selale Maqsudova

Tanınmış modelyer: “Xaricdə keçirilən moda sərgilərinə Azərbaycan modelyerləri qatıla bilmir” – MÜSAHİBƏ

Baxış sayı: 362

İnsanların zövqü və seçimi müxtəlifdir. Demək olar ki, hər bir şeydə eyni zövqə malik iki insana rast gəlmək olmaz. Hətta deyirlər ki, zövqlər mübahisə olunmur. Deyə bilərik ki, moda bəzi insan üçün maraqdan o tərəfə keçmirsə, bəzi insan üçün isə zəruri bir məsələdir. Bu dəfə tanınmış modelyer Şəlalə Maqsudova ilə moda dünyasından danışdıq.

 

– Şəlalə xanım, ilk öncə istəyirdik ki, 2019 –cu ildə hansı geyim dəblərinin üstünlük təşkil edəcəyindən danışasınız…

– Artıq 2019-cu ilin qış fəslindəyik. Hər ildə, hər fəsildə rənglər və dəblər dəyişilir. Bu ilin ən favorit rəngləri – qırmızı, sarı, göy və pələng dərisi naxışlı rənglər daha çox üstünlük təşkil edəcək . Bununla yanaşı ağ və qara rənglər də gündəmdə olacaq. Çünki klassik rənglər demək olar ki, heç zaman dəbdən düşmür. Həmçinin qeyd edə bilərəm ki, geyimlərdə karandaş ətək, bol biçilmiş ətəklər xanımların zövqünü oxşamış olacaq. Eyni zamanda şalvarlardan boş, biçilmiş formada olanlar, digər formalara nisbətən daha çox dəbdə olacaq.

– Maraqlıdır hər ilin öz geyim dəbi olur. İlin modunu modaçılar necə müəyyənləşdirirlər?

– Adətən bir çox dizaynerlər geyimdə bir ideya çıxardıb onu cəmiyyətə təqdim edirlər. Bernard Şounun belə bir deyimi var: “Moda idarə edən bir epidemiyadır”. Bəlkə də həqiqətə uyğundur. Mən demirəm insanlar modadan imtina etsinlər, xeyr. O modanı ərsəyə gətirənlər öz sahəsində peşəkar olan dizayner modelyerlərdir, hansı ki, onlar bir sezonu hansısa bir rəng görürlər və həmin rəngdə həmin sezon dəbdə olur. Bu da insanlara təqdim edilir. Bunu istəyib, istəməmək isə insanların öz əlindədir. İstəməsələr də izləyə bilərlər…

– İnsanların geyim tərzi onların xarakteri ilə üst-üstə düşməlidirmi?

– Əlbəttə, düşməlidir. Ciddi iş xanımı həm rəng seçimində, həm biçim formasında özünə uyğun olanı seçir. Şən, oynaq xarakterli insanlarda al-əlvan rənglərə meyl edirlər. Ona görə də geyim tərzlərini gərək insanlar öz istəklərinə uyğun seçsinlər. Müdaxilələr olduqda, seçim zövqü başqasının öhdəsinə buraxıldıqda, sonradan o geyimdə insan özünü rahat hiss etməyə bilər.

– Klassik dövrdə kişilər daha çox ağ-qara geyimlər geyinirdilər. İstisnalar ola bilər. Amma son illərdə artıq kişilər də rəngli paltarlara üstünlük verir. Sizə görə kişilərin rəngli geyinməsi doğrudurmu?

– İndiki dövrdə seçim azaddır. Hər kəs öz istədiyini geyinir. Qınaq olsa da belə. Ətrafdan izləyənlər hərə öz zövqünə görə dəyərləndirir. Mənim fikrimcə səhnədə varsansa, səhnə bunu tələb edir. Bir formada geyinib çıxsan monotonluq yaranar. Amma indi adi insanlar belə gündəlik həyatında rəngarəng geyinməyi xoşlayirlar.

– Yaxın bir adamınız aşırı dərəcədə rəngli köynək, şalvar geyinərsə bir modelyer kimi fikriniz necə olar?

– Bir modelyer kimi, mən hər zaman bu prosesləri izləyirəm. Əsasən yaşı əsas götürürəm. Bəlli bir yaşda ifrat dərəcədə al- əlvan geyimə normal baxmıram.

– Azərbaycanda modelyerler çox azdır. Vardırsa da üzdə görünmürlər. Bu da o deməkdir ki, dünya modellerənin tətbiq etdikləri mod dünyasını biz özümüzdə tətbiq edirik. Niyə biz moda dünyasında digər dövlətlərdən geri qalırıq?

– Doğrudur, biz geri qalırıq. Bu sahə bizdə çox yaxşı inkişaf etməyib. Həm də model cəhətdən də çox zəifdir. Düşünürəm ki, bizdə bu sahəyə qiymət verilmir. Hətta keçirilən moda yarışmalarına belə küllü miqdarda pul lazımdır. Demək olar ki, modelyerlərə dəstək duran yoxdur. Ona görə xaricdə keçirilən moda sərgilərinə Azərbaycan modelyerləri qatıla bilmir. 3 ildir ki, məni dəvət edirlər, amma maddiyyat buna imkan vermədiyinə görə, ancaq Azərbaycanda öz kolleksiyamı təqdim edirəm. Belə olan halda bizdə moda aləmin zənginləşmə prosesi zəifləyir.

– Azərbaycanda hansı modelyeri bəyənirsiz?

– Hərənin öz stili var. Tanıdıqlarımı izləyirəm, bəyəndiklərim var.

– Modelyer olmaq üçün hansı əsaslar götürlməli və buna görə ayrıca kateqoriya müəyyən edilirmi?

– İndiki dövrümüzdə bu sahədən heç anlamı olmayan insanlar da belə madiyyatı varsa moda evi açır işlədir. Amma bu dərin bir sahədir. Tikişdən, biçimdən, eskizdən, parça texnologiyasından anlamı olmayan belə özünə modelyer adı verir.

– Sizin özünüzün müəllifi olduğunuz geyim tərzləri varmı?

– Mən özüm qeyri-adi geyimlərin müəllifiyəm. Gördüyünüz bu işlər mənim əl işlərimdir. Tanınmış aparıcılar üçün klyonkadan geyimlər hazırlayıram. Şəkillərdə gördüyünüz aparıcı Vüsalə Əlizadə üçün, Oksana xanım üçün kağızlardan hazırladığım geyimlərdir.

– Gələcəkdə moda ilə bağlı hansı planlarınız var ?

– Ümümiyyətlə mən çalışıram ki, planlarım haqqında öncədən məlumat verməyim. Həyata keçdikdən sonra məlumat verirəm… (Hafta.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir