ders

Tətildən sonra dərsə adaptasiya olmağın üsulları

Baxış sayı: 1. 499

“Eh, tətilin bitməsini heç istəmirəm. Kaş ki, bütün ili istirahət etsək. 45 dəqiqə bir yerdə oturmaq, mühazirə yazmaq, seminara hazırlaşmaq, yeni müəllimlərlə tanış olmaq, qiymət davası etmək, fərdi işlər, bunların hamısı yeni dərs ilinin məşəqqətli yolunun başlanğıcıdır.  Ən əsası da, 45 dəqiqə parta arxasında oturub müəllimi dinləməyə heç səbrim çatmır”.

Bilirəm, bu sözlər çoxlarına tanış gəldi. Çünki əksəriyyətimizin evində yeni təhsil ilinin başlaması ilə əlaqədar olaraq deyinən biri mütləq vardır. Əslində, elə biz də belə deyinən tələbələrdən olmuşuq. Tələbələrin yeni dərs ilində yaşadığı problemlərdən biri də adaptasiya olmaqdır. Belə ki, bir müddətlik fasilədən sonra dərs mühitinə alışmaq bir az vaxt alır. Hətta tələbələr arasında gülmək məqsədilə istifadə edilən deyim var: “Biz universitetə adaptasiya olana qədər dərs ili bitəcək”. Bəli, sözün həqiqi mənasında, bəzi tələbələr yeni dərs ilinə adaptasiya olmaqda çətinlik çəkir. Ona görə də gənclərin yaşadığı bu kiçik problemi nəzərə alaraq psixoloq Aidə Səlim ilə həmsöhbət olduq.

Psixoloq deyir ki, tətildən sonra dərslərə yenidən adaptasiya olmaq təxminən 1 həftə davam edir: “Tətildən sonra məktəblilər və tələbələrdə həm dərsə adaptasiya olmaq, həm də diqqətin cəmlənməsi ilə bağlı problemlər özünü göstərir. Çünki 3 aylıq yay tətilindən sonra hər gün ən azı 4-5 saat parta arxasında, auditoriyada oturmaq, mühazirələr, sessiya imtahanları və s. barədə düşündükcə, dərs mühiti əvvəlcə insana çox çətin və yorucu gəlir. Ancaq aparılan araşdırmalara əsasən deyə bilərik ki, tətilsonrası dərslərə yenidən adaptasiya olmaq təxminən bir həftə davam edir. Problemi aradan qaldırmaq, üzərinizdə olan bu yorğunluq və “heç nə etmək istəməmək” hissini özünüzdən uzaqlaşdırmaq, ilk olaraq özünüzdən və həyat tərzinizdən asılıdır. Belə ki, dərslər başlamazdan ən azı bir həftə əvvəl tələbələr ya kitab oxumalı, ya əvvəlki dərslərə ümumi nəzər salaraq, evdə o dərs mühitini formalaşdırmalıdırlar. Dolayısı ilə, tələbə bu zaman psixoloji olaraq dərs mühitinə hazırlaşır və dərsin ilk günü ona təqvimin yeni və yad bir günü kimi görünmür. Dərslərdən uzaq qaldığınız üçün ya ixtisasınızla bağlı, ya da keçdiyiniz dərslərlə bağlı nələri isə unutmuş ola bilərsiniz. Buna görə, sizə lazım olan məlumatları səthi də olsa təkrar etməkdə fayda vardır.  Hazırda təqvimə nəzər salsaq, yeni tədris ilinin başlanmasına bir həftə vaxt var. Tələbələr elə indidən bu hazırlıqlara başlayaraq ilk dərs həftəsində yaşaya biləcəkləri “tətilsonrası dərs sindromu”nun da qarşısını ala bilərlər.

Müsahibimiz deyir ki, tələbələrin tətildən sonra ən çox narahat olduqları məqam isə dərsdə 90 dəqiqə davamlı olaraq otura bilməməyidir: “Bəzi ali təhsil müəssisələrində dərslər 45 dəqiqə olmaqla, iki hissəyə bölündüyü üçün ilk 45 dəqiqə tələbələrə çox da çətin gəlmir. Çünki dərs arası 5 dəqiqəlik tənəffüs həm də beynin dincəlməsi və diqqətin yenidən dərsə mərkəzləşməsinə kömək edəcəkdir. Əgər bu fasilə yoxdursa, yaxşı olardı ki, müəllim ilk 45 dəqiqədən sonra  bir neçə dəqiqəlik fasilə verib, tələbələrlə isinmə hərəkətləri və ya buna bənzər tapşırıqlar etsin. Ümumiyyətlə, evdə də dərslə məşğul olarkən və ya hər hansı bir işi görərkən mütləq 40-45 dəqiqədən sonra ən azı 5 dəqiqəlik fasilə verilməlidir ki, insan beyninə və orqanizminə həddindən artıq təzyiq, yüklənmə olmasın. Tələbə və şagirdlərin, hər şeydən əvvəl yuxu rejimini tənzimləmələrində fayda vardır. Belə ki, dərslər başlamazdan ən azı bir həftə əvvəl axşamlar daha tez yatmağı və səhərlər də erkən oyanmağı vərdişə çevirmək lazımdır. Çünki tətil boyunca insan orqanizmi müxtəlif vaxtlarda yuxuya öyrəşdiyi üçün bir gün ərzində tezdən oyanmaq insana çətin olacaq və gün ərzində özündə yuxusuzluq, başağrısı və yorğunluq hiss edəcəkdir. Nəticə etibarilə, belə halda tələbə nə təlim-tədris mühitinə, nə də dərslərə tam olaraq diqqətini yönləndirə bilməyəcək”.

Psixoloq  ilk dəfə məktəbə gedən uşaqlardan da danışdı: “Əgər uşaq ilk dəfə məktəbə gedirsə, bu zaman valideyn dəstəyi xüsusilə vacibdir. Valideyn övladını məktəbə psixoloji olaraq hazırlamalı, onunla yeni mühit, dərslər və yeni dostlar haqqında söhbətlər etməlidir. Məktəb hazırlıqlarını bərabər etmək, uşağın otağını  dərs mühitinə hazırlamaqla onda dərsə motivasiyanı artırmaq olar. Dərsə yeni başlayan uşaqlarda isə nəinki davranış, həmçinin də emosional baxımından dəyişiklər müşahidə oluna bilər və bunu normal hal kimi qəbul edib, uşağa hər cəhətdən dəstək olmaq lazımdır. Unutmaq olmaz ki, uşaqların bu həyatda ilk müəllimləri məhz onların valideynləridir. Məktəblərdə isə bu iş müəllimlərlə yanaşı, məktəb psixoloqlarının üzərinə düşür. İlk dərs həftəsində uşaqlarla dərsə adaptasiya olmaq, diqqətin cəmlənməsi ilə bağlı psixodiaqnostik işlər aparılmalı, ehtiyac olarsa, profilaktik tədbirlər görülməlidir.  Ən azı, həftədə bir dəfə uşaqlarla qrup terapiyasının keçirilməsi, idrak proseslərinin inkişafına müsbət təsir göstərən müxtəlif psixokorreksiya işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir”.

 

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir