onlayn ders

Tam distant təhsilin hansı fəsadları olacaq?

Baxış sayı: 28

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Bu qərarın verilməsindən sonra cəmiyyətdə yenidən məktəblərin tam qapanmasının təhsilin keyfiyyətinə ciddi təsir edəcəyi barədə iddialar var.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirir ki, məktəblərdə tədrisin ilboyu qeyri-sabit davam etməsinin təhsilin keyfiyyətinə təsiri danılmazdır: “İstər psixoloji, istər də keyfiyyət baxımından tədrisin gah əyani, gah hibrid, gah da tam distant keçirilməsinin təsiri çox böyükdür. Bu, şagirdlərin dərsi qavramasına təsir edir. Həmçinin şəhərin özündə belə distant təhsilə əlçatanlıq tam deyil. Amma bununla belə pandemiya dövründə başqa çarə yoxdur. Distant təhsil məqsəd deyil, vasitədir. Bir növ çıxış yoludur. Bu gün distant təhsil üçün bütün resurslar cəlb edilib. Amma yenə də distant təhsilə əlçatanlıq tam təmin edilməyib”.

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

N.İsrafilov deyir ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədrisin distant formaya keçməsi təkcə Təhsil Nazirliyinin qərarı deyil:

“Artıq təhsildə aşkarlıq, şəffaflıq var. Təhsil Nazirliyi təkbaşına qərar qəbul etmir. Nazir sosial şəbəkədə sorğu keçirdi. Bu sorğuda sağlamlıq ön plana çəkildi. Düzdür, hazırda bir qrup tam distant təhsilin əleyhinədir, bir qrup isə əksini düşünür. Hətta məlumdur ki, distant təhsil forması intiharlara da təsir edir, şagirdlərdə özünəqapanma var. Bununla belə valideynlərin çoxu hazırda dərslərin distant formada keçirilməsinin tərəfdarıdır. Bu onu göstərir ki, sağlamlıq bizim üçün də önəmlidir”.

Ekspert tam distant təhsilə keçmənin fəsadlarının bir müddət sonra özünü büruzə verəcəyini söyləyir. Onun sözlərinə görə, şagirdlərin məktəbə adaptasiyasında problem yaranacaq: “Sadalanan ərazilərdə məktəblərdə təhsil tam distant formaya keçirilsə də bu qərar tədris kurslarına şamil olunmur. Beləcə, kurs və repetitor institutu bir az da inkişaf tapacaq. Deyərdim ki, repetitorlara meyl daha da artacaq”.

N.İsrafilov bildirir ki, bu səbəblərdən də orta məktəblərdə təhsilin forması ilə bağlı ortaq çıxış yolu tapmaq lazımdır: “Mənim fikrimcə, hazırda çıxış yolu lokal şəraitə uyğun differensial yanaşmadır. Mən hazırkı vəziyyətdə bütün məktəbləri bağlamağa əsas görmürəm. Hansı məktəbdə yoluxma faizi yüksəkdirsə, risk varsa, onları bağlamaq lazımdır. Çünki bu gün Bakıda yoluxma faizi yüksək olmayan məktəblər də var. Onlarda təhsili hibrid davam etdirmək mümkündür”.

kamran esedov

Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, tədrisin distanta keçirilməsi nə qədər ağır olsa da, gözlənilən qərar idi: “Təbii ki, distant təhsilə keçid ciddi problemlərə səbəb olacaq. Amma digər tərəfdən yoluxma sayında kəskin artım var. Bu da tədrisin ənənəvi qaydada keçirilməsinə imkan vermir”.

Ekspert bildirir ki, tədrisin məsafədən təşkili çox ciddi problemləri də özü ilə gətirəcək: “Çünki bizim elektron resurslarımız yoxdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bir il ərzində heç bir resurs yaratmayıb. Yəni onlar onlayn tədris üçün TV dərsləri, virtual məktəbi ortaya qoyublar. Bu vəziyyətdə isə tam distant təhsilə keçmək effekt verməyəcək. Təkcə resurs çatışmazlığı deyil, eyni zamanda elektron ləvazimatlar da yoxdur. Digər tərəfdən onlayn dərslər zamanı valideyinlər əksər hallarda evdə olmayacaqlar. Onlar dərslərdə necə iştirak etməlidirlər? Hesab edirəm ki, birmənalı şəkildə distant təhsilə keçid mənfi bir tendensiya idi. Çünki şagirdlərin uzun müddət tədris prosesindən kənarda qalması onlara ciddi şəkildə mənfi təsir göstərəcək”.

osman gunduz

İKT üzrə ekspert Osman Gündüz isə deyir ki, hökumət distant formada təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb. Nazirlik isə bu problemin həllini müəllimlərin və valideynlərin üzərinə qoyub: “Təhsil Nazirliyi təşkil etdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Gözlənildiyi kimi, nazirlik çoxluğun distanta üstünlük verdiyini açıqlayıb. Bunu nəzərə alan nazirlik pandemiya müddətində əsasən distant təhsil formasına üstünlük verəcək. Amma hələlik nazirlik distantla bağlı, daha doğrusu, distant təhsilin keyfiyyəti ilə bağlı zəruri olan bir çox məsələlərə aydınlıq gətirməyib. Uzun müddət ölkədə distanta hazırlıq aparılmayıb. Texniki-texnoloji və hüquqi əsaslar yaradılmayıb. Baxmayaraq ki, Nazirliyin əlində bununla bağlı ictimai əhəmiyyət kəsb edən informasiyalar var, təəssüf ki, onlar indiyədək açıqlanmayıb.

Biz hələ də bilmirik ki, neçə müəlimin və şagirdin kompüteri yoxdur? Neçə müəllim və ya şagirdin internet ödəniş imkanı yoxdur? Ümumiyyətlə nə qədər şagird və müəllimin keyfiyyətli internetə əlçatanlığı var? Neçə müəllim və şagirdin distant üçün evdə normal şəraiti yoxdur və mənimsəmə zəifdir? Distant üçün zəruri olan rəqəmsal tədris resursları, metodiki təminat yetərlidirmi? Nə qədər müəllim və şagirdin rəqəmsal bacarıqları yetərli deyil və s. Bu sualların hamısının cavabı TN-də var.

Fikrimcə, nazirlik bilir ki, keyfiyyətli distantın təşkili üçün ölkə üzrə şərait qənaətbəxş deyil. Güman etmək olar ki, bununla bağlı TN hökumətə də texniki-texnoloji dəstək üçün müraciət edib. Lakin məlum olduğu kimi, indiyədək hökumət tərəfindən TN-ə bu istiqamətdə dəstək verilməyib. Belə olan halda isə, nə qədər qəribə görünsə də, nazirlik problemin həllini müəllimlərin, şagirdlərin və valideynlərin üzərinə atmaq məcburiyyətində qalıb”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir