istirahet

Tətildən qayıtdıqdan sonra işə alışmaq niyə çətin olur?

Baxış sayı: 158

İstirahətdən sonra işə qayıtmaq çətin olur. Statistikaya görə, işçilərin 85 faizi məzuniyyətdən sonra işə qayıdanda işdən çıxmaqla bağlı ərizə yazırlar. Alimlər bu faktı belə izah edirlər ki, maraqlı keçmiş istirahətdən sonra birbaşa işə, gündəlik məişət problemlərinə qayıdış çoxları üçün dözülməz olur. Xüsusilə də, işinin vurğunu olmayan insanlar üçün adaptasiya çətin alınır. Əksər insanlarda istirahətdən sonra ilk günlərdə işi dəyişmək, işdən çıxmaq kimi fikirlər yaranır.

Psixoloq Arzu Qurbanovanın bildirdiyinə görə, məzuniyyətdən sonra işə qayıdan zaman işin dözülməzliyi, mənasızlığı və sizi qane etməməyi ilə bağlı fikirlərə aldanmaq lazım deyil: “Çox vaxt bu fikirlər ötəri olur. Bir müddət gözləmək lazımdır. Belə ki, istirahətdən sonra iş rejiminə alışmaq çətindir. Hətta bu vəziyyət el arasında istirahətsonrası sindrom adını qazanıb. İnsanda apatiya, sanki bunu çəkməyə daha gücü qalmayıb kimi hallar yaranır”,-deyən müsahibimiz hesab edir ki, amma bir müddət sonra bu keçəcək. Onun sözlərinə görə, işdən düşünülməmiş, istirahətin nəşəli günlərinin təsiri altında ayrılmaq sonradan peşmançılıqla nəticələnə bilər.

A.Qurbanovaya görə, məzuniyyəti elə planlaşdırmaq lazımdır ki, qayıtdıqdan sonra dərhal işə getməli olmayasan: “İşə psixoloji hazırlanmaq üçün bir neçə gün olmalıdır. Həmin günlərdə insan bütün günü fəaliyyətsiz uzanmaq, televizora, internetə baxmaq, dincəlmək istəyir. Rejimdən çıxan bədəndə xeyli süstlük və tənbəllik hiss olunur. Qətiyyən bu hisslərin üstün gəlməsinə imkan vermək olmaz. Həmin adaptasiya üçün qalan ehtiyat günləri fəal, fiziki hərəkətli keçirmək lazımdır. Xanımlar ev işi görə, kişilər də idmanla məşğul olaraq özlərini qaydasına gətirə, tənbəllikdən qurtula bilərlər”.

Psixoloqun fikrincə, ilk iş günlərində işçilər iş otaqlarını istirahət zamanı olduqları məkanlarla müqayisə etməyə başlayır və iş yerinin çox darıxdırıcı olduğunu görürlər: “Dəniz, qum, hovuz, əyləncələr yada düşür. Bu məyusluqdan qurtulmaq və müsbət vizual görüntülərlə əhatələnmək üçün istirahət zamanı getdikləriniz yerdə çəkdirdikləriniz fotolardan iş masasına, kompüterin ekranına qoya bilərsiz. İş yoldaşlarınla istirahət zamanı hara getdiyin və necə dincəldiyin barədə söhbətlər də apatiyanı azaltmağa kömək edə bilər”.

Onun sözlərinə görə, ilk iş günlərində yaxşı işləməyə çalışmaq vəziyyəti daha da ağırlaşdıracaq: “Amma bütün günü iş yoldaşlarıyla söhbət edərək, ümumiyyətlə, heç nə etməyərək də keçirmək pis nəticələnəcək. O qədər də çətin olmayan işlərlə başlamaq, tədricən iş yükünü çoxaltmaq lazımdır. Elektron ünvanına gələn məktubları oxumaq, iş stolunu, dolabını yığışdırmaq, gündəlik xəbərlərdən agah olmaq müəyyən qədər sizi adət etdiyiniz iş yükünə hazırlayacaq. İlk iş günlərinin iş rejimi üçün plan tərtib etməyin də faydası olur. İşlərin dəqiq planlaşdırılması diqqəti toplamağa kömək edəcək”.
İnsanın psixoloji durumundan asılı olaraq işə uyğunlaşmaq üçün 4-8 iş günü lazım olur. İstirahət zamanı işinə də diqqət yetirənlər ofisə qayıtdıqlarının ilk iş günlərində adət etdiyi ritmdə işə başlayır.

Həmsöhbətimizin dediyinə görə, iş rejiminə qayıtmağın çətinliklərindən biri də səhər tezdən oyanmaqdır: “İstirahət zamanı əksəriyyət gecə gec yatır, səhər də yuxudan gec oyanır. Əsas da bu amil insanın bütün rejiminin dəyişməsinə səbəb olur. İşə başlayanda ilk sual o olur ki, “Səhər tezdən yuxudan necə oyanacağam?” Yuxu rejiminin pozulması tez yorulmaya, işgüzar qabiliyyətin xeyli aşağı enməsinə gətirib çıxarır. Bir tərəfdən istirahətin ab-havası, digər tərəfdən, yuxu rejiminin kəskin pozulması əhvalımızda, səhhətimizdə öz sözünü deyir. Bu kimi hallarla üzləşməmək üçün işə başlamazdan bir həftə qabaq istirahət zamanı gecə yatdığınız vaxtdan bir-iki saat tez yatmaq, hər səhərsə bir qədər tez oyanmaq vacibdir. Bu, işgüzar rejimə adaptasiya olmağın ən yaxşı yoludur. Xüsusilə də, ilk iş günlərində doyunca yatmaq lazımdır”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir