ders

Təməli Parisdə qoyulan Müəllimlər Gününün özəllikləri barədə bilmədiklərimiz

Baxış sayı: 1. 768

Bu gün Ümumdünya Müəllimlər Günüdür. Təbii bu Müəllimlər Günündə bayramın tarixi və onun normal, sivil ölkələrdə necə keçirilməsi ilə bağlı məlumatlarla tanış olmaq maraqlı olardı.

1966-CI İLDƏ PARİSDƏ BU GÜNÜ YARADANDA… BİLMİRDİLƏR Kİ… 
Musavat.com  “təntənəli bayrama” sayılı günlər qaldığını nəzərə alıb, bu bayramın tarixi və onun normal, sivil ölkələrdə necə keçirilməsi ilə bağlı bir arayış hazırlayıb.
Öncə ondan başlayaq ki, hər ilin 5 oktyabrında 100-dən çox ölkədə müəllimlər günü keçirilir. Bu tarix 1994-cü ildən etibarən Ümumdünya Müəllimlər Günü (World Teachers’ Day) kimi  rəsmən qeyd olunmağa başlayıb.
Bu, müəllimlər, təhsil sektorunda çalışan bütün insanların peşə bayramıdır. Belə bir günün yaradılması ideyası 5 oktyabr 1966-cı ildə Parisdə keçirilən Müəllimlərin Xüsusi Beynəlxalq Statusu konfransında yaradılıb. Konfransın sonunda müəllimlərin statusu ilə bağlı yekdil rəyə gəlinib, bundan başqa, həmin gündən etibarən hər il 5 oktyabrda dünya müəllimlərinin peşə günü kimi qeyd olunması barədə qərar qəbul olunub. Baxmayaraq ki, dünyanın bir çox ölkələrində bu gün 5 oktyabra yaxın günlərdə keçirilir.
2030-CU İLƏ QƏDƏR 3.3 MİLYON MÜƏLLİM TƏHSİLƏ CƏLB EDİLMƏSƏ… 
 

Rusiyada 1994-cü ildən etibarən hər il 5 oktyabrda bu bayram qeyd edilir. Vaxtilə bu bayram oktyabrın ilk bazar günü keçirilirdi. Ona uyğun olaraq oktyabrın ilk bazar günündə Belorusda, Qazaxıstanda, Latviya və Ukraynada da müəllimlər günü bayram kimi keçirilir. BMT bu gün münasibətilə insanlara 5 oktyabrda cəmi bir dəqiqə boyunca bir şey barədə düşünməyi təklif edir: yaxşı müəllimlər onların həyatını necə yaxşılaşdırıb? Son illər ərzində dünyada büdcə ixtisarları zamanı işini itirən, normal iş şəraitinin olmamasından, yaşlı müəllimlərin işdən çıxarılması, stres kimi hallara görə zərər çəkən, eləcə də, QİÇS-dən dünyasını dəyişən müəllimlərlə bağlı statistika xeyli qabarıqdır. YUNESKO-nun hesablamalarına görə, orta təhsilin yüksək səviyyədə təşkil olunması üçün 2030-cu ilə qədər 3.3 milyon müəllimin təhsil sisteminə cəlb edilməsi vacibdir.
BAYRAMDA MÜƏLLİMƏ GÜL VERƏN DƏ VAR, MƏRHUM PREZİDENTİ XATIRLAYAN DA 
Keçək ayrı-ayrı ölkələrin bu bayramla bağlı törənlərinə. Görək pul yığma ancaq bizim məktəblərdədir?
Çin: Bu ölkədə müəllimlər günü 10 sentyabr tarixində qeyd olunur. Çində də bu bayramla bağlı törənlər keçirilir, müəllimlərə şagirdləri tərəfindən hədiyyələr (!), güllər verilir. Bundan başqa, müəllimləri təbrik etmək üçün keçmiş şagirdləri də məktəbə gəlirlər.
Картинки по запросу china teachers day
Argentina: Bu ölkə isə hər il müəllimlər günü 11 sentyabrda qeyd edir. Argentina üçün bu gün milli bayram statusundadır. Təhsil sistemi bütünlüklə həmin gün istirahət edir. 11 sentyabr eyni zamanda ölkə prezideti Dominqo Faustino Sarmentonun ölüm günü kimi qeyd olunur. Xalq onu böyük müəllim-prezident adlandırır. O, təhsil sisteminin böyük öncülü kimi tanınır. Çünki Hərbi, Dənizçilik, Meşə Təsərrüfatı, Aqronom Məktəblərini yaradıb. Onun sayəsində Argentinanın bütün əyalətlərində ibtidai məktəblər qurulub. Müəlllimlər üçün treninqlər məhz onun rəhbərliyi dönəmində keçirilib.
Картинки по запросу argentina school uniform
Hindistan: Hindlilər isə müəllimlər gününü 5 sentyabrda keçirirlər. Bu, ölkənin ikinci prezidenti olmuş Doktor Sarvepalli Radxakrişnanın doğum günüdür. O, zamanında filosof olub. Həmin tarixdə Hindistan məktəblərində şagirdlər mərhum prezidenti yad edir, törənlər keçirirlər. Hətta bəzi məktəblərdə müəllimlərə qeyri-rəsmi istirahət günü vermək üçün yuxarı sinif şagirdləri müəllim qismində dərslərə girirlər.
Картинки по запросу indian teachers day
Ermənistan: Ermənistanda müəllimlər günü 1 oktyabrda keçirilir. 2011-ci ildən etibarən düşmən ölkənin müəllimləri belə bir bayramın olmasının fərqinə varıblar. Burada da  bayram rəsmi səviyyədə keçirilir, ölkədə bu peşənin sahiblərinin xüsusi nüfuzu olur.
Kanada: Bu ölkədə də bayramın keçirilməsi 5 oktyabr tarixinə təsadüf edir. Çox da uzaq olmayan tarixdə, 2002-ci ildə ilk dəfə Kanadada Beynəlxalq Müəllimlər Gününə özəl marka istehsal edilib.
ABŞ: Amerikanlar isə bütün dünyadan fərqlənirlər, hər zamankı kimi. Onlarda beynəlxalq müəllimlər günü, mayın ilk həftəsinin çərşənbə axşamı günündə qeyd olunur. Bu, 3 may 2011-ci ildən bəri belədir. Həmin həftə ümumən dünya müəllimlərinə şükran həftəsi kimi qeyd olunur. Təkcə Massaçusets ştatı bu günü iyunun birinci bazar günü keçirir.
Ümumən Amerikada müəllimlər günü o qədər də sadə deyil. 7 mart 1980-ci ildə ABŞ Konqresi müəllimlər gününü cəmi bir illik təsdiqləyib. Amma ilk ildən sonra bu, adət halını almağa başlayıb. 1985-ci ildə isə Milli Təhsil Akademiyası müəllimlər gününü hər il müntəzəm olaraq keçirmək barədə qərar qəbul edib. Akademiya insanların həyatına gözəlliklər qatdığı, onların yetişməsində rolu olduğu üçün hər il müəllimlər gününün keçirilməsinin vacibliyini vurğulayır. Həmin gün şagirdlər öz müəllimlərini hədiyyə ilə təbrik edirlər.
Digər ölkələrdəki Müəllimlər Günü ilə bağlı təqvim bilgilərinə nəzər salaq:
Avstraliyada – oktyabrın sonuncu bazar günü
Braziliyada – 15 oktyabrda,
Çexiyada – 28 martda,
Misirdə – 28 fevralda,
Almaniyada – 5 oktyabrda,
İranda – 2 mayda,
Yamaykada – 6 mayda ,
Meksikada – 15 mayda ,
Marokkoda – 28 fevralda ,
Yeni Zelandiyada – 29 oktyabrda,
Peruda – 6 iyulda,
Polşada – 14 oktyabrda ,
İspaniyada – 29 yanvarda ,
Türkiyədə – 24 noyabrda müəllimlər günü qeyd olunur.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir