imtahan

Tələbə qəbulu qaydalarında yeni dəyişikliklər nə vəd edir?

Baxış sayı: 630

Məlum olduğu kimi, ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib. Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar imzalayıb. Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər. III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

Eyni zamanda, adıçəkilən ixtisaslar üzrə müsabiqə vəziyyətinin təhlili onu deməyə əsas verir ki, nəzərdə tutulan dəyişikliklər həmin ixtisaslara marağı artıracaq və həmin ixtisasların müsabiqəsində daha çox abituriyentin iştirakına gətirib çıxaracaq.

DIM

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən hazırlanan və 2021-ci ildə ictimaiyyətə təqdim olunan III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarına bölünməsini, TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı, coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsini nəzərdə tutan qərar layihəsi Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən imtahan verməlidirlər. Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malikdirlər.

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, Nazirlər Kabineti tərəfindən imzalanan qərarla bağlı bir müddət əvvəl məlumat verilmişdi, artıq rəsmi şəkildə təsdiqlənmiş oldu. 2005-2008-ci illərdə III qrupa aid Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları vardı. Daha sonra həmin ixtisaslar II ixtisas qrupuna daxil edildi. Amma son qərara əsasən bunlar yenidən III qrupa qaytarıldı. Hər il həmin ixtisaslar üzrə kifayət qədər boş yer qalırdı. Eyni zamanda, yüksək ixtisaslı kadrlar hazırlamaq mümkün deyildi. Çünki 150 bal toplayan abituriyentlər Regionşünaslıq oxuyurdular, bununla yanaşı, Beynəlxalq münasibətlər üzrə də bal həddi 200-ə enmişdi. Halbuki təxminən 10 il əvvəl 500-600 ballıq ixtisas idi. Bütün bunlar isə onu deməyə əsas verir ki, bizə ixtisaslı kadrlar lazımdır.

Ekspert bildirir ki, edilən dəyişiklik nəticəsində III qrupa plan yerlərinin artacağı və həmin ixtisaslar üzrə keçid balları yüksələcək: “Fikrimcə, bu ixtisasların III qrupa keçirilməsi ümumi plan yerlərinə təsir edəcək. Hər il bu qrupda kifayət qədər müsabiqədən kənarda qalan abituriyent olurdu. İndi isə yeni ixtisasların əlavə edilməsilə plan yeri artacaq. Sadəcə plan yerlərində artım olmayacaq, eyni zamanda həmin ixtisaslarda keçid ballarının artımı ilə nəticələnəcək. Yəni biz bu il o ixtisaslar üzrə 150-200 deyil, daha yüksək bal müşahidə edəcəyik. Bu da birbaşa onu deməyə əsas verir ki, ixtisasın əvvəlki nüfuzu tədricən özünə qayıtmış olacaq”.

Elçin Əfəndinin dediyinə görə, ixtisasların III qrupa əlavə edilməsilə boş qalan plan yerləri dolacaq: “Hər il III qrupa 18-19 min nəfər sənəd verirdir, ancaq cəmi 12 min nəfərə yaxın plan yerlərinə qəbul həyata keçirilirdi. Digər 6-7 min nəfər isə müsabiqədən kənarda qalırdı. II ixtisas qrupunda isə təxminən 12 min yer buraxıldığı halda 14 min yer plana çıxarılırdı və nəticədə 2 min yer boş qalırdı. Demək olar ki, bu il Beynəlxalq münasibətlər və Regionşünaslığın III qrupa gətirilməsilə bu boş qalan yerlər dolacaq”.

Təhsil eksperti qeyd edir ki, abituriyentlər elektron ərizə ilə müraciətində bəzi məqamlara xüsusi olaraq diqqət etməlidirlər: “Burada əsasən o ixtisaslara yönələn III qrup abituryentləri TC alt qrupunu seçməli, coğrafiyadan imtahan verməlidirlər. Yekun nəticədə isə əlavə edilən bu iki ixtisas üzrə seçim edə bilərlər. Yox, əgər abituriyentlər bu istiqamətlərə yönəlməyəcəksə, o zaman birbaşa DT alt qrupunu seçərək bu ixtisasların yer almadığı digər ixtisasları qeyd etmək hüququna malikdirlər. Əgər bir abituriyent həm TC, həm də DT alt qrupunu seçərsə, o, bütün ixtisasları yazmaq hüququna malik olur. Hesab edirəm ki, bu, abituriyentlərin III qrupa, eyni zamanda həmin ixtisaslara marağını daha da artıracaq. Beləliklə, biz bu il həmin ixtisaslar üzrə demək olar ki, boş qalan plan yeri müşahidə etməyəcəyik”.

Təhsil eksperti Kamran Əsədov deyir ki, ali məktəblərə tələbə qəbulu qaydalarına edilən bu dəyişiklik III ixtisas qrupunda abituriyentlərin ali məktəblərə qəbul olmaq imkanlarını artıracaq. Verilən qərar universitetlərin də iqtisadi vəziyyətinə öz müsbət təsirini göstərəcək: “Biz hər il qəbul imtahanlarının nəticələrinə baxdıqda görürük ki, bütün qruplarla müqayisədə III qrupu seçən abituriyentlər ali təhsil müəsissələrinə qəbul olmaqda çətinlik çəkirlər. Burada əsas səbəb isə plan yerinin az olması idi. Belə ki, ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə 24-25 min sənəd verilirsə, onların 17 minə qədəri müsabiqə şərtini ödəyirdi. Amma plan yeri 11 minə kimi olurdu və yekunda bu ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin bəzən bu qrupda yüksək balla kənarda qalmasına səbəb olurdu”.

Təhsil ekspertinin söylədiyinə görə, elektron ərizə müraciəti zamanı abituriyentlər çox diqqətli olmalıdırlar. Yanlışlığa yol vermək olmaz: “Bu il edilən dəyişikliyə əsasən, Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları III ixtisas qrupuna daxil edilib. Bu ixtisas qrupunda yeni dəyişikliyə əsasən, alt qruplar olacaq. Abituriyentlər elektron ərizə göndərdikləri zaman diqqətli olmalıdırlar. Alt qrupu seçəcəkləri təqdirdə onlar coğrafiya fənnindən də imtahan verməklə yeni əlavə olunan iki ixtisasdan birini seçmiş olacaqlar”.

Ekspert verilən qərarın həm bu ixtisas qrupuna hazırlaşan abituriyentlərə, həm də ali təhsil müəssisələrinə müsbət təsiri olacağını bildirir: “Bütün hallarda bu dəyişiklik III ixtisas qrupunda abituriyentlərin ali məktəblərə qəbul olmaq imkanlarını artıracaq. Eyni zamanda, bu qrupda beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisaslarına daha yüksək ballı abituriyentlərin qəbul olmasına şərait yaradacaq. Çox təəssüf ki, həmin ixtisaslara həmişə plan yerləri boş qalırdı, bu da universitetlərdə müəyyən qədər maliyyə itkisinə gətirib çıxarırdı. Bütün bu amilləri nəzərə alaraq verilən qərar universitetlərin də iqtisadi vəziyyətinə öz müsbət təsirini göstərəcək. Bununla yanaşı, həmin ixtisaslara daha savadlı və yüksək ballı abituriyentlərin qəbul olmasına şərait yaradacaq”.

Kamran Əsədov bildirir ki, DİM tərəfindən ixtisas qruplarına müəyyən fənlər əlavə edildi. I ixtisas qrupuna informatika, lll ixtisas qrupuna isə coğrafiya fənləri artırıldı. Həmçinin, ll qrupdan bəzi ixtisaslar lll qrupa keçirildi. Bunlar Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisaslarıdır. İnformatika fənni l ixtisas qrupuna əlavə edildi: “III ixtisas qrupunda blok imtahanı 2 mərhələyə ayrıldı – Tarix və tarix-coğrafiya alqoritmləri. Məsələn, regionşünaslıq və beynəlxalq münasibətlər üzrə təhsil almaq istəyənlər coğrafiyadan da imtahan verməli olacaqlar. I ixtisas qrupuna İnformatika fənninin əlavə edilməsini məqsədəuyğun hesab edirəm. Burada İT sahəsinə aid xeyli ixtisaslar vardı, lakin informatika fənnindən imtahan verilmirdi. İnformatika üzrə ixtisasları seçən kimya-fizika əvəzinə məhz ixtisas fənnini bilməlidirlər. Hesab edirəm ki, edilən bütün dəyişikliklər abituriyentlərin xeyrinədir”.

 

 Sevinc QARAYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir