saat

Təxirəsalma vərdişindən necə qurtulmalı?

Baxış sayı: 677

Görməli olduğunuz bir iş var və son tarix yaxınlaşır… Ancaq işləməmək üçün özünüzə başqa məşğuliyyətlər tapır, e-poçtunuzu yoxlayır, videolara baxır, blog və forumlara baxaraq vaxt itirirsiniz. İlk baxışdan zərərsiz görünsə də, təxirə salmaq potensialınızı məhdudlaşdıran çox pis bir vərdişdir. Bununla əlaqəli atalar sözü də var: “Bu günün işini sabaha saxlama”. Təxirə salmağı vərdiş halına gətirməyin. Bu məqaləni sona qədər oxumağı da təxirə salmayın!

 

Beləliklə:

1)İşinizi kiçik hissələrə ayırın.

İşlərinizi təxirə salmağınızın ən vacib səbəblərindən biri beyninizdə görülməli çox şey olduğunu və bunun öhdəsindən gələ bilməyəcəyinizi düşünməyinizdir. Görməli olduğunuz işi kiçik hissələrə ayırın və hər dəfə hissələrdən birinə fokuslanın. Əgər yenə də təxirə salırsınızsa, bu dəfə daha da kiçik hissələrə ayırın. Bir müddət sonra etməli olduğunuz şeylər o qədər asanlaşacaq ki: “Mənim üçün cəmi beş dəqiqəlik bir işdir” deməyə başlayacaqsınız!

 

2) İşlədiyiniz yeri yenidən qurun

İşlədiyiniz yerin üzərinizdə olduqca böyük bir təsiri olduğunu hiss etmisinizmi? Masanıza və otağınıza bir göz gəzdirin, içinizdən yatmaq yoxsa işləmək hissi gəlir? Seçiminiz birincidirsə, iş mühitinizi dəyişdirin. Başqa bir məqam da əvvəllər sizə ilham verən bir əşyanın zamanla təsirini itirə biləcəyi ehtimalıdır. Əgər belə bir vəziyyət varsa, deməli bir şeyləri dəyişdirməyin vaxtı gəlmişdir.

 

3) Özünüz üçün detallı bir qrafik yaradın

Bütün işləri tamamlamaq üçün bir tarix olduğu zaman təxirə salmaq olduqca asandır. Bunun səbəbi isə bu tarix gələnə qədər daha çox vaxtınız olduğunu düşünərək heç nə etməməyə meylli olmağınızdır. Bəs birdən çox son təhvil tarixi varsa? Kiçik hissələrə böldüyünüz işlərin hər biri üçün bir tarix təyin edin. Beləliklə hər addımı tamamlamaq üçün bir tarixiniz olacaqdır.

 

4) Sizi təxirə salmağa məcbur edən amillərdən xilas olun

Əgər görməli olduğunuz işi həmişə son dəqiqəyə qədər təxirə salırsınızsa, bəlkə də təxirə salmağı bu qədər asanlaşdırdığınızdan irəli gəlir. İnternetdə ən çox vaxt sərf etdiyiniz şeyləri və ya oyunları müəyyənləşdirin və onlardan istifadə etməməyə çalışın. Məktub (mail) bildirişlərinizi söndürün. Ətrafınızda diqqətinizi dağıdan şeylər varsa, onlardan xilas olun. Sosial mediada çox vaxt sərf edirsinizsə, qəti həll yolu olaraq Facebook və digər sosial media hesablarınızı müvəqqəti dondurmaq barədə düşünə bilərsiniz.

 

5) Sizə ilham verən insanlarla zaman keçirin

Araşdırmalar göstərir ki, ən çox vaxt keçirdiyiniz 5 nəfərin ortalamasısınız. 5 zəngin insanla vaxt keçirirsinizsə, 6-cı siz olacaqsınız. 5 uğurlu sahibkarla vaxt keçirirsinizsə, 6-cı siz olacaqsınız.

Sizi motivasiya edən insanları müəyyənləşdirin. Onlarla daha çox vaxt keçirməyə çalışın. Zamanla onların enerjilərinin sizə keçdiyini hiss edəcəksiniz. Bu cür insanlarla mütləq üz-üzə görüşmək də vacib deyil. Bloglarını oxuya və məktub göndərə bilərsiniz. Bu da bir növ ünsiyyətdir.

 

6) Hədəflərinizi bir tələbkar dostunuza danışın

Yəqin hamımızın bizə daim müsbət tonda “bəs nə oldu o layihə, nə irəliləyiş var” deyən yaxın bir dostumuz var. Hədəfinizi ona deyin, qoyun o sizi daim “narahat” etsin.

 

7) Hədəfinizə çatmış insanları tapın

Nə etmək istəyirsiniz? Bəs bunu əvvəllər kim edib? Gedib onlarla görüşün, danışın. Məqsədlərinizə artıq çatmış başqasını görmək, əgər çalışsanız, əldə edə bilməyəcəyiniz bir şey olmadığını özünüzə xatırlatmanın ən asan yoludur.

 

8) Hədəflərinizi nəzərdən keçirin

Əgər görməli olduğunuz işi uzun müddətdir təxirə salırsınızsa, bəlkə də bu həqiqətən etmək istədiyiniz şey deyil … Özünüzü tanıdıqca tez-tez qarşınıza qoyduğunuz hədəflərin artıq sizin üçün eyni mənanı ifadə etmədiyini görürsünüz,  lakin hər kəs hədəflərini dəyişdirmək üçün cəsarətli deyil. İşinizdən uzaqlaşın (qısa tətil və ya bir həftə sonu qaçış da ola bilər) və tək qalın. Həqiqətən nə etmək istəyirsiniz, oraya çatmaq üçün nə etməlisiniz, atılacaq addımlar nədir, hazırkı işiniz həqiqətən etmək istədiyiniz işdirmi … Əgər deyilsə, bununla bağlı nə edə bilərsiniz?

 

9) Mürəkkəbləşdirməyi dayandırın

Başlamaq üçün ən yaxşı vaxtı gözləyirsiniz? İndi ən yaxşı vaxt deyildir, çünki filan məqamlar sizə mane olur? Bu fikri beyninizdən çıxarın: bir işə başlamaq üçün heç vaxt ən uyğun vaxtı tapa bilməyəcəksiniz. Gözləməyə davam etsəniz, çatmaq istədiyiniz yerə heç vaxt çatmayacaqsınız. Mükəmməllçilik, hər şeyi təxirə salmağınızın ən böyük səbəblərindən biridir.

 

10) Qalxın və işə başlayın

Əgər yenə də işə başlamayacaqsınızsa bu tövsiyələrin heç birinin mənası yoxdur. Strategiyanızı hazırlaya, planlamalar edə bilərsiniz, ancaq işə başlamırsınızsa heç bir nəticə olmayacaq. Bəzi oxucularım və müştərilərim vəziyyətlərindən şikayətlənsələr də, heç vaxt masada oturmurlar. Dürüst olaq, etməli olduqları işi təxirə salmaqla müvəffəq olan heç kimə rast gəlmək mümkün deyil. Hər nəyi təxirə salırsınızsa, bilin ki, onu həll etməyin yeganə yolu o masada oturmaqdır. Buna görə də elə indi yerinizdən qalxın və işə başlayın!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir