volt

Təhlükəyə atılıb, təhlükə yaradanlar – ARAŞDIRMA

Baxış sayı: 424

“Bəlkə də, bilmirlər ki, qanunla səkidə mopedlərin, velosipedlərin hərəkəti qadağandır. Amma kuryerlər səkidə də sürürlər, yolun hərəkət hissəsinə də keçirlər, sağ-sol bilmirlər, harada boş yer tapdılar maşınların arası ilə gedirlər, qəflətən qarşı yola çıxırlar. Onların düşüncəsinə görə, harada boş yer varsa, oradan keçmək olar. Amma biz onlara başa salmalıyıq ki…” 

Demək olar ki, hər birimiz yemək çatdırılması xidmətindən istifadə edirik. Sifarişimiz isə motosikletlə hərəkət edən kuryerlər vasitəsilə çatdırılır. Lakin sürücülərin, həmçinin piyadaların da “dad”  dedikləri məhz kuryerlərdir. Çünki onlar çox zaman qaydaları pozurlar, həm özlərini təhlükəyə atırlar, həm də başqalarına təhlükə yaradırlar. Amma məsələnin başqa tərəfi də var. Kuryerlər sifarişi vaxtında çatdırmayanda həm müştərilər, həm də şirkət tərəfindən qınağa tuş gəlirlər. Sifarişinin vaxtında gəlməsini tələb edən müştərini kuryerin hansı təhlükələrdən keçdiyi və ya hansı təhlükələr yaratdığı maraqlandırmır. Amma yeməyi nuş edən həmin müştəri küçədə təhlükə yaradan kuryer gördükdə də deyinir. Yaxşı, bəs necə olsun? Sifarişimizin vaxtında çatdırılmasını istəyiriksə, Bakının tıxaclı yollarında kuryerin təhlükə yaratması mütləqdir. Əks təqdirdə danlanacaq. Bir sözlə, kuryerlərin özlərini təhlükəyə atmasının, başqaları üçün də təhlükə yaratmasının qarşısı necə alınmalıdır?

 

Daxili qaydalarla tənzimlənir

Sosioloq İlqar Hüseynli  bildirdi ki, kuryerlər işə qəbul olarkən onlarla daxili qaydalara əsaslanan müqavilə bağlanır: “Son illər kuryer xidmətindən çox mütəşəkkil şəkildə istifadə olunur. Təəssüf ki, kuryer xidməti qanunla deyil, daxili qaydalarla tənzimlənir. Çatdırılma xidmətində kuryerlə bağlı, təxminən 18 səhifəlik bir sənəd var. Kuryerin müştəri və daşınma şirkəti ilə olan münasibətləri bu sənəd əsasında tənzimlənir. Bu sənədlə tanış olan kuryer “bütün maddələrlə razıyam” yazaraq müqavilə sənədini imzalayır”.

Məsuliyyət kuryerin üzərindədir

Ekspert bu sənədin maddələri haqqında da məlumat verdi: “Sənədin ikinci bəndində hüquqi çərçivə nəzərdə tutulur. Dördüncü bənddə kuryer tərəfindən xidmətlərin təmin edilməsi maddəsi var. 4.5-ci maddədə göstərilir ki, kuryer çatdırılma vaxtını, nəqliyyatı özü seçir. Altıncı maddə sifarişin çatdırılması ilə bağlıdır. 6.1 maddəsində deyilir ki, çatdırılma marşrutunu da öz mülahizələri ilə seçir. Burada 3 əsas önəmli amil vaxtın, nəqliyyat vasitəsinin, çatdırılma marşrutunun seçilməsidir ki, gecikmə halları yaşanmasın. 13 maddədə məsuliyyət məsələsi var. Qida platformaları bütün məsuliyyəti kuryerin üzərinə yönəldir. Buna eyni zamanda yol hərəkəti qaydaları da aiddir. Kuryerin təhlükəsizliyi məsələsində işəgötürən hər hansı bir məsuliyyət daşımır”.

 

Cəzalar kuryerlərə də şamil olunmalıdır

İlqar Hüseynli həmçinin vurğuladı ki, kuryerlərin gecikməsinə səbəb şəhərdəki tıxaclardır: “Kuryerlər bəzi hallarda yol hərəkəti qaydalarını pozur, işıqforun qırmızı işığından keçir, müxtəlif manevrlər edir, qəza şəraiti yaradır, ölümlə nəticələnən hadisələrə yol verirlər. Digər sürücülərə tətbiq olunan cəza qaydaları kuryerlərə də şamil olunmalıdır. Lakin nəzərə almaq lazımdır ki, o da sifarişin vaxtında çatdırılmasına çalışır, ona görə də qayda pozuntularına yol verir. Sifarişin gecikirsə, müştəri səbirli, anlayışlı olmalı, nəzərə almalıdır ki, Bakının küçələrində tıxaclar olur”.

Yeniliklər edilməlidir

Nəqliyyat eksperti Elməddin Muradlının fikrinə görə, kuryerlərin fəaliyyəti ilə bağlı qanunvericilikdə müəyyən yeniliklərin edilməsinə ehtiyac var: “Çünki mövcud qanunvericiliklə onların hərəkəti, işi üst-üstə düşmür. Məsələn kuryerlərin motosikletinin sürəti 50 km/saatdan artıq olur, nömrəsiz, vəsiqəsiz idarə edirlər. Mopedlər üçün xüsusi fərqləndirici nişanlar olmalı, qeydə alınmalıdır. Çünki onların iştirakı ilə qəza hadisələri baş verir. Kuryerlərin törətdiyi xətalar çoxdur. Polis bir yana, artıq vətəndaşlar da narahatdır. Müxtəlif ölkələrin təcrübələrinə baxmaq lazımdır. İlk növbədə mopedlərin dövlət qeydiyyat nişanları olmalıdır ki, kuryerlər bilsinlər ki, onlara da cərimələr tətbiq olunacaq. Onlar üçün də müəyyən kateqoriyalı sürücülük vəsiqəsi tələb olunmalıdır. Bu xaosun qarşısını almaq üçün onları təlimə cəlb etmək, qaydaları öyrətmək lazımdır”.

 

Heç vaxt ağıllarına gəlməyib ki…

Ekspert bildirdi ki, moped sürənlərə də qaydaları izah etmək lazımdır: “Bəlkə də, bilmirlər ki, qanunla səkidə mopedlərin, velosipedlərin hərəkəti qadağandır. Amma kuryerlər səkidə də sürürlər, yolun hərəkət hissəsinə də keçirlər, sağ-sol bilmirlər, harada boş yer tapdılar maşınların arası ilə gedirlər, qəflətən qarşı yola çıxırlar. Onların düşüncəsinə görə, harada boş yer varsa, oradan keçmək olar. Amma biz onlara başa salmalıyıq ki, qaydaları pozsan, öləcəksən, ya da cərimə ödəyəcəksən. Bundan sonra xeyli dəyişiklik baş verə bilər. Qanunvericilik təkmilləşməli, qaydalar öyrədilməli, mopedlər qeydə alınmalı və nəzarət mexanizmi gücləndirilməlidir”.

 

Şirkətlər onları istismar edir

Elməddin Muradlının sözlərinə görə, kuryerləri işlədən şirkətlərlə də ciddi məşğul olmaq lazımdır: “O şirkətlər insanları istismar edir, üzərinə müəyyən şərtlər qoyur. Məsələn, “sifarişi vaxtında çatdırmasan, günlük pulundan kəsəcəyəm, işdən çıxaracağam” kimi təhdidlər olur. Onlar da məcbur olub qaydaları pozurlar ki, sifarişi vaxtında çatdırsınlar”.

Bəs sifarişçilərin üzərinə nə düşür? Heç nə, sadəcə bir az səbirli olub, yeməyimizin xata-bəlasız çatmasını gözləməliyik. Unutmayaq ki, əgər kuryer 10 dəqiqə gec gələrsə, biz acından ölmərik. Bir-birimizə qarşı anlayışlı olmaq insanlıqdır. İnsanlığımızı heç vaxt itirməyək…

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir