Efsane-Rustemova-176x400

“Təcavüz günah deyil” – “NATAMAM”

Baxış sayı: 1. 434

Saçlarını kəsdirmisən, gözəl olmusan-deyə sözə mən başladım bu dəfə.. O yenə də öz susqun və qapalı halını qoruyurdu. Hekayəsindən bilirəm ki, zorla gətiriblər onu buraya. Ona görə onun qəlbinə yol tapmağa davam edirəm.

-Kim kəsdi saçını? Belə daha gənc görünürsən, yaraşıb.

Gördüm ki, cümlədəki feil onun xoşuna gəlmədi. Bir az da davam etsəm gərginləşəck və aqressivləşəcəkdi. Bəlkə onda qusacaq öz kinini mənə və beləcə öz qaranlığına bir pəncərə açacaq deyə danışmağa davam etdim. Az keçmiş əliylə saçlarını yolarcasına geri çəkdi. Məmnun deyildi ya yeni vizualından, ya da ruh halından. Sonra nəhayət ki, dodağının altında da olsa mızıldanmağa başladı.

-Saçımı o qədər yolmuşam ki, ucları topalanmışdı. Daraya bilməyib kəsdilər. Guya bundan sonra nə mənası var saçım oldu ya olmadı! Kül o saçın başına ki, bundan sonra uzana.

Bir saat boyunca bundan daha çox cümlə qurmadı. “BUNDAN SONRA”… Nədən sonra axı?! Nədir içində tüğyana səbəb olan, çanağına çatan saçlarını yolub-kəsib atan. Nə yaşamış ola bilər axı 26 yaşlı gənc bir qız?! Və niyə danışmır? Bu günə qədər onu dinləyən olmayıb deyəmi susur, ya özünü günahkarmı hiss edir? Hansı günah insana özünə qarğış etməyə səbəb ola bilər ki.. (Mən danışdıqca nəfəs tempi dəyişir.) Bəlkə də sənin özünə rəva bilmədiyin bu hadisə heç sənin günahın deyil. Bəlkə məsələyə elə yerdən baxa bilərik ki, doğurdan da sən günahsız olarsan. Sənə kömək etməyə mənə icazə ver. Sənə söz verirəm, kömək edə bilməsəm, aramızda qalacaq.

Ağlına batırdı sanki dediklərim. Deməli, danışmaq istəyir, sadəcə dinləyən olmayıb onu bu günə kimi. Zarafat deyil, 5 ildi susur bu qız. 5 ildi kiçik nidalar xaric heç danışmayır. 10 seansda bircə keçən dəfə əlimin üstün dişləyərək mənə bağıranda səsini eşitdim, bir də indi. Deməli, doğru yerdəyəm. Bəlkə də risk edib özüm birbaşa sual verərək danışdırmalıyam onu. Mən də insanam, yanılmış da ola bilərəm. Amma mən bu ruh halını tanıyıram axı. Bir qadın hələm-hələm bu hala düşməz..

“Neçə gün qan gəldi səndən?”

Gözü bərələrək baxdı mənə. Bütün günahlarından xəbərim varmış kimi. Düşmən kimi. Qorxaraq. Əlbir kimi.

Tez davam elədim, ilk münasibətdə adətən belə olur-deyə.

-Bu münasibət deyildi!! O məni məcbur elədi! Mən ona qarşı heç vaxt belə düşünməmişəm, axı necə düşünə bilərdim?! O mənim doğmaca (deyib udqundu.)

Yanılmadığıma sevinsəm mi, hadisəyə təəssüflənsəmmi bilmədim. Amma adamın kimliyin niyə demədi?! Ensest münasibət olub onu anladım. Amma kim?! 5 ildir susursa, deməli hər gün yenilənir travması, deməli mütəmadi gördüyü biridir. Birinci dərəcəli yaxınlarına nəzər yetirmək lazımdır.

Əlbəttə, xoş olmayan bir hadisədir yaşadığın, bütün həyatına təsir edəcək qədər böyük bir hadisədir. Əclaflıqdır. Sənin rızan olmadan sənə toxunulması qədər xoş olmayan bir şey yoxdur dünyada. (Mən belə dedikcə onu anlayan birinin olduğunu görüb içindən ağlayırdı. səsinin eşidilməsini istəmirdi hətta bu halda da.)

Bütün sözləri ard-arda düzsəm də faydası olmayacaqdı. Onu ancaq mərhəmətli bir cəmiyyət çıxara bilərdi bu durumun içindən. Bəkarət güdməyən, əxlaq anlayışı dayaz olmayan bir cəmiyyət. Biz isə əlimizdə olanlarla vəziyyəti idarə etməli idik.

Gələn dəfə gələndə sənə özümün şəxsi təcrübəmdən danışacam. Ağrılarımdan. Məcburiyyətlərimdən! Və bunjn fonunda cəmiyyətin mənə olan qınağından! Mən belə dedikcə ortaqlaşdığımızı hiss edirdi, bənzədirdi məni də özünə və bəlkə də nəhayət ki, 5 il, 10 seans sonra güvənirdi kiməsə. Deməli gələn dəfə daha cəsur suallar verib cümlələr qurmalıyam.

“Əmingillə neçə ildi eyni həyətdə qalırsınız?!” Kimi.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir