Tutu Zeynalova

Tanınmış dietoloq:”dedim ki, sənin oğlunu böyütməyə kömək etmişəm, sən də mənə oğlumu böyütməyə kömək et”

Baxış sayı: 814

Deyir ki, övladı səhv edəndə, əsəbiləşmək, aqressiv reaksiya vermək əvəzinə, onunla söhbət etməyə çalışır. Etdiyi səhvin açıqlamasını onun öz dilindən dinləyir, özünü onun yerinə qoyur, onu başa düşməyə çalışır, sonra fikrini bildirir. Qeyd edir ki, bu zaman uşaq valideynin dediklərini daha yaxşı başa düşür. Söhbət dietoloq Tutu Zeynalovadan gedir.

“Mənim balam” rubrikamızın qonağı olan T.Zeynalovanın 14 yaşında Kənan adlı bir oğlu var. Onunla ana olmaq, övlad yetişdirmək, ana kimi övladına yanaşması və s. bu istiqamətdə söhbətləşdik.

 

– Psixoloqlar deyirlər ki, ana olmağa hazır olmaqla bağlı xüsusi yaş yoxdur. 30-35 yaşında biri belə dünyaya gətirər, amma ana məsuliyyətinə hazır olmaz. Siz 26 yaşınızda ana olmusunuz. Necə düşünürsünüz, o vaxt, psixoloji olaraq ana olmağa hazır idiniz?

– “Psixoloji olaraq ana olmağa hazıram” anlayışını qadın üçün tam da doğru hesab etmirəm. Çünki yaşamadığın bir şeyə necə hazır ola bilərsən? Ailə həyatına hazır olub-olmamaq məsələsi var. O da qarşılıqlı anlayış və s. önəmli məqamlardan asılıdır. Həkim olduğum üçün uşaqla, ana olmaqla bağlı təməl biliklərim var idi. Bir də məndə bir az məsələ fərqli idi. Bacım məndən 7, qardaşım isə 15 yaş balacadır. Bizim evdə həmişə balaca uşaq olub və mən anama uşağa baxmaqda kömək etmişəm. Demək olar ki, qardaşımı mən böyütmüşəm, gəzdirmişəm, geyindirmişəm. Yəni o təcrübəni yaşadığım üçün ana olmağa hardasa hazır olduğumu da deyə bilərəm. Öz övladım olanda da, anama dedim ki, sənin oğlunu böyütməyə kömək etmişəm, sən də mənə oğlumu böyütməyə kömək et (Gülür).

 

– Yəqin ki ananız sizə övladınızı böyütməkdə kömək edib. Bu kömək nədən ibarət olub?

– Təbii ki mən onu zarafatla demişdim. Amma uşağı böyütməkdə anam mənə həqiqətən çox kömək etdi. Onun köməyi olmasa idi, mən iş həyatımda bu qədər uğurlu ola bilməzdim. Çünki uşaq qayğı, baxım, diqqət tələb edir. Buna görə də anamın övladıma məndən çox analıq etdiyini deyə bilərəm. Biri var uşağı dayənin yanında qoyub gedirsən, bu zaman istər-istəməz adam narahat olur. Amma nənə elədir ki, daha rahat olursan. Kənanın böyüməsində anamın zəhməti çoxdur. İndi də dərsdən sonra anamgilə gedir. Biz işdən qayıdanda, onu götürüb evə gəlirik.

– Necə bir ana olmağa çalışırdınız və necə bir ana oldunuz?

– Oğluma ana deyil, dost olmağa çalışıram. Məncə, bu, məndə alınır. Çünki onun üzərinə basqı etmirəm, fikrini alıram. Bir böyük kimi uşağın fikrini öyrənmək çox vacibdir. Bəzən deyir ki, olar, filan şeyi edim? Deyirəm ki, hə, et. Deyir ki, axı, o səhvdir, niyə onu etməyə icazə verirsən? Deyirəm ki, bir dəfə et, səhv olduğunu gör. Sonra fikrin orda qalmayacaq. Təbii ki söhbət burda böyük səhvlərdən, təhlükəli işlərdən getmir. Uşaq ağlı ilə edə biləcəklərini deyirəm.

 

– Tək sizinlə dostdur, yoxsa atası ilə də münasibəti belədir?

– Atası ilə də dostdur. Bu münasibəti tək mən deyil, yoldaşımla bir yerdə formalaşdırmışıq. Bizə hörmət edir, amma valideyndən qorxmaq kimi məsələlər yoxdur. Hər kəsin fikir azadlığı var, bu, uşağa da aiddir. Hər bir məsələdə diskussiya edib qərar veririk. Biz istəmirik ki, uşağımız valideynlərindən qorxub çətinliyini başqasına danışsın, özgəsindən məsləhət alsın. Qoy bizi dost bilsin, bizimlə bölüşsün. Çünki valideynlərindən qorxub yanlış addımlar ata bilər.

Atası ilə qorxutmaq kimi üsullardan qətiyyən istifadə etmirəm. Məsələn, mənə deyir ki, filan şey istəyirəm. Deyirəm ki, atandan soruş, gör nə deyir? Deyir ki, ata ilə danışdım, filan şey dedi. Belə ortaq məxrəcə gəlirik. Bizim fikrimizi alır və hörmətlə yanaşır. Məncə, belə daha yaxşıdır, nəinki qorxutmaq, yaxud hansısa gərginlik. Mən uşaq vaxtı çox yaxşı oxuyurdum. Dərslərimdə çox disiplinli, məsuliyyətli idim. Mənim üçün bir gün məktəbə getməmək, hansısa dərsi öyrənməmək faciə idi. Amma indi düşünürəm ki, bu qədər travma lazım deyil. Uğur bir az şans, zəhmət, əziyyət nəticəsidir, bu, öz yerində, amma buna görə uşağı travmaya salmaq, onu incitmək, əzmək düzgün deyil. Elə ailələr var ki, uşaq dərsini oxumadı, yaxud “3” aldı, ata döydü, qışqırdı, bağırdı, dava düşdü və s. Nəyə lazımdır? Uşağın motivasiyasını salmaqdansa, onunla necəsə maraqlanmaq lazımdır. Niyə alınmadı səndə? Qoy, uşaq danışsın.

– Kənan həmişə danışırmı?

– Oğlum bilir ki, istədiyi vaxt, istədiyi mövzuda mənə müraciət edə bilir. Bilir ki, mən onu danlamayacağam. “3” alsa belə, mənə deyir. Danlamıram. Çünki danlamağın düzgün olmadığını düşünürəm. Mən uşaq vaxtı “5-” alanda belə danlanırdım, bu, çox travmatik məqam olur. Mən isə düşünürəm ki, o, mənim övladımdırsa, həyatda bəlli bir yerlərə gələcək. Övladıma inanıram. Bunu bütün valideynlərə də tövsiyə edərdim. Heç vaxt başqa uşaqları övladıma nümunə gətirib onun özgüvənini qırmaram. Hər uşağın beyninin məlumatı qavrama səviyyəsi var. Məcbur etmək olmaz. Uşağı qırmadan, motivasiyasını salmadan tələb etmək lazımdır. Kənan “3” alırsa, deyirəm ki, 3 də bir qiymətdir. Eyni zamanda deyirəm ki, oğlum, əminəm ki, sən bu dərsi “5”ə layiq bilirsən, amma həmin gün ola bilər ya yaxşı hazırlaşmamısan, ya özünü pis hiss etmisən, ya yorğun olmusan, ona görə “3”ə uyğun cavab vermisən. Bu, sənin zəif şagird olmağın demək deyil. Bilirəm ki daha yaxşısını bacararsan və görürəm ki, o, özündə məsuliyyət hiss edir və öz üzərində işləyir.

 

– Dərsləri ilə nə dərəcədə maraqlana bilirsiniz? Hansı tərəfləri güclüdür, zəif yönləri nələrdir?

– Özəl məktəbdə oxuyur, savadlı uşaqdır. Bütün dərsləri ingilis dilindədir. Beyninin məlumatları qavrama bacarığı böyükdür, amma onun hamısını istifadə etmir. Çünki müasir uşaqların fikri kompüter, oyunlar və sairdir. Bu, bizdən də yan ötməyib. Amma oxuyur, kifayət qədər uğurludur. Tələb edirəm. Həm də elə məktəbdir ki, hər dərsdən sonra imtahan kimi sorğulayırlar. Oxumamaq ehtimalı da yoxdur. Mən vaxt məhdudluğumu nəzərə alıb özəl məktəbə qoydum. Çünki işlərimlə əlaqəli ola bilər vaxtım yetməz və kifayət qədər maraqlana bilmərəm. Dərsləri ilə daha çox yoldaşım maraqlanır, amma mən də nəzarətdə saxlayıram.

İT mövzusunda bacarıqlıdır, riyaziyyatı yaxşı bilir. Futbola marağı var, həftədə 1-2 dəfə dostları ilə futbol oynayır. Bəzi şeylər genetikdir. Təşkilatçılıq qabiliyyəti və s. çox güman ki məndən keçib.

– Tibb işçisi olaraq sağlamlığına, diyetoloq olaraq isə qidalanmasına yanaşmanız maraqlıdır.

– Təbii ki uşağın sağlamlığı və təhsili mənim üçün ən önəmli məsələlərdəndir. İldə bir, yaxud 2 dəfə “çek-up” müayinədən keçirirəm. Qidalanması da anamın üzərindədir. Atam da Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı olduğuna görə, bizdə qidalanma mövzusuna həssas yanaşma var. Evdə ancaq təbii qidalar istifadə edilir. Dostları ilə gəzməyə, pandemiyadan öncə filmə gedəndə, orda təbii olmayan qidalar da yeyib. Desəm ki, uşağıma heç vaxt “Fast-food” almamışam, “Coca-cola” nədir bilmir, yalan olar. Bütün uşaqlar kimi Kənan da o qidaları sevir, amma hər gün yemir. Ayda bir-iki dəfə icazə verirəm.

 

– Nəzarətiniz olduğu üçün belədir, yoxsa sağlam qidalanma vərdişini formalaşdıra bilmisiniz?

– İndi 14 yaşı var, ona sağlam qidaları aşılamağa çalışıram və alınır. Ən azından “Fast-food”u çox sıx istifadə etmir. Uşaq vaxtı filmə filan gedəndə, deyirdi ki, atamla gedəcəm, sən gəlmə. Deyirdi ki, sən qoymursan biz burger alaq, “Coca-cola” içək, çünki səni hamı tanıyır. Hətta deyirdi ki, bütün bunlar mən diyetoloqun oğluyam deyə baş verir? Günahım budur? (Gülür). İndi artıq böyükdür, başa düşür.

 

– Deyirlər ki, ailənin tək övladı olan uşaqlar qapalı ola, sosiallaşmaq cəhətdən problem yaşaya bilirlər.

– Kənanın elə problemi yoxdur. Burda da genetik faktor önəmlidir. Üstəlik, Kənanın dayısı ilə arasında 12 yaş fərqi var və Kənan vaxtının çoxunu anamgildə keçirdiyi üçün özünü tək uşaq kimi hiss etməyib. Amma tək uşaq tərəfdarı deyiləm. Eqoist böyüyür deyə yox, sadəcə, uşağın özü üçün düşünürəm ki, ailədə heç olmasa, iki övlad olsa, yaxşıdır. Kənanın qapalı olduğunu deyə bilmərəm. Yaxşı çevrəsi, dostları var. Tək uşaq olması nə sosiallaşma problemi yaradıb, nə də eqoist edib.

 

– İşləməklə yanaşı, həm də aktiv xanımlardansınız. Televiziya, radio işləri, müsahibələr. Bu işlər övladınıza ayırdığınız vaxta nə dərəcədə təsir edib?

– Övladıma istədiyim qədər vaxt ayıra bilmirəm. Amma hər fürsəti dəyərləndirirəm. Həftə sonları özümlə rayonlara aparıram. Həftənin müəyyən günləri dostları ilə görüşürsə, müəyyən günləri mənimlə zaman keçirir. Gəzirik, hardasa otururuq, söhbət edirik.

– Dostları, çevrəsinə nəzarət edirsiniz?

– Bəli, nəzarət edirik. Hətta çalışıram ki, dostlarının anaları ilə münasibətim olsun ki, bir-birimizdən xəbər tuta bilək.

 

– Uşaqda seçim bacarığını formalaşdırmaq məsələsini psixoloqlar xüsusi vurğulayırlar. Seçimlərini necə qiymətləndirirsiniz?

– Bəli, bunu bacarmışam. Mənə deyirdilər ki, bir uşaqdır, “yox” nədir bilmir və s. Amma elə böyüməyib. Lap kiçik yaşlarından seçimi özünə buraxmışam. Zamanla artıq onda bu bacarıq formalaşıb. Məsələn, deyək ki ayaqqabı alırıq. Tutaq ki biri 70 manatdır, o biri 150. İkisini də bəyəndik, deyirəm ki, Kənan sən seç, hansını istəyirsən? Deyir ki, onsuz gələn il ayağıma balaca olacaq, ikisi də eyni dərəcədə xoşuma gəlir, 70 manatlığı alaq. Təbii ki o, digərini istəsə, yenə də alacaqdım. Özünə də deyirəm. Amma görürəm ki məntiqli seçimlər edir. Seçimi çox vaxt ona buraxıram və hər hansı sıxıntımız olmayıb.

 

– Cəmiyyətdə qadına şiddət deyiləndə, çox zaman belə fikir səsləndirilir ki, qadına qarşı şiddət olmaması üçün oğlan övladlarını düzgün yetişdirməliyik. Bu cəhətdən bir qadın olaraq nələrə diqqət etmisiniz?

– Kənan bu mövzuda disiplinli, tərbiyəli, fərqli uşaqdır. Bu da ailədən qaynaqlanır. Nə atam evində, nə öz ailəmizdə şiddət olmadığı üçün Kənan üçün belə şeylər yaddır. Əksinə, sinifdə qızları qoruyur, onlara dəstək olur, dostluq edir. Belə bir problem yoxdur. Uşağın evdə gördüyü təcrübə bu məsələdə çox önəmlidir.

 

– Kənan sizi necə ana kimi qiymətləndirir?

– Kənana bu sualı verdim, dedim necə anayam? Deyir ki, 10 ballıq şkala ilə qiymətləndirsək, sənə qiymət verməzdim, çünki sən qiymətsizsən. İndi bilmirəm doğrudan elə düşünür, yoxsa mənə xoş olsun deyə elə dedi (Gülür). Amma belədirsə, nə xoş mənə.

– Artıq elə yaşdadır ki, gələcəklə bağlı da seçimlər etmiş olar. Təhsili və sair. Burda valideyn olaraq hər hansı təsiriniz olurmu?

– Ali təhsillə bağlı seçimini bu il edəcək. Həkim olmaq istəmədi. Yola gətirə bilmədim. Amma fikrinə hörmətlə yanaşıram. İnsan sağlamlığının məsuliyyətini üzərinə götürmək istəmir. Həkimlik çox stressli iş olduğu üçün mən də çox israr etmədim. Ya İT sahəsində, ya da biznes ola bilər. Xaricdə təhsil almaq istəyir. Bircə bu mövzuda narahatam. Çünki tək uşaqdır. Burda artıq Azərbaycan mentaliteti, valideyn qayğısı sözünü deyir (gülür).

Baxarıq, hələ 3 ili var, görək dünyanın vəziyyəti necə olur, ona görə qərar verərik.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir