Dilare Selim

Tanınmış diktor: “Yoldaşım məni televiziyada görüb AzTV-yə zəng etmişdi” – MÜSAHİBƏ

Baxış sayı: 5. 847

Dilarə Səlimin sözlərinə görə, 26 ildir televiziyada olsa da, hər dəfə canlı efirin stressini yaşayır. Onunla söhbət adama o qədər xoş gəlir ki… Məlahətli səsi ilə yanaşı, səmimiyyəti, sadəliyi ilə söhbətə şirinlik qatır. Müsahibimiz 26 ildir televiziya sahəsində külüng vuran, Azərbaycan Dövlət Televiziyasından çox yaxşı tanıdığımız, ölkəmizdə ilk tok-şou müəlliflərindən olan diktor və aparıcı Dilarə Səlimdir. Təvazökarlıq edib, özü boynuna almasa da, rəssamlığı ikinci sənəti hesab etmək olar.

– İndiki Azərbaycan Dillər Universitetinin alman dili fakültəsini bitirmisiniz. Necə oldu ki, yollarınız televiziya ilə kəsişdi?
– Mən üçüncü kursda oxuyanda bizi universitetdən beş illik Berlin Universitetində oxumağa göndərdilər. Mən də müsabiqədən keçdim və sözügedən universitetdə oxumaq şansı qazandım. Atam mənim başqa ölkədə təhsil almağıma razı olmadı. Azərbaycandakı ataların əksəriyyəti kimi o da düşünürdü ki, oğlan gedib xaricdə oxuya bilər, amma qız yox. Atam özü də mənə dedi ki, əgər oğlan olsaydın, icazə verərdim. Buna görə çox küsdüm, çox pis oldum. Bu məqamda 1990-cı illərdə Azərbaycan Televiziyasında diktor müsabiqəsi elan edildi. Atam məsləhət gördü ki, özümü sınayım. Məqsədi fikrimi yayındırmaq idi, bilirdi ki, Almaniyada təhsil almağıma icazə vermədiyinə görə çox pis olmuşam. Dörd turdan ibarət müsabiqədə 200 nəfərin içindən 5 nəfər seçildi, onlardan da biri mən oldum. Əslində müsabiqəyə heç də həvəslə qatılmamışdım, sadəcə, bütün dünyaya küsdüyüm üçün fikrim dağılsın deyə getmişdim. Məndə bu sənətə sevgi, istək sonradan yarandı və indiyə qədər də işimi sevərək görürəm.

– 26 ildir televiziyadasınız. Bu illər ərzində hansı maraqlı simalar müsahibiniz olub?

– Azərbaycandakı məşhurlar, ictimai-siyasi xadimlər, mədəniyyət adamlarının əksəriyyəti müsahibim olub. Sonuncu yadımda qalan maraqlı müsahibim YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura olub. Dünyaca tanınan bir insan o qədər sadə idi ki, söhbətimiz çox səmimi alındı. Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Müslüm Maqomayev, Vaxtanq Kikabidze kimi sənətkarlar da həmsöhbətim olub. Xalq şairləri Qabil, Fikrət Qoca, Vaqif Səmədoğlu,Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Xalq yazıçıları Yusif Səmədoğlu, Anar, Çingiz Abdullayev, alimlərimiz, akademiklərimiz apardığım verilişlərin qonaqları olublar. Amma bir veriliş xatirəmdə həkk olub. Rafiq Həşimovla birlikdə 1 iyun – Uşaqların Müdafiəsi  gününə həsr olunan canlı telemarafon aparırdıq. Qəflətən, heç gözlənilmədən ümummilli liderimiz Heydər Əliyev onu əhatə edən böyük bir heyət ilə studiyaya daxil oldu. Bizim ona yaxınlaşıb söz verməyimiz, onun çıxışı yaddaşımda gözəl xatirə kimi qalıb.
– Dilarə xanım, deyəsən, yoldaşınızla da televiziya vasitəsi ilə tanış olmusunuz?

– O, məni televiziyada görüb AzTV-yə zəng etmişdi. O vaxt AzTV-dən başqa kanal yox idi. Tamaşaçılar AzTV-yə zəng edir, məktublar yazırdılar.

– Aralarında yəqin sevgi məktubları da olub…

– Olurdu. Bəzilərini saxlamışam. Onları görəndə yoldaşım əsəbiləşir. Deyirəm, xatirədir, qoy qalsın. Təsəvvür edin, başqa kanal yoxdur və hamı sənə baxır. Bizdən yeddi il əvvəl müsabiqə keçirilmişdi. Tamaşaçılar yeddi il əvvəl gələn diktorlara artıq öyrəşmişdi. Birdən-birə yeni simalar gəldiyindən tamaşaçılar üçün də maraqlı idi. Buna görə çox adam zəng edir, məktub yazırdı. Zəng edənlərin arasında həyat yoldaşım da var idi. Mən zənglərə nəzakət qaydasında cavab verməyə çalışırdım. Yəni ciddi yanaşmırdım, düşünürdüm ki, tamaşaçıdır, efirdən görüb öz məhəbbətini izhar edir. Amma yoldaşım çox təkid etdi. Təkcə zəng etməklə kifayətlənmədi, arxamca dəfələrlə televiziyaya gəldi, işdən çıxanda məni qarşıladı. İstər-istəməz məndə də yavaş-yavaş ona qarşı maraq yarandı.

– Nə qədər müddət keçəndən sonra “hə” dediniz?
– Tanışlığımızın 3-4 ayından sonra ailə qurmaq qərarına gəldik. Yoldaşım indi də deyir ki, əvvəlcədən ailə qurmaq fikri ilə gəlmişdi. Mən də soruşurdum ki, axı sən məni tanımırdın, efirdə görməklə necə adam olduğumu haradan bilirdin? O da deyirdi ki, hiss edirdim ki, axtardığım, istədiyim insansan. 3-4 ay ərzində onunla ünsiyyətdə olandan, onun ailəsini yaxından tanıyandan, o, bizim ailəni yaxından tanıyandan sonra nişanlandıq.

– Yoldaşınız yəqin ki, bilirdi ki, sizə zəng edən təkcə o deyil. Ailə qurandan sonra sizi televiziyadan uzaqlaşdırmaq istəmədi ki?
– Tanışlığa gələndə rəhmətlik atam ondan ailə qurandan sonra mənə işləməyə icazə verib-verməyəcəyini soruşdu. O da dedi ki, özü necə istəsə, elə də olacaq. Atam da dedi ki, mənə söz verirsən, buna görə də özü necə istəsə, elə də olacaq. Sonradan yoldaşım boynuna aldı ki, mənim işləməyimi istəmirmiş. Amma atama söz verdiyi üçün sözündən çıxa bilməyib.

– Yoldaşınız hansı sahənin adamıdır?

– İqtisadçıdır, amma uzun illərdir zərgər kimi çalışır.

– Bir müddət Amerikada, Türkiyədə qalmısınız. Yəqin yoldaşınızın işi ilə bağlı olub…
– Yoldaşımın uşaqlıq dostu Amerikada ailə qururdu. Buna görə ora getdik və yay fəslinə düşdüyünə görə 3-4 ay orada qaldıq.  Kiçik qızım da orada dünyaya gəldi. Sonra belə bir fikir yarandı ki, köçüb Amerikada yaşayaq. Özü də istəmədi, mən də. Orada qala bilməzdik.

Türkiyədə də yoldaşım öz işini qurmuşdu, buna görə beş il orada yaşadıq. Mən də çox sevdiyim işimdən ayrılmalı oldum.  Düşündüm ki, sənətimə nə qədər bağlı olsam da, ailəni parçalamaq düzgün deyil. Kişi haradadırsa, qadın da onun yanında olmalıdır. O beş il ərzində işsiz qaldım.

-Üçüncü kursdan etibarən daim işləyən biri kimi sizin üçün çətin olmadı ki işdən uzaqlaşmaq?
– Beş il ərzində sevdiyim başqa bir işlə məşğul oldum, ürəyimdə qalan arzumu Türkiyədə reallaşdırdım. Orta məktəbin aşağı siniflərində rəssam olmaq istəyirdim, əl qabiliyyətim də var idi. Arzumu gerçəkləşdirə bilmədim, nədənsə bu sənətin arxasınca getmədim. Amma rəssamlıqla məşğul olmaq ürəyimdə qalmışdı. Orada işsiz qalanda eşitdim ki, Türkiyədə azərbaycanlı rəssam Lətafət Məmmədovanın rəsm kursları var. Yazıldım və Türkiyədə qaldığım beş il ərzində Lətafət xanımın emalatxanasında rəssamlığı öyrəndim. İndiyə qədər 20-yə yaxın tablo çəkmişəm. Arasında portret də, natürmort da, peyzaj da var.

– Rəsmlərinzdən ibarət sərgi keçirmək istəmirsiniz?
– Nəsə hələ cəsarət etmirəm. Sadəcə, bu, mənim hobbimdir, rəssam deyiləm ki…

– Təvazökarlıq etsəniz də, beş il bir sənətlə məşğul olmaq o deməkdir ki, yaxşı çəkirsiniz.  

– Hər halda bəlkə rəngləri düzgün qoyuram. Amma deyə bilmərəm ki, mən rəssamam. Düşünürəm ki, rəssamlıq Allah vergisidir. Allah bu istedadı veribsə, onu illərlə təkmilləşdirmək olar. İndi Allah mənə, sadəcə, cızmaq və boyamaq bacarığı verib. Rəssamam deyə bir iddiam yoxdur.

– Dilarə xanım, gözəl xanımsınız. Özünüzü formada saxlamaq üçün xüsusi formulanız var?
– Məncə, bu, genlərlə bağlıdır. Mən daha çox atama oxşayıram. Atam da arıq və hündürboy olub. Uşaqlıqda bədii gimnastika ilə məşğul olmuşam. Universitetdə oxuduğum dörd il müddətində isə milli rəqsə gedirdim. Universitetimizin ansamblında çox vaxt solo rəqsləri ifa edirdim.

– Kiçik qızınız bu il 11-ci sinfi bitirib, bəs böyük qızınız harada təhsil alır?
– Böyük qızım Avropada biznesin idarə edilməsi ixtisası üzrə təhsil alır. Balacam isə ADA Universitetində Beynəlxalq əlaqələr fakültəsinə qəbul olub. Onlar hazırda cəmiyyətimizdə lazım olan müasir sənətləri seçiblər. Sənət seçimlərinə qarışmasam da, hərdən AzTV-yə aparıb “mətbəx”i öyrətməyi təklif edirdim, amma həvəs göstərmədilər.

– Böyük qızınız Avropada oxumağa gedəndə icazə verməmək kimi fikir keçdi könlünüzdən?
– Əslində yanımda olmasını istəyirdim. Amma yadıma düşdü ki, mənim valideynlərim məni xaricdə təhsil almağa qoymamışdılar. Eyni şeyi təkrarlamaq istəmədim, düşündüm ki, bu, düzgün deyil. Həm də müasir dövrdə yaxşı təhsil almaq istəyirsənsə, dünya təcrübəsindən faydalanmaq lazımdır. Amma ürəyim onun yanında qalır, hər gün danışırıq.

– Qızlarınızı necə tərbiyə edirsiniz, mühafizəkar, yoxsa demokrat ana kimi?
– Qızlarımdan soruşsanız, deyəcəklər ki, çox mühafizəkar anayam. Ola bilsin ki, bu, mənim valideynlərimdən irəli gəlir, gördüyümü tətbiq edirəm. Amma düşünürəm ki, qızlarımı sıxmıram. Əgər qızıma xaricdə oxumağa imkan vermişəmsə, demək,  yetərincə demokratam.

– Amma yəqin Bakıdan da olsa, nəzarət edirsiniz?

– (gülür) Hər halda orada da nəzarəti əldə saxlamağa çalışıram. Düzdür, hər şey insanın özündən asılıdır. Sadəcə, bəlkə ana olduğum üçün narahat oluram, nigaran qalıram. Bəzən qızlarım mənə deyir ki, sən bizə güvənmirsən. Deyirəm ki, mən sizə çox güvənirəm. Amma indi dünya,  cəmiyyət, insanlar tamamilə fərqlidir. Adam hər kəsə güvənə bilməz axı… Yəqin ana olduğum üçün balalarımı qorumağa çalışıram…

– Dilarə xanım, sizin dövrün gəncliyi ilə qızlarınızın timsalında müasir gənclik arasında hansı fərqlər var?
– Bizim zamanda insanlar arasındakı münasibət, ünsiyyət, hətta mütaliə tamam başqa bir formada idi. Adını unutduğum bir ingilis yazıçısı deyib ki, əgər  gəncliyimdə bilik okeanının dibinə dalırdımsa, hazırda mən sörfinq edirəm, dalğaların üstündə gedən bir insanam. Əgər biz kitabları oxuyub dərindən biliyə yiyələnməyə çalışırdıqsa, təəssüflər olsun ki, indi internet olduğundan hər şey səthidir. Çox vaxt deyirlər ki, vikipediyanı aç, bax gör, orada nə yazılıb. Amma vikipediyada yüzdə- yüz hər şey doğru olmur axı. Buna görə indiki zəmanədə nə əldə ediriksə, hamısı səthidir, dərinlik, keyfiyyət yoxdur. Bu baxımdan ola bilsin, bizim gəncliyimizlə indiki gəncliyin arasında fərq bundadır. Düzdür, 2-3 yaşlı uşağın da başı internetdən, ağıllı telefonlardan çıxır. Amma keyfiyyət, dərinlik baxımından müasir gəncliyimiz itirir. Bir az buna üzülürəm.

Böyüyə hörmət bizim vaxtımızda daha çox idi. Demirəm indiki gənclərimiz arasında böyüklərə hörmət yoxdur, amma bizim vaxtımızdakı qədər deyil. Bizim vaxtımızda böyük bir söz söyləyəndə bəlkə də içimizdə nəsə etiraz edərdik, amma onu böyüyün üzünə deməzdik. İndikilər içlərindəki etirazı dilə gətirirlər, özü də tutarlı arqumentlərlə… Bəlkə də bu, yaxşı cəhətdir, bilmirəm…

– Dilarə xanım, bir az da sənətinizdən danışaq. Özünüzü televiziyadan kənarda təsəvvür edirsiniz?
– Elə aparıcılar, televiziya işçiləri var ki, deyirlər, özümü televiziyasız təsəvvür edə bilmərəm, stressə düşərəm. Amma mən 5 il televiziyasız qalmışam. Bundan başqa, qısa müddət Amerikada qalanda, təhsil almaq üçün 6 aylıq Almaniyaya gedəndə televiziyasız qalmışam. Demək, televiziyasız yaşaya bilərəm. Çünki sevdiyim başqa məşğuliyyətlərim var. Məsələn, rəssamlıqla məşğul olaram.

– Qərb ölkələrində, ABŞ-da, qonşu Türkiyədə, Rusiyada efirdə 50 yaşdan yuxarı aparıcıları, jurnalistləri tez-tez görrük. Yaşlı xəbər, veriliş aparıcılarına daha çox baxılır. Amma Azərbaycanda bu ənənə yoxdur. Səbəb nədir?
– Səhv etmirəmsə, CNN-də belə bir qayda var ki, xəbərlərin aparıcısı 30-35 yaşdan yuxarı olmalıdır. Burada tamaşaçının inanmaq, güvənmək faktoru var. Çünki 30-35 yaşdan yuxarı insanların həyat təcrübəsi var. Bu baxımdan təbii ki, tamaşaçı 20 yaşlı aparıcıdan daha çox yaşı 30-35-dən çox olan aparıcının sözlərinə inanar.

Azərbaycandakı özəl kanalları deyə bilmərəm, amma dövlət kanalında özünüz də gördüyünüz kimi, aparıcılar arasında gənc nəslin də, orta nəslin də nümayəndələri var. Roza xanım, Rafiq Hüseynov kimi əfsanəvi diktorlarımız özləri efirə çıxmaq istəmirlər. Rafiq müəllimin fikrincə, aparıcı uzun müddət fasilədən sonra efirə çıxmamalıdır, aparıcı tamaşaçının gözünün qabağında yaşlanmalıdır, tamaşaçı hər il onu görə-görə gözü öyrəşməlidir. Onun fikrincə, böyük fasilə verəndə tamaşaçı son dəfə efirə çıxdığın vaxtla bir müddət sonra çıxdığın vaxtı müqayisə edir və fərqin böyük olduğunu görür. Amma tamaşaçı səni hər gün görəndə olduğun kimi qəbul edir, onun gözündə yaşlı görünmürsən. Rafiq müəllim də, Roza xanım da müəllimlərim olub. Hələ də tamaşaçıların gözü onları axtarır. Cəmiyyət içərisinə çıxanda, tədbirlərdə olanda, insanlarla ünsiyyət zamanı dəfələrlə məndən Rafiq müəllimlə Roza xanımı soruşurlar. Özlərinə də demişəm, amma onlar efirə çıxmaq istəmirlər. Bu, onların qərarıdır və hörmətlə yanaşmalıyıq.

– Siz necə, tamaşaçıların gözü qarşısında yaşlanmaq istərdiniz?
– Hələ ki, gücüm yetirsə, bacarıramsa, çalışıram. Hər həftə rusiyalı televiziya aparıcısı 80 yaşlı Poznerin verilişini səbirsizliklə gözləyirəm. İnsanın o boyda “sandığı”, potensialı var və televiziya ondan faydalanır. Çünki tamaşaçı auditoriyası çox böyükdür. İnsanda o potensial varsa, tamaşaçı onu axtarırsa, istifadə etmək olar. Amma görsən ki, potensialın, gücün, marağın  yoxdur, artıq yorulmusan, o zaman efiri tərk etməlisən. Əsas maraqdır. Maraq hər iki tərəfdən olmalıdır – həm televiziyada çalışan insan özü baxımlı veriliş hazırlamağa maraqlı olmalıdır ki, tamaşaçını cəlb etsin, eyni zamanda tamaşaçıda da maraq olmalıdır ki, o aparıcını axtarsın. İkitərəfli maraq varsa, tamaşaçıların gözü qarşısında yaşlanmaq olar.

Dilara SELİM

– Canlı efirdə çalışmaq, kənardan göründüyü kimi, heç də asan deyil, stressli, məsuliyyətli işdir. Bir sözü səhv deməklə bir fikir dəyişilə, böyük bir səhvə yol vermiş olarsınız. Bu baxımdan yəqin çox yorulursunuz. Yorğunluğunuzu necə çıxarırsınız?
– Dekabrın 31-də də, yanvarın 1-də də, Novruz bayramı günlərində də, axır çərşənbədə də – bütün ölkə dinlənən, bayramı qeyd edən vaxt mən canlı efirdə olmuşam. Bizdə həftə sonu dincəlmək məsələsi yoxdur. Biz yalnız ildə bir dəfə məzuniyyətə çıxanda dincəlirik, bir ilin stressini 1 ayda çıxarırıq.
Bir dəfə Almaniyanın səfiri müsahibim idi, dedi ki, ən dəhşətli stressi sinxron tərcüməçilər keçirirlər. Alimlərin araşdırmasına görə, tərcüməçilərin ürəyi adi insanların ürəyindən iki dəfə tez döyünür. Almaniyanın səfiri dedi ki, yəqin canlı efiri aparan aparıcılarda da vəziyyət eynidir. Həqiqətən də elədir. Canlı efirdə sözün çəkisi var, hansısa sözü səhv demək, süjeti çatdırmaq həyəcanı və s. var. 26 ildir efirdə olsam da, hər dəfə canlı efirin stressini yaşayıram. Yəqin bizim də ürəyimiz sinxron tərcüməçilər kimi adi insanlardan iki dəfə çox döyünür.

– Dincəlmək üçün məzuniyyəti gözləmək o qədər də asan deyil. Bəs stressli günün sonunda azacıq da olsa dincəlmək üçün nə edirsiniz?

– Evə gələndə rahatlanıram, dincəlirəm, sakit musiqi dinləyirəm. Təmiz havada gəzməyə çıxıram, qızlarım da bunu xoşlayır. Bütün günü qapalı məkanda oluruq, bəlkə də yetərincə oksigen almırıq. Gəzişəndə həm beyin açılır, həm də beyinə təmiz hava gedir ki, düz-əməlli düşünə biləsən. Arada imkanım olanda rəsmlə məşğul olub rahatlanıram. Bir pişiyim var, onu sığallayıram, bu da stressimi çıxarmağa yardım edir. Amma stress tam olaraq məzuniyyətdə çıxır. İş barəsində düşünmürsən, beyin həqiqətən dincəlir. Həkimlər həmişə şirkət rəhbərlərinə məsləhət görürlər ki, işçilərinin faydalı, tam gücləri ilə çalışmasını istəyirlərsə, onlara ildə iki dəfə məzuniyyət versinlər.

– Son olaraq gənclərimizə nə tövsiyyə edərdiniz, özlərini tapmaq, cəmiyyətdə öz yerlərini tutmaq üçün nə etsinlər?
– Atalarımız deyib ki, niyyətin hara, mənzilin ora. Orta məktəbi bitirəndə sənədlərimi jurnalistika fakültəsinə vermək istəyirdim, atam qoymadı ki, qız nədir, jurnalist nədir, əlində mikrofonla küçələrə düşəcəksən, get, müəllimə ol, dili öyrən. Mən də məcburən sənədlərimi alman dili və ədəbiyyat tərcüməçisi fakültəsinə verdim. Amma elə atamın təklifi ilə tale fırladıb elə gətirdi ki, həyatım televiziya, jurnalistika ilə bağlı oldu. Onda atam mənə dedi ki, düz deyirlər, insanın niyyəti, fikri haradırsa, istədiyinə çatır. Etiraf etdi ki, mən sənin qarşını almaq istədim, amma tale hərləyib-fırladı, sən istədiyin sənətlə məşğul oldun.
Deyirlər, sən kainata, kosmosa hansı siqnalları göndərirsənsə, o da onları sənə qaytarır. Yəni həqiqətən nəyisə ürəkdən istəyirsənsə və qarşına məqsəd qoymusansa, ona nail olacaqsan. Gənclərimizə tövsiyyə edərdim ki, bir şeyi ürəkdən arzulasınlar. Bir də səhv etməkdən qorxmasınlar. Çünki ən böyük ixtiralar səhvlərin nəticəsində yaranır. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir