mekteb

Təhsil kreditindən kim yararlana bilməyəcək?

Baxış sayı: 927

Baş nazir Əli Əsədov iyulun 27-də “Təhsil Tələbə Krediti Fondu”nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nı təsdiq edib. Bu sənəddə təhsil tələbə krediti almaq üçün müraciət etmək, tələb və güzəştlər, təhsil tələbə kreditini hansı bankların verəcəyi, kreditinin qaytarılması qaydaları və sair məsələlər öz əksini tapıb. Təhsil üzrə ekspert Kamran Əsədov Təhsil tələbə kreditinin (TTK) tələbələr üçün əlçatan olub-olmadığını, tələbələr üçün nə vəd etdiyini şərh edib.

K.Əsədov deyir ki, Təhsil Tələbə Krediti Fondunun yaradılması Azərbaycanda təhsil haqqını ödəyə bilməyən şəxslərə böyük dəstək olacaq: “NK tərəfindən təsdiq edilmiş siyahıya nəzər salsaq, görərik ki, qaydalarda müsbət tərəflərlə yanaşı, müəyyən qədər mübahisəli məqamlar var.

kamran esedov

İlk diqqət yetirilməli məqam Təhsil Tələbə Krediti Fondunun vəsaitindən istifadə etmək hüququna malik insanların kateqoriyasıdır. Burada iki kateqoriyaya kreditlərin verilməsi nəzərdə tutulub. Sənəddə sosial kreditlərin və standart kreditlərin verilməsi məsələsi öz əksini tapıb.

Tələbələr birinci tədris ilinin ilk smestrindən etibarən “Təhsil Tələbə Krediti Fondu”nun vəsaitindən istifadə edə bilər. Amma istifadə etmək hüququna malik şəxslərin kateqoriyasının məhdud olduğu hiss olunur. Sosial kreditlərdən üçüncü qrup əlilliyi olan tələbələrin istifadəsi nəzərdə tutulub. Qanunvericiliyə görə, birinci və ikinci qrup əlilliyi olan şəxslər təhsil haqqı ödəməkdən azaddırlar. Üçüncü qrupun bura əlavə olunması ciddi güzəştdir. İkinci kateqoriyaya hər iki valideyni üçüncü qrup əlil olan şəxslər daxildir.

Mübahisəli məqam birinci və ikinci qrup əlilliyi olan şəxslərdir ki, qanuna görə, onsuz da onlar təhsil haqqından azad idilər. Burada hər iki valideynin əlil olması tələbi bir qədər tələbələr üçün çətinlik yarada bilər. Belə çıxır ki, valideynlərindən biri əlil olanlar bu güzəştdən yararlana bilməyəcəklər. Amma ola bilər ki, ailədə əlil olan şəxs ailə başçısıdır və evin tək işləyən şəxsi odur. Bundan əlavə, yaşa görə əmək pensiyası və sosial müavinət alanların övladları da təhsil tələbə kreditindən istifadə edə biləcəklər. Bu, olduqca müsbət addımdır. Daha bir müsbət yenilik işsiz kimi qeydiyyatda olan ailə üzvləri olan tələbələrin “Təhsil Tələbə Krediti Fondu”nun vəsaitindən yararlanmaq imkanın yaradılmasıdır”.

K.Əsədov deyir ki, standart kreditlərin verilməsi ilə bağlı tələblərdə çatışmazlıq ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə bağlıdır. Ekspert deyir ki, kimin ki ümumi orta müvəffəqiyyət göstəricisi 71-dən yuxarıdırsa, onlar tələbə krediti üçün müraciət edə bilər: “Düşünürəm ki, bu yol doğru yanaşma deyil. Ola bilər ki, kiminsə ümumi orta müvəffəqiyyət göstəricisi 70, yaxud 60-dır. Düzdür, bu tələbələri orta müvəffəqiyyət göstəricisini düzəltməyə sövq edəcək. Amma 71-dən az olanlara məhdudiyyət qoyulması da fikrimcə, düzgün yanaşma deyil. Tələbənin müxtəlif səbəblərdən ümumi orta müvəffəqiyyət göstəricisinin aşağı olması mümkündür”, – deyə K.Əsədov bildirir.

Onun sözlərinə görə, yeni təsdiq edilmiş sənəddə standart kreditlərdə illik təhsil haqqının 20 faizinin ödənilməsi tələbi də yer alıb: “Yəni tələbənin təhsil haqqının yerdə qalan hissəni kredit kimi götürmək imkanı olacaq ki, bu da sosialyönümlü addımdır. Mənə görə, məhdudiyyət ümumi orta müvəffəqiyyət göstəricisinin 71 bal qoyulmasıdır”, – deyə ekspert bildirir.

K.Əsədov deyir ki, tələbə kreditləri yüksək təhsil haqlarına şamil olunmayacaq: “Burada kreditin həcmi o qədər də böyük olmayacaq. Təhsil haqqı az olan tələbələr, yəni 2500-3000 min manata qədər ödəniş edənlər təhsil kreditindən yararlanacaqlar. Amma yüksək təhsil haqqı ödəyənlər də bu imkanlardan yararlanmalıdırlar. Ən vacib məqam kreditin geri qaytarılma müddətidir. Son müddətin 10 ilə qədər göstərilməsi yaxşı haldır.

Təhsil kreditinə görə hər hansı zamin və sair öhdəliklər tələb olunmayacaq. Daha bir vacib məqam kredit məbləğinin sığortalanmasıdır. Hər hansı bədbəxt hadisə nəticəsində şəxs ödəmə qabiliyyətini itirəcəksə, məbləğ sığortalanır və dövlət tərəfindən ödənilir. Bir məqam isə əyani tələbələrin bundan yararlanmasıdır. Çox yaxşı olar ki, qiyabi təhsil alanlar da tələbə kreditindən istifadə etsinlər. Bundan əlavə, sənəddə kreditin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borc olmamalıdır. ÜOMG-si 91 və yuxarı olan tələbə, təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunacaq.

Standart kreditlər üçün də müəyyən güzəştlər tətbiq ediləcək. ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunacaq”, – deyə K.Əsədov bildirib.

Qeyd edək ki “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən TTK-nin verilməsinə dair məsələlərin tənzimlənməsi Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” alt sistemi (bundan sonra – elektron sistem) vasitəsilə həyata keçiriləcək. TTK-nin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını Fondun Himayəçilər Şurası müəyyən edəcək.

Xatırladaq ki, iyunun 18-də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Məlumat üçün əlavə edək ki, Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Fərmana əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır. Onu da bildirək ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 60 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu isə hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxsin ödənişli əsaslarla təhsil aldığından xəbər verir.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir