peçenye

Tale peçenyeləri – ÇİN MƏTBƏXİNDƏN

Baxış sayı: 1. 009

Çinlilərin məşhur tale peçenyelərinin (fortune cookies) hazırlanma qaydasını təqdim edirik.

Tərkibi
 (6-10 ədəd):

3 x.q. kərə yağı
2 yumurtanın ağı
0,5 st. şəkər tozu
0,5 st. un
0,5 ç.q. vanilli şəkər

Bu peçenye çox “kaprizli”dir, birdəfəyə cəmi dördünü bişirmək olur, çünki hazır olan kimi, isti-isti forma vermək lazımdır. Birdəfəyə çox bişirəndə, ilk 4 peçenyeyə forma verənədək digərləri soyuyub bərkiyir və onlardan daha heç nə düzəltmək olmur.

Öncədən yaxşı olar ki, “tale kağızlarını” hazırlayasınız, müəyyən ifadələri, yaxud aforizmləri kağızda çap edib nazik şəridlərə doğrayın (yəni peçenyenin içindən çıxan kağızdan bitmiş bir fikir oxumaq mümkün olsun).

Yumurta ağlarını şəkər tozuyla çalın, əridilmiş kərə yağı, un əlavə edib mikserlə yaxşıca çalın. Duru xəmir alınmalıdır.

Siniyə perqament döşəyin, sobanı 180-200 dərəcə qızdırın.

Çay qaşığı ilə xəmirdən götürüb perqamentin üzərinə tökün, qaşığın qabarıq hissəsiylə səliqəylə xəmiri 12 sm diametrli dairə boyda yayın. (Bu qayda ilə 4 ədəd hazırlayın).

Sinini sobaya qoyub təxminən 8 dəqiqə, peçenyelərin kənarı qızılı-qəhvəyi rəng alanadək bişirin.

Peçenyeləri sobadan çıxarın, iti bıçaq, yaxud kürəyin köməyilə perqamentdən ayırın, ortasına kağız qoyun, kənarlarını qatlayın, sonra ortasını bir stəkanın kənarına qoyub, sıxaraq qatlayın.

Peçenye açılmasın deyə onu balaca badənin içinə qoyun. Belədə, bir neçə dəqiqə onu əlinizdə tutub lazımi formanı alanadək gözləməyinizə ehtiyac qalmır. (milli.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir