aile

Təhsilsiz qadınla təhsilli qadının fərqi: Çox maaş da zorakılığa səbəb olur

Baxış sayı: 1. 715

Məişət zorakılığının, erkən nikahların və təhsildən yayınma hallarının qarşısının alınması ilə bağlı yetərincə maarifləndirmə yoxdur deyə, erkən yaşda ailələrin qurulması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi halları yaşanır.

Azərbaycanda boşanmalar niyə artır? Çünki qızlar ailə qurmağa fiziki və psixoloji cəhətdən hazır olmadığı halda ailələri tərəfindən zorla ərə verilir. “Qohum-qonşu nə deyər”, “evdə qalarsan” kimi fikirlərlə qızlara psixoloji təsir edən valideynlər bəzən övladının bədbəxt sonunu öz əlləriylə hazırlayır. Qadın evləndikdən sonra döyülür, təzyiqlərə məruz qalır, evdən bayıra buraxılmır və s.

Ölkədə qadınlara qarşı zorakılıqla bağlı aparılan təhlillər göstərir ki, bu halların 90 faizi savadsızlıq nəticəsində baş verir. Məişət zorakılığının qurbanına çevrilmiş qadınların əksəriyyəti savadsız olur. Bu hal əsasən, erkən nikahlarda da müşahidə olunur. Ali təhsilli qızlar işləyir, maaş alır və iqtisadi mövqeyinə görə müəyyən söz sahibi olur. Ancaq savadsız qadınlar heç bir işə cəlb olunmadığı, öz övladını saxlaya bilmədiyinə görə zorakılığa məruz qalırlar.

“Mollar adamla doludur, amma bu mədəni səviyyə deyil”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, ailə-məişət zorakılıqlarının çoxalması mədəni səviyyənin azalması ilə bağlıdır:

“Fərq ondan ibarətdir ki, təhsillilər etiraf etməyi bilir, təhsilsizlər gizlədirlər. Amma təhsillilər arasında da kifayət qədər zorakılığa məruz qalıb, gizlədənlər var. Elə psixoloji zorakılıq faktlar var ki, bu qadının gündəlik həyatına təsir göstərə bilir. Son 1 ildə 2 müəllimin əri tərəfindən döyülməsi qeydə alınıb. Bu sadəcə üzdə bilinənlərdir. Qadınlar zorakılığa qarşı susmasalar, daha ciddi mübarizə aparmaq olar. Streotiplər təhsildən və qanunlardan üstün olanda zorakılığın qarşısını ala bilmirsən”.

Bütün cəmiyyət eyni düşünəndə qanunları icra etmək çətin olur. Bizim mental dəyərlərimiz var ki, iqtisadi amilə görə dəyişir. Bu gün ailələr teatra getmir, birlikdə əyləcəli vaxt keçirmir, bu da mədəni səviyyəni aşağı salır. Mollar adamla doludur, amma bu mədəni səviyyə deyil”.

Çox maaş alan ailədə söz sahibidir

Müşahidələr göstərir ki, qadının iqtisadi baxımdan müstəqil və güclü olduğu ailələrdə normal mühit yaranır. Həmin qadın maddi cəhətdən ailəsinə kömək edə bilir. Belə ailələrdə sağlam düşüncəli uşaqlar böyüyürlər. Təhsilli qadın hər zaman çalışacaq ki, uşaqları təhsil alsın, irəli getsin.

Lakin belə ailələrdə qadın ifrata vararsa, zorakılığa məruz qalması qaçılmaz olur. Adətən qadın kişidən çox əmək haqqı alırsa, ailədə söz sahibi olur. Ailənin sosial məişət problemlərini həll etdiyi üçün kişini özündən asılı vəziyyətdə görür. Belə olan halda qadın bir az da irəli gedir və kişiyə yuxarıdan aşağı baxmağa başlayır. Lakin bununla qadın həm də kişiyə psixoloji təsir edərək özünə qarşı qışqırdır. Bir müddət sonra bu kişiyə pis təsir edir və o, “son sözü deyən” statusunu geri almaq üçün qadına qarşı zorakılıq etməyə başlayır.

Di gəl ki, şüur yüksəkdə dayanırsa, qadın heç vaxt kişidən yüksək əmək haqqı aldığına görə kişini aşağılamamalıdır. Şüur aşağıdırsa, qadın kişiyə qarşı bu zorakılığı edəcək. Qadınlar öz davranışlarını əmək haqqı ilə bağlıyırlar. Kişi iqtisadi cəhətdən qadından asılı olarsa, əvəzində qadını zorakılıqla özündən asılı vəziyyətə salmaq istəyir.

Zorakılıq qadının gözünün altının göyərməsi ilə bitmir

Qadınlar məruz qaldıqları zorakılıq haqda heç kimin bilməsini istəmirlər. Sorğu-tədqiqatlarının nəticələrinə görə, 15-19 yaşlı qızların 87,9%-i qeyd edir ki, ailə sirrini kiməsə danışmaq düzgün deyil. Onlar hələ uşaq düşüncəsində olur və adətən ərləri tərəfindən döyülürlər.

M.Zeynalovanın sözlərinə görə, zorakılıq təkcə fiziki şəkildə olmur:

“Biz çox vaxt görünən zorakılıqdan danışırıq. Zorakılıq qadının gözünün altının göyərməsi ilə bitmir. Elə zorakılıq növləri var ki, onu üzdə görmürük. Psixoloji və iqtisadi zorakılıqlar da var. Məsələn, qadın çox vaxt işləyir və maaşını alan kimi gətirib hamısını kişiyə verir və ondan asılı vəziyyətə düşür. Yəni ailə büdcəsinin idarə olunması ənənəsi yoxdur. İndi kişi özünün bir çox xərclərini gizlədir”.

Avstriya modeli

Zorakılıq qurbanı olan qadınlar potensial insan alveri qurbanlarıdır. Bu baxımdan zərərçəkmişlərin sosial reabilitasiyası tədbirlərinə hüquqi, psixiloji, tibbi yardımlar, şəxsin sığınacaqla təmin olunması, iqtisadi təminatı məqsədilə məşğulluğunun təmin edilməsi, maddi yardım göstərilməsi, peşə reabilitasiyası aiddir. Qadınlar üçün 30 ölkədə 2774 sığınacaq mövcuddur. Bu sığınacaqlar 57754 qadına, 41900 uşağa xidmət göstərir. Avstriya modeli isə ən geniş yayılmış modeldir. Avstriyada sığınacaqlar QHT-lər tərəfindən idarə edilir. Qadınlar sığınacağa qaynar xətt və ya polis vasitəsilə istiqamətləndirilir və sığınacağa hər qadın müraciət edə bilər. Bu proses tək zorakılığa məruz qalan deyil, həm də zorakılıq törədənin reabilitasiyasını nəzərdə tutur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir