paltaryuyan

Təzə geyimləri düzgün şəkildə necə yumalı?

Baxış sayı: 471

İnsanlar yeni alınmış paltarı dərhal geyinmək istəsələr də,  bu, yaxşı fikir deyil. Alimlərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, yeni alınmış paltarları  mütləq yumaq lazımdır. Məsələ ondadır ki, aldığınız hər hansı  əşyanın  üzərində zərərli maddələr ola bilər. Məsələn,  parça üzərində xlor və ya ftalat izləri qala bilər. Bu, adətən aplikasiyalı, naxışlı, yazılı geyimlərdə rast gəlinir.  Bundan əlavə, kim bilir sizdən əvvəl neçə nəfər paltarı əlində saxlayıb və ya geyinib. ABŞ-ın Kolumbiya Universitetinin dermatologiya kafedrasının professoru Donald Belsito istənilən geyimi aldıqdan sonra yumağı və iki dəfə yaxalamağı tövsiyə edib. O, həmçinin xəbərdarlıq edib ki, mağazada paltarı geyinib yoxlayan digər müştərilərin bədənlərində hər hansı zəhərli parazitlər ola bilər.  Belsitonun sözlərinə görə,əsasən  çin məhsullarında əsas təhlükə mənbəyi formaldehid qatrandır. Qaz halında olan rəngsiz maddə qırışların yaranmaması və kif inkişafının qarşısının alınması üçün bir sıra geyimlərə tətbiq edilir. Formaldehid qatran dəri və allergik reaksiyalar yaradır. Bəzi tədqiqatçılar isə belə hesab edirlər ki, o, xərçəng xəstəliyinin də inkişafı riskini artırır.

paltaryuyan

Bəs görəsən yeni alınan geyimləri düzgün şəkildə necə yuyaq?

Adətən, etiketdə bütün məlumat olur. Əgər hər hansı bir səbəbə görə məlumat yoxdursa, onda aşağıda göstərilən   məsləhətlərdən mütləq  yararlanın.

Yun, anqora, ipək, kətan və ya kaşemir kimi təbii parçaları soyuq suda əl ilə və ya paltaryuyan maşınında xüsusi rejimdə yumaq lazımdır.

Neylon, laykra, viskoza, akril, elastan kimi sintetik parçaları 40 dərəcə temperaturda paltaryuyanda yumaq olar.

Dəri üçün ən təhlükəsiz parça olan orqanik pampıq allergiya və qıcıqlanma yaratmır. Pambıqdan olan əşyaları 40 dərəcə temperaturda paltaryuyanda yumaq olar.

Təbii ipəkdən olan paltarları əl ilə yuyun. Yüksək dərəcəli qələvi vasitələrdən uzaq olun.

Məxmər və tünd rəngli geyimləri rəngi çıxan və tüklü əşyalarla bir yerdə yumayın.

Qara geyimlərə ehtiyatla yanaşmaq lazımdır – onlar parlaqlığını tez itirirlər və solurlar. Ona görə aşağı temperatur və qısa dövriyyə yuma rejiminə üstünlük verin. Həmçinin tünd rəngli geyimləri və cins əşyaları tərs üzünə çevirib yuyun.

Parlaq rəngli paltarları yumadan əvvəl rəngin çıxıb-çıxmadığından əmin olun. Bunun üçün qaynar suyun içinə paltarın bir ucunu salın və ağ parçanın üzərinə sıxın. Əgər rəngi çıxırsa, ayrı yuyun.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir