oturaq is

Təzyiq, babasil, piylənmə və daha 13 xəstəliyin bir səbəbi – çox oturmaq

Baxış sayı: 1. 189

Müasir dövrün insan sağlamlığı üçün ən əsas bəlalarındın biri oturaq həyat tərzidir. Əgər bir neçə ildən sonra Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərində qeyd olunsa ki, ölüm hallarının və əksər xəstəliklərin əsas yaranma səbəbi oturaq həyat tərzidir, buna heç kim təəcüblənməməlidir. Çünki oturaq həyat tərzinin insan orqanizmi üçün yaratdığı ciddi problemləri saymaqla qurtarmaq olmaz.

İlk baxışdan belə həyat tərzi rahat görünsə də, bu rahatlığın arxasında böyük fəsadlar, xəstəliklər durur. Yaşam tərzinin bu cür formalaşmasının əsas səbəbkarı isə elə insanın özüdür.

Əvvəlcə gündəlik həyatımızın hərəkət axarına diqqət yetirək. Təəssüflər olsun ki, bu axarda piyada hərəkət etməkdən başqa hər şey var. Lift, nəqliyyat vasitəsi, oturaq iş rejimi, işdən sonra evdə divan, kreslo, saatlarla televizorun və kompüterin qarşısında vaxt keçirmək, bütün texniki avadanlıqların pultla idarə olunması bizləri oturaq həyat tərzi keçirən ən “fəal” insana çevirir.

Bəs bu “rahat” yaşam tərzi sağlamlığımıza nələr vəd edir?

1. Dayaq hərəkət sistemində, onurğa sütununda problemlər. Skalioz və osteoxondroz xəstəlikləri.

2. Fəqərə yırtıqları

3. Ürək-damar xəstəlikləri

4. Xərçəng xəstəliklərinə tutulma riskinin artması

5. Baş ağrıları

6. Görmə qabiliyyətinin zəifləməsi

7. Radikulit

8. Xroniki yorğunluq

9. Yuxunun pozulması

10. Sinir gərginliyi, əsəbilik, depressiya və stress

11. Mədə-bağırsaq sisteminin pozulması, qəbzlik

12. Babasil xəstəliyi

13. Qan durğunluğunun yaranması və qan təzyiqi

14. Cinsi zəiflik və prostat problemləri

15. Çəki artımı və piylənmə

Xəstəliklərin siyahısını bir az da uzatmaq olar. Ancaq bu siyahını oxumaqdansa, oturaq həyat tərzinin törətdiyi fəsadlardan, yaratdığı xəstəliklərdən necə yaxa qurtarmağın yollarını araşdırmaq daha yaxşı olar.

İlk növbədə iş rejimi oturaqlıq tələb edən insanlar hər saatdan bir heç olmasa beş dəqiqəlik fasilə etməyi qarşısına məqsəd qoymalıdır. İstər ofisdə, istərsə də evdə monitor qarşısında əyləşəndə iş arası hər saatdan bir 5-10 dəqiqə fasiləyə vaxt ayırın. Ancaq bu fasilə kompüterdən televizorun qarşısına keçməklə əvəzlənməməlidir. Yüngül idman hərəkətləri, gəzişmək, təmiz havaya çıxmaq sağlamlığınız üçün yarana biləcək problemlərin qarşısının alınmasında sizə yardımçı olacaq.

Oturaq həyat tərzi keçirənlər qida rasionlarına ciddi diqqət yetirməlidirlər. Belə ki, kalorisi az, vitamin və mikroelementlərlə zəngin qidalar rasiona daxil edilməlidir. Meyvə və tərəvəzə daha çox üstünlük verilməlidir.

İş otağının normal işıqlandırılmasına və təmiz hava ilə təmin olunmasına xüsusi diqqət yetirilməlidir.

Çalışın ki, heç olmasa qət etdiyiniz kiçik məsafələrdə nəqliyyatdan istifadə etməyəsəniz. Yaxud, arabir lifti unudub mərtəbələri piyada qalxmağa vərdiş edin.

İşinizi bitirdikdən sonra kompüter qarşısında əyləncə naminə oturmaq kimi asılılıq vərdişindən özünüzü xilas edin.
İstirahətinizi saatlarla televizor qarşısında uzanmaqda tapmayın. Belə “istirahət” əksinə olaraq sizin beyninizin gərginliyini artıracaq.

Əgər oturaq həyat tərzinin sağlamlığınız üçün yaradacaq problemlərindən yaxa qurtarmaq istəyirsinizsə idmanın hər hansı bir növü ilə məşğul olmağa vaxt ayırın.

Yatacağınızın çox yumşaq, balışınızın isə hündür olmasına yol verməyin.

Həftədə ən azı bir gün bütün işləri kənara atmağı bacarın. Elə düşünməyin ki, orqanizm dəmir parçasıdır.

Unutmayaq ki, qapalı yerə həbs edilməyin bir adı da “oturmaq”dır.




1 şərh “Təzyiq, babasil, piylənmə və daha 13 xəstəliyin bir səbəbi – çox oturmaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir