tehsil

Təhsil almaq üçün niyə xaricə üz tuturuq?

Baxış sayı: 1. 040

Hər il yüzlərlə gənc təhsil almaq üçün Azərbaycandan kənara üz tutur.  Ali təhsili başqa ölkələrdə almaq istəyənlər arasında ölkədəki təhsilə qane olmayıb, daha yaxşı təhsil dalınca gedənlər də var, burada ali məktəbə qəbul ola bilmədiyi üçün bəxtini başqa ölkələrdə sınamaq istəyənlər də.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün ali məktəblərə qəbul planı ötən illə müqayisədə artırılıb.

Ötən il 45 599 nəfərlik plan yeri ayrılmışdısa, bu il qəbul planında 48 506 nəfərlik yer ayrılıb. Ekspertlər hesab edir ki, bu addım təhsil almaq üçün ölkədən kənara gedənlərin sayında azalmaya da təsir edə bilər.

 

Təhsil eksperti Kamran Əsədov bildirir ki, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır:

“Onlardan 15 mini Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır. Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçrilən qəbul imtahanlarında topladıqları ballar burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxlər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Hal-hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin ali təhsil ocaqlarında 164 mindən çox insan təhsil alır. Təəssüf ki, bizim bu qədər universitetin heç biri dünya reytinq cədvəlində yoxdur. Ölkəmizin universitetlərinin çoxunda infrastruktur müasir standartlara cavab vermir. Yeməklər yoxdur, tələbə yataqxanaları fəaliyyət göstərmir, tələbələrin sosial fəaliyyəti yox dərəcəsindədir. Ali təhsil ocaqlarının tədris resursları XX əsrin 80-90-cı illərdən qalmadır. Mühazirə, qayıb kimi üsullar hələ də istifadə olunur ki, bu da bizim universitetlərin geridə qalmış olduğunu göstərir”.

K.Əsədovun sözlərinə görə, Azərbaycan universitetləri ancaq biznes obyekti kimi fəaliyyət göstərir və heç bir tutarlı beynəlxalq layihə həyata keçirmirlər.

 

Xaricdə təhsil Azərbaycanda yeni təcrübə deyil

Ekspert onu da əlavə edir ki, azərbaycanlı gənclərin xaricdə təhsili ölkə üçün yeni bir təcrübə deyil:

“Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı artıq 99 ildir ki, həyata keçirilir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə çıxdığımız yolu bu gün müstəqil Azərbaycan respublikası uğurla davam etdirir. Qeyd edim ki, xarici ölkələrdə təhsil almaq üçün ölkə vətəndaşlarının iki yolu olur, ya dövlət proqramı çərçivəsində dövlətin vəsaiti ilə və ya öz vəsaitləri hesabına. Dövlət proqramı çərçivəsində 2007-2015-ci illər ərzində 3500 dən çox azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa gedib. Öz vəsaiti hesabına gedənlərin sayı isə dediyim kimi, 40 minə yaxındır. Bu il də gedənlərin sayı əvvəlki ilərdən az olmadı. Minə yaxın azərbaycanlı gənc xarici ölkələrə üz tutub. Hesab edirəm ki, bu gələcəkdə ölkəmizə rəqabətədavamlı kadrların qayıtması ilə nəticələnəcək və inkişafa müsbət təsir göstərəcək”.

Ekspertin sözlərinə görə, Azərbaycan dövləti tərəfindən həyata keçirilən xaricdə təhsil dövlət proqramı başa çatandan sonra xarici dövlətlər və onların ali təhsil müəssisələri tərəfindən tələbələrin cəlbi prosesi başlayıb:

“Əlbəttə ki, bu kimi proqramlar iki ölkə arasında bağlanmış müqavilələr əsasında tənzimlənir. Universitetlər bu yolla öz reytinqlərini artıraraq, gələcəkdə həmin ölkələrdə vətəndaşların öz vəsitləri hesabına tələbə cəlbinə təsir göstərməkdə maraqlı olurlar. Çünki hər bir universitetin beynəlxalq reytinqinə orada təhsil alan xarici ölkə vətəndaşlarının sayı ciddi təsir göstərir”.

Qeyd edək ki, bu gün təhsil nazirinin müşaviri, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli sənədləri saxta olan tələbələrin olduğunu deyir:

“Son illərdə xarici aparıcı ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı gənclərin sayı artmaqdadır. Xaricdə təhsil sahəsində sui-istifadə halları mövcuddur. Biz bu sahədə bərabərliyi və ədalətli rəqabəti dəstəkləməliyik. Ölkədən çıxmadan həkimlik dərəcəsi almaq istəyənlər, 4 il təhsil aldığı ölkənin dilini bilməyənlər, sənədləri saxta olan tələbələr var”.

H.Həsənli bu məsələdə valideynləri və tələbələri diqqətli olmağa çağırıb. Tələbələri xaricdə təhsil aldıqları ali məktəblərin diplomlarının həmin ölkədə tanınıb-tanınmamasına diqqət yetirməyə çağırıb.

 

Nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova isə deyir ki, çox sayda xaricdə təhsil alanlar diplomlarının tanınması ilə bağlı nazirliyə müraciət edirlər. O, müraciətlərin daha çox Türkiyə, MDB ölkələri, eləcə də Avropa ölkələrində təhsil alan şəxslərdən daxil olduğunu bildirib: “Bu il xaricdə təhsilini bitirənlər tərəfindən diplomlarının tanınması ilə bağlı idarəyə1245nəfər müraciət edib. Ötən il bu rəqəm 3637 olub”. (“Lent.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir