taksi

Taksi şirkətlərindən olan narazılıqları necə azaltmalı?

Baxış sayı: 1. 145

Uşaq vaxtı baxdığım türk serialları içərisində ən çox bəyəndiklərimdən biri də “Çiçək Taksi” idi. Uşaqlığımızın serialı idi desək, yanılmarıq. Hələ illər əvvəl bu serialı izləyərkən düşünürdüm ki, görəsən, nə vaxtsa bizdə də belə taksi şirkətləri olacaqmı? Zaman keçdi, illər dəyişdi və necə deyərlər, “o əjdaha”dan bizdə də oldu.

Həqiqətən də illər əvvəl ən çox çətinliklə üzləşdiyimiz sahələrdən biri də taksi xidməti idi. Çünki kifayət qədər baha olan bu xidmətdən bütün təbəqədən olan vətəndaşlar istifadə edə bilmirdi. Son illər isə bu tendensiya tamam dəyişib. Belə ki, rəqabət bazarında taksi şirkətlərinin sayının çoxalması qiymət siyasətinə ciddi şəkildə təsir göstərib. Razılaşmalıyıq ki, şirkətlərin artması ilə taksi xidmətinin əlçatanlığı təmin edildi. Artıq demək olar ki, hər kəs taksi xidmətindən istifadə edərək mənzil başına vaxtında və rahatlıqla çata bilir. Bəs, bununla da bütün problemlər həll olurmu? Təbii ki, yox. İstənilən sahədə, xüsusilə də xidmət sektorunda problem qaçılmazdır. Müştəri məmnuniyyətinə nail olmaq elə də asan deyil.

 

“Ucuz ətin şorbası dadsız olur”

Sosial şəbəkədə keçirdiyimiz sorğu zamanı aydın oldu ki, taksi şirkətləri ilə əlaqədar narazılıqlar sürücülərin müştərilərlə davranış qaydaları, müştəriyə pulun qalığının qaytarılmaması, sürücünün gediləcək yeri yaxşı tanımaması, ödənişin nağd və ya kartla edilməsi zamanı yaşanır. Qeyd edək ki, narazılıqların böyük əksəriyyəti xanımlar tərəfindəndir. Müştərilər bildirirlər ki, hazırda taksi şirkətlərinin sayının çox olması onlara sifariş zamanı alternativ variantlarının mövcudluğu üstünlüyünü verir. Yəni, biri alınmadısa, digər şirkətdən taksi sifariş edirsən. Təbii ki, şirkətlər arasında qiymət fərqi də müşahidə edilir. Belə ki, “ucuz ətin şorbası dadsız olur” məsəlinə əsasən deyə bilərik ki, qiyməti ucuz olan şirkətlərin xidmətinin keyfiyyəti də aşağı olur. Bunu sürücünün davranışından tutmuş, oturduğumuzun maşındakı şəraitə qədər bütün nüanslara aid etmək olar. Əlbəttə, qeyd edilənlərə bütün müştərilər həssaslıqla yanaşmır, bəziləri üçün qiymət faktoru öndədir. Yəni, onlar üçün necə biri ilə hansı şəraitdə getmələrindən daha çox, ödəyəcəkləri məbləğ əsasdır. Amma digər bir qisim isə “bir az baha, amma keyfiyyəti olsun” deyir. Lakin hətta bu taksilərdən də müəyyən şikayətlər olur.

Bütün bunları nəzərə alaraq, taksi şirkətlərindən olan narazılıqları minimuma endirmək üçün hansı addımların atılması gərəkdiyini öyrənməyə çalışdıq.

 

İctimai nəqliyyatda xidməti yaxşılaşdırmaq lazımdır

Nəqliyyat məsələləri üzrə ekspert Hüseyn Abdullayev qeyd edir ki, taksi şirkətləri fəaliyyətlərinin genişlənməsi ilə sanki ictimai nəqliyyatla rəqabətə girməyə başladılar: “İnsanları ictimai nəqliyyatın vəziyyəti qane etmirdi. Nəticə etibarı ilə taksi xidmətinə tələbat yarandı və tələbat varsa, mütləq şəkildə təklif də var. Əhalinin də işsiz təbəqəsinin taksi fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq, xidmətin genişlənməyinə təəccüblənmək olmaz. Çünki bu sahədə fəaliyyət göstərmək üçün elə də ciddi tələblər yoxdur. Demək olar ki, sürücülük vəsiqəsi olan hər kəs taksi şirkətində işləyə bilər. Beləcə, şirkətlərin çoxalması və “Uber” və “Bolt”un bazara girişi qiymətin optimallaşmasına təsir etdi. Qiymətlərin ucuzlaşması insanların taksidən ictimai nəqliyyat kimi istifadə etməsinə gətirib çıxardı. Bu da təbiidir ki, bu qədər sürücü ordusuna nəzarət etmək fiziki cəhətdən qeyri-mümkündür. Belə problemlərin həll edilməsi üçün, deyəcəyim nə qədər paradoksal səslənsə də, məncə, ilk növbədə ictimai nəqliyyatda xidməti yaxşılaşdırmaq lazımdır. İctimai nəqliyyatın xidmət səviyyəsini, əlçatanlığını artırmaq lazımdır. Bununla insanlar taksi xidmətlərindən daha az istifadə edərlər. Taksilərdən az istifadə şəhərdəki tıxacların həcmini də azaldacaq. İctimai nəqliyyatdakı vəziyyət düzəldikdən sonra hansısa taksi şirkətinin fəaliyyətini tənzimləmək üçün müəyyən işlər görə bilərik”.

 

Maşınlara kassa aparatı qoyulmalıdır və…

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu mövzu ilə bağlı qurumlarına çoxsaylı şikayətlərin daxil olduğunu qeyd edir: “Son dönəmlər bazarda rəqabətin yaranması qiymətin xeyli dərəcədə aşağı düşməsinə səbəb oldu. Məsələn, əvvəllər hava limanından şəhərin mərkəzinə 25-30 manata gətirirdilərsə, indi bu qiymət 2 dəfə aşağı düşüb. Bu, çox yaxşıdır. Amma bu da danılmaz faktdır ki, bəzi məqamlarda narazılıqlar da olur. Daxil olan şikayətlərin böyük əksəriyyəti qiymətlə bağlıdır. Bir vətəndaşımız şikayətində qeyd etmişdi ki, sifariş zamanı deyilən pulu verəndə, sürücü bununla razılaşmayıb, müştərini götürdüyü yerə qaytarıb. Yəni belə hallarla da rastlaşmışıq. Bundan başqa, elə sürücülər var ki, naviqator proqramından düzgün istifadə edə bilmir. Həmçinin pulun qalığını qaytarmayanlar və ya göstəriləndən artıq pul istəyənlər də var. Düşünürəm ki, pulla bağlı olan problemlərin qarşısını almaq üçün maşınlara kassa aparatı qoyulmalıdır və müştəriyə ödədiyi pulun müqabilində qəbz verilməlidir. Bu həm də vergidən yayınmanın qarşısını ala bilər. Bundan başqa, ən azından, müştəri şikayət edən zaman sübutu olar. Yaxşı olar ki, şirkətlər sürücüləri üçün treninqlər təşkil etsinlər, onlara xüsusi geyim formaları versinlər”.

Bu da danılmaz faktdır ki, taksi şirkətləri nə qədər güclü marketinq strategiyası qursalar da, sürücülərin xidməti istənilən səviyyədə olmasa, müştəri məmnuniyyətini təmin etmək müşkül məsələdir.

 

Qiymət, bütün müştərilər üçün önəm daşımır

“Markaman” şirkətinin təsisçisi Rəşad Baxışovun sözlərinə görə, problemlərin yaşanmasının əsas səbəbi bazarda rəqabətin sırf keyfiyyət yox, qiymət üzərində qurulmasıdır: “Xidmət sahəsində çalışan hər bir şirkət bilməlidir ki, onun müştərisi kimdir. Taksi şirkətinin müştərisi elə taksi sürücülərinin özləridir. Yəni şirkət sürücülərini müştəri olaraq qəbul edib, onlar üçün ən yaxşı iş şəraiti yaratmalıdır. Baxın, rəqabət bazarında sırf seçilmək üçün taksi şirkətləri xidmətin qiymətini çox aşağı qoyurlar. Bu da təbii ki, sürücüyə sərf etmir. Bəs, reallıq necədir? Bu gün bazar araşdırması etsək görərik ki, elə ən çox istifadə edilən taksi bahalı olandır. Bu da onu göstərir ki, heç də bütün müştərilər üçün qiymət önəm daşımır. Taksi şirkəti öz sürücülərinin də maraqlarına xidmət etməli və qorumalıdır. Bunun üçün ilk növbədə gediş haqqını və komisyon pulunu normal qiymətə qoymaq lazımdır. Müştəri birinci dəfə seçimi taksi xidmətinə görə edirsə, ikinci dəfəki seçim sırf sürücüdən asılıdır. Burada isə bir çox amillər rol oynayır. Məsələn, sürücünün xidmət zamanı musiqi seçimi, müştəri ilə dialoqu, maşının təmizliyi vətəndaşın növbəti dəfə seçiminə təsir edən nüanslardır. Sürücü də bunun fərqində olmalıdır ki, işlədiyi şirkətin yenidən seçilməsi onun davranışından asılıdır. Bunun üçün isə sürücüləri bir yerə yığıb, zamanlarını alıb xüsusi təlimlər keçmək şərt deyil. Hətta bunu sürücüyə gündəlik mesaj göndərərək də etmək mümkündür”.

 

Hazırda hava taksiləri də populyarlıq qazanmağa başlayıb

Taksi şirkətlərinin xidmətindən, qiymət siyasətindən yazmışkən, bu mövzu ilə bağlı bəzi maraqlı informasiyaları da sizinlə bölüşmək istəyirik.

Məsələn bilirdinizmi, taksilər 18-ci əsrdə Fransada peyda olub və bunlar muzdla tutulan “taksi insanlar” idi. Arabalı taksilər hələ Qədim Romada mövcud idi. Arabanın üzərində xüsusi “taksometrlər” də quraşdırılmışdı və bu taksometr adi bir çanaq idi. Təqribən hər 200 metrdən bir bu çanağa bir daş atılırdı. Taksi xidmətinin haqqı isə mənzil başına çatdıqda, çanaqdakı daşların sayına görə təyin edilirdi. Taksi üçün sarı rəng hələ 20-ci əsrin əvvəlində “Yellow Cab” şirkəti tərəfindən seçilib. Şirkət sırf taksi fəaliyyəti ilə məşğul olması üçün avtomobillər istehsal edirdi. Avtomobillər üçün sarı rəngin seçilməsində səbəb sadə idi. Belə ki, sarı rəng uzaqdan daha aydın görünürdü. Dünyada ən ucuz taksi Çindədir və burada taksi sürücülərinin 30%-i

qadınlardır. Finlandiyada isə taksi sifarişlərinin demək olar ki, yarısı internet vasitəsilə həyata keçirilir. Venesiya, Yeni Zelandiya və Hollandiyada isə su taksiləri geniş yayılıb. Qeyd edək ki, texnika və texnologiyanın inkişafı ilə hazırda hava taksiləri də populyarlıq qazanmağa başlayıb. Mərkəzi İsveçrədə olan maliyyə qurumu 2018-ci il üçün yayımladığı “Qiymətlər və qazanclar” sənədində ölkələrin şəhərlərinə görə taksi ilə gediləcək 5 kilometrlik səfərin neçə dollar olduğunu açıqlayıb. Sənədə görə, 5 km səfər üçün ən yüksək taksi tarifləri Norveçin Oslo şəhərindədir. Osloda taksi ilə 5 km səfər gerçəkləşdirmənin məbləği 32 dollardır. Eyni məbləğdə pulla taksi ilə Ukrayna və Hindistanda 66 kilometr yol getmək olar. Kiyevdə taksi ilə 4.8 kilometr yol getmək 1,59 dollara, Dehlidə isə 1.54 dollara başa gəlir.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir