10410157_10152675408067445_6159573227606554244_n

Təbii doğuş, yoxsa…? – Klassik suala cavab axtararkən – RƏŞAD SULTAN yazır

Baxış sayı: 7. 198

Bu dəfə ictimai-siyasi mövzularda üləmalıq etməyib, öz sahəmdən yazacağam – ginekologiyadan, daha dəqiq desək, doğuşdan. Əlbəttə, elmi söhbətlər, tibbi terminlərlə oxucunu yormaq fikrim yoxdur. Demək olar ki, hər məclisdə bizə verilən o suala aydınlıq gətirməkdi məqsədim – doktor, normal doğuş, yoxsa keysəriyyə?
Bu məslənin də tibbi tərəflərindən çox psixoloji və sosial məqamlarını diqqət mərkəzinə gətirmək istərdim.
Amma yenə də bir neçə kəlmə tibbi izahat verək. Əvvəla, bu müqayisədə söhbət istəyə bağlı, yəni xəstənin heç bir tibbi göstəriş olmadan öz istəyi ilə keysəriyyə olmasından gedir. Yoxsa ki, tibbi göstərişlərlə edilən keysəriyyə əlbəttə ki, edilməlidir. Belə ki, tibbi göstərişlərlə keysəriyyə doğuşda ananın və ya dölün həyatı üçün təhlükə yarandıqda edilir, təbii yolla doğuş hər hansı səbəbdən mümkün olmadıqda həyata keçirilir. Elə söhbət açılmışkən qeyd edək ki, tibbi göstəriş varkən keysəriyyədən imtina edib normal doğuşda təkid etmək, əlbəttə ki, həkim baxımından tibbi səhv, pasient baxımından da özünə və ya övladına qəsd deməkdir.
Yaxşı, bəs tibbi baxımdan niyə normal doğuş daha məsləhətlidir. Yenə də bir haşiyə çıxıb deyim ki, döl üçün ideala yaxın metod keysəriyyədir. Normal doğuşda həmişə döl üçün müəyyən risklər vardır və normal doğuş daha məsləhətlidir deyərkən, döl üçün yox, məhz ana üçün riskinin az olduğu nəzərdə tutulur.
Bir məsələyə də aydınlıq gətirək – tibbdə risk anlayışı nə deməkdir. Hər tibbi prosedura və ya müdaxilə insan sağlamlığı ilə əlaqədar müəyyən risklər daşıyır. Yəni qaş düzəldirkən, həmişə göz çıxarmaq ehtimalı vardır. Hər tibbi müdaxilənin sırf özünə məxsus olan riskləri vardır. Doğuş və keysəriyyə də o cümlədən. Məsələn, qanaxma, infeksiya, damarı laxta tıxaması və s. Həmçinin, uzaq nəticələri, sonrakı hamiləliklərin və doğuşların gedişatına da təsiri də nəzərə alınır. Dövlətlərin tibbi sığortaya külli miqdar vəsait xərclədiyi bu dövrdə tibbi proseduraları müqayisə edərkən tibbi xərclər də risklərin içində hesablanır. Beləliklə, həm yaxın və uzaq tibbi risklər, həm xərclənən vəsait nəzərə alınanda təbii doğuş keysəriyyədən daha məsləhətlidir.

 

Bəs niyə son dövrdə keysəriyyələrin sayı artır?

Pasientin keysəriyyə istəməyini anlamaq olar – ağrıdan qorxu. Bəs həkimlər niyə doğuşdan qaçır. Burda təşkilati, sosial, psixoloji məqamlar rol oynayır.
1. Hüquq sistemi – normal doğuşda döl üçün risklər daha çoxdur, doğuşun gedişində oksigensiz qalmaqdan və bunun verdiyi qüsurlardan tutmuş ta ki, dölün ölümünədək. Bu risklərdən və sonradan xəstə şikayətlərindən özünü sığortalamaq istəyən həkim keysəriyyəyə meyl edir.
2. Səhiyyə sistemi – gecənin ortasında pasientinin sancısı tutan həkim gecə səhərədək onun başında doğmağını gözləməli olur. Halbuki, keysəriyyə cəmi yarım saat çəkir.
3. Xəstə yaxınlarının təzyiqi – yarım saatda bir həkimə zəng edib xəstə üçün narahat olan yaxınlar istəmədən və bilmədən həkimin onlardan yaxa qurtarmaq üçün keysəriyyə etməsinə səbəb olurlar.
Deməli, doğuş sayını artırmaq üçün bu səbəblər konteksində hadisəyə baxmaq və əl gəzdirmək lazımdır.
Ya da bir başqa bucaq altında məsələyə baxaraq, insanın təkamülünün bir parçası kimi keysəriyyəni qəbul edib, 2-3 dəfədən artıq olmamaq şərtilə, əməliyyatla azad olmağa üstünlük vermək, bu mübahisələri bu şəkildə sonlandırmaq olar.
Hüquq və səhiyyənin təşkilati məsələləri daha fərqli instansiyalarda həll olunur və o qədər də asan deyil. Amma işin psixoloji tərəflərinə diqqət yetirib demək istərdim ki, xəstə yaxınları daha səbrli olmaqla xəstələrinin işini asanlaşdıra bilərlər. Ya da, əksinə, həkimə təzyiq etmək, tez-tez zəng etmək, sual verməklə keysəriyyə ehtimalını artıra bilərlər. Bunları yazmaqda məqsədim odur ki, mövzu nə olursa olsun, bir problemin həllində əgər o problemin içində insan varsa, mütləq o insanın psixologiyasını nəzərə almaq lazımdır. Sadəcə tənqid etməklə, qınamaqla, qadağa və ya cəzalarla nəyəsə nail olmaq qeyri-mümkündür. Doğuş məsələsində də pasientin psixoloji durumu ilə yanaşı onun yaxınlarının, digər tərəfdən də, həm də həkimin baxımından problemə yanaşılmalıdır.
Yekunda bütün hamilələrə həkimlərinə güvənməyi, ya da başqa cür desək, güvəndikləri həkimə getməyi məsləhət görürəm. Bu uzun prosesə həkimin doğuşu qəbul etməsi kimi yox, həkimlə pasientin ortaq, birlikdə bir çalışması kimi baxmağı tövsiyə edirəm.
Bütün analara rahat doğuş arzusu ilə…

Ginekoloq Rəşad Sultan




1 şərh “Təbii doğuş, yoxsa…? – Klassik suala cavab axtararkən – RƏŞAD SULTAN yazır

Tural ginekoloq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir