb. Psixoloqlar belə qənaətə gəliblər ki, uşaqlar beş yaşına qədər ömürlərinin 50-60 faizini yaşamış olurlar. Yəni uşaq 5 yaşına qədər ailədə gedən bütün prosesləri şüuraltı olaraq yadında saxlayır. Bu yaşdan sonra uşaq öyrəndiklərini yavaş-yavaş tətbiq etməyə başlayır. Bundan sonra ailədə uşağa qarşı ciddi qadağalar qoyulmağa başlayır. Amma valideyn bilməlidir ki, uşaq onlardan gördüklərini təqlid edir”.
 
 
Oğlanla qızşa verilən fərqli tərbiyə
 
Son zamanlar uşaq böyütməklə bağlı türk alimlərinin apardıqları araşdırmalar bütün valideynləri çaşdırıb. Belə ki, onların sözlərinə görə, qız uşaqları ilə oğlan uşaqlarının tərbiyə edilməsində mühüm fərqlər var. Onların apardıqları araşdırmalar sübut edir ki, qız uşaqlarının nəzarətə alınıb izlənilməsi onda olan problemli davranışları həll etdiyi halda, bu üsul oğlan uşaqlarına tətbiq edildikdə, daha ciddi problemlərə gətirib çıxarır. Həmçinin valideynlərin şikayət etdiyi əsas məqamlardan biri qızların oğlan kimi, oğlanların isə qız kimi böyüdülməsidir. Bu problemdən narahat olan valideyn Aynur xanım bunun səbəbinin nədə olduğunu bilmir. Onun sözlərinə görə, oğlundan 2 yaş kiçik qızı evdə hər şeyi sərbəst elədiyi halda, oğlu heç bir otağa tək gedə, yanında adam olmadan yata bilmir: “Bu vəziyyət məni çox narahat edir. Evdə hər ikisinə eyni tərbiyə verilib, lakin oğlum qızıma nisbətən qorxaq böyüyür”.
Bu məsələyə münasibət bildirən psixoloq da türk alimlərinin fikirlərini təsdiqlədi və bildirdi ki, qız uşağı ilə oğlan uşağına verilən tərbiyədə çox böyük fərqlər var. Valideyn oğlan uşağına tərbiyə verən zaman uşaqda qıza məxsus xüsusiyyətləri aradan götürməlidir. Xüsusilə oyuncaqların seçilməsində diqqətli olmalıdır, yaxud elə nağıl danışmalıdır ki, o, uşaqda cəsarəti, güvəni, fədakarlığı formalaşdırsın. Oğlanların qız kimi böyüməyi çox vaxt ondan irəli gəlir ki, uşağın tərbiyəsi ilə ana məşğul olur, ata uşaqla çox az vaxt keçirir. Bu zaman ana özündən asılı olmadan uşağı özü kimi tərbiyə edir: “Xüsusilə, ataya bağlı olan qız uşaqlarına fikir versək görərik ki, həmin qız daha cəsarətli, qorxmaz, mərd olur. Çünki ata uşağı nazlayan zaman özündən asılı olmadan uşaqda güvən, güc yaradır. Bu, qız-oğlan tərbiyəsində çox önəmli faktordur. Ata anadan fərqli olaraq uşaqda qorxmazlığı, cəsarətliliyi, fədakarlığı şüuraltı olaraq formalaşdıra bilir”.
 
Valideynin üzərində olan ən böyük öhdəlik cəmiyyətə xeyirli, vətənə faydalı övladlar yetişdirməkdir. Yuxarıda sitat gətirdiyimiz məşhur pedaqoq Salzmanın belə bir fikri də var: “Yaxşı uşaq yetişdirmək xəzinələr dolusu sərvətdən daha xeyirlidir. Çünki bunlar yaşayan xəzinələrdir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir