Vefa Residova

Tanınmış psixoloq: “Bir ailə başçısı, xanım üçün əsas dəyərlər maddiyyatla ölçülürsə, bir neçə ilə bu ailə dağılacaq” – MÜSAHİBƏ

Baxış sayı: 2. 211

Son zamanlar insanların bir-birinə qarşı aqressiyası pik həddə çatıb. Bundan başqa cəmiyyətdə boşanmaların, qətllərin, intiharların sayı da çoxalır. Kimi bütün neqativ halları psixoloji vəziyyətlə, kimisi isə yaşam tərzi ilə əlaqələndirir. Cəmiyyətdəki bu cür neqativ halların hansı səbəblərdən baş verdiyini və bunun qarşısının alınma yollarını öyrənmək üçün Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru,  psixoloq Vəfa Rəşidova ilə söhbətləşdik.

 

– Cəmiyyətdə bir aqressivləşmə, narazı ab–hava var. İnsanlar sanki gülümsəməyi unudub. Bunun səbəbləri nələrdir? Sizcə bununla cəmiyyətimiz uçuruma doğru getmirmi?

– İnsan olan yerdə aqressiya da olmalıdır. İnsan psixologiyası illər ötdükcə dəyişir. Biz neçə illər əvvəl yaşamış insanların aqressiv olmadığını deyə bilmərik. Əlbəttə ki, bütün dövrlərdə aqressivlik olub, var və olacaq da. Sadəcə, illər öncə insanlar daha təmkinli idilər və öz emosiyalarını ələ ala bilirdilər. O zamanlar gərginlik, stress, depressiv vəziyyətlər olmurdu deyə aqressivlik də çox deyildi. Zamana görə olan psixoloji xəstəliklər var ki, onlar müəyyən bir dövrdə aktiv olur. Məsələn, depressiya hazırda zamana görə aktualdır. Hansı ki, illər öncə depressiya zamana görə aktual bir psixoloji sarsıntı deyildi. Yaxud da nevroz xəstəlikləri. Keçmişdə də nevrozlar var idi, amma indiki kimi çox deyildi. Aqressivlik də bu dövrdə daha çoxdur, nəinki keçmişdə. Keçmişdə insanların xarakterləri, ailə modelləri də fərqli idi. O zamanlar bir ailədə boya-başa çatan insanların bir birinə yanaşması həmin dövrün tərbiyəsinə uyğun olduğu üçün onlar emosiyalarını daha çox qoruya bilirdilər. Loru dildə desək, abır-həya daha öndə idi, dəyərlər sistemi bu qədər ölmüş vəziyyətdə deyildi. Eyni zamanda uşaqlara qarşı böyük həssaslıq vardı. Çox təəssüf ki, bu gün biz bunu görə bilmirik. Hazırda insanların daxilində, düşüncələrində xaotik bir durum yaranıb deyə aqressivləşmə bu gün bir az çoxdur. Bir nüans var; əgər bir insan aqressiv deyilsə, onun ətrafındakı insanlar da aqressiv olmayacaq. Çünki ətrafına özü kimi insanlar yığacaq. Bu yanaşma ilə bağlıdır. Fikrimcə, bu gün cəmiyyətdə aqresivləşmə getmir. İnsanların gülməyi unutduğunu hər müəssisəyə, hər insana, hər kollektivə aid etmək olmaz. Bu xarakterlə, yaşam tərzi ilə bağlıdır. Əgər insan gülümsəməyi unudursa, deməli onda ciddi psixoloji narahatlıq var.

 

-Ailədaxili münaqişələr, boşanmalar, qətllər artıb. Ailə institutu niyə dağılır? Buna səbəb savadsızlıq, yoxsa ictimai qınaq məsələsidir?

– Bu, birmənalı şəkildə savadsızlıqla bağlıdır. Ailə modellərinə diqqət etsək görərik ki, daha çox xaotik ailə modelləri üstünlük təşkil edir. Düzdür, avtoritar, güvən verən ailə modelləri də var. Ancaq xaotik ailə modelləri daha çox üstünlük təşkil edir. Ailə institutunun dağılması da bu kimi problemlərdən qaynaqlana bilər. Ailə daxili münaqişələr, boşanmalar hər zaman olub. Sadəcə olaraq bu qədər şişirdilmirdi. Bir insanın ailəsini qoruması üçün onun mütləq öz dəyərləri olmalıdır ki, ailə institutunu, ailə dəyərlərini də qoruya bilsin. Əgər bir insanın öz dəyərlər sistemi yalnız maddiyyatdırsa, əlbəttə ki, orada münasibət yoxdur və onları maddi maraqlar bir birinə bağlayır. Bir ailə başçısı, xanım üçün əsas dəyərlər maddiyyatla ölçülürsə, bir neçə ilə bu ailə dağılacaq. Ona görə də ilk növbədə öz dəyərlərimizi qorumalıyıq. Söhbət mentalitetdən yox, özünün şəxsiyyətinə hörmətdən gedir. Ailə qurmağı yalnız “mən ərə getməliyəm və mənim hər şeyim olmalıdır” düşüncəsi ilə qurulursa, bunun dərin fəsadları da olacaq.

 

– Azərbaycan ailəsindəki tərbiyə üsulu uşaqda özünə inam hissini aşılamır, uşaq sanki valideyndən asılı böyüyür. Bu düzgün tərbiyə üsuludurmu?

– Uşaqlarını bu cür tərbiyə üsulu böyütməyi bütün ailələrə aid edə bilmərik. Uşaq 18 yaşından həyatın çətinlikləri ilə üz-üzə qala bilər, amma məsələnin sonunun necə olacağı önəmlidir. Valideyn 18 yaşına qədər uşağını formalaşdırırmı ki, uşaq 18 yaşdan sonra öz ayağı üstə dursun? Bu məsələ gəlib etnopsixologiyaya söykənir. Biz nə olur olsun, neçə illər keçirsə-keçsin etnopsixologiyamızı qoruyub saxlamalıyıq. Etnopsixologiyamızı unutsaq biz özümüzü unutmuş olarıq. Ən doğru tərbiyə üsulu var. Buna psixologiyada davranış psixologiyası deyilir. Eyni zamanda cəza, mükafat sistemi də bura daxildir. Tərbiyə kökündən düzgün gəlməlidir. Tərbiyənin belə qızıl ortası olmalıdır. Valideyn uşağa nə aşırı bağlı, nə də aşırı uzaq olmalıdır. Digər ölkələrlə müqayisə etsək orada uşaqların 18 yaşdan sonra sərbəst yaşadıqlarını görərik. Ancaq onlar sonradan ailəyə necə dönürlər, ən önəmlisi budur. 18 yaşında azad buraxılan övlad nəticə etibarı ilə tüfeyli bir həyat sürür. Özbaşınalıqla azadlıq tamam başqadır. Biz bunu səhv salmamalıyıq. İnsan ruhən, düşüncəsi ilə azad olmalıdır. İnsan özbaşına olmamalıdır. Ona görə də ən doğru tərbiyə üsulu odur ki, insan övladına qarşı həm nəzarətini saxlamalıdır, eyni zamanda da azacıq da olsa, ona sərbəstlik verməlidir. Bu zaman balans saxlanılacaq, aşırı bağlılıq olmayacaq və bu cür böyüyən uşaqların özgüvəni olacaq. Onlar özünü cəmiyyətdə təsdiq edə bilir, valideyndən asılı olmur. Bəzən valideynlər övlada o qədər yaxın olurlar ki, fərqində olmurlar ki, bu artıq lazımından çox yaxınlıq, qayğıdır və ziyanlıdır. Hər şeyin artığı da zərərlidir.

 

– Qəbul imtahanında az bal yığan abituriyentlər çox zaman intihara əl atır, ya da evdən qaçır. Bu həssas dönəmdə valideyn necə davranmalıdır və abituriyent yüksək bal toplamaq üçün özünü psixoloji olaraq necə hazırlamalıdır?

– Burada ən böyük məsuliyyət valideynin üzərinə düşür. Ola bilər ki, valideyn bu dövrdə bilməyərəkdən daha mühafizəkar, kobud və tələbkar davransın. Belə bir dönəmdə isə aqressiya göstərmək olmaz. Mən praktikamda da görürəm ki, valideynlər bunu bilməyərəkdən edə bilirlər. Bu cür davranmaqla valideyn düşünür ki, övladı daha yaxşı nəticə göstərəcək. Təəssüf ki, bu cür davranış metodu abituriyent üçün heç də xoşa gələn hal deyil. Abituriyent ailədən anlayış, dəstək istəyir. Bunu görməyəndə də evdən uzaqlaşmalar, isterik davranışlar başlayır. Pik nöqtədə valideyn uşağı psixoloqa gətirir. Biz valideyni və abituriyenti korreksiya edirik və bunun həlli yolu asanlıqla tapılır. Amma abituriyenti o həddə çatdırıb sonradan psixoloqa gətirmək deyil, öncədən tədbir görmə lazımdır. Bəzən baxırıq ki, psixoloji seanslardan sonra ballar yüksəlir, çünki gərginlik götürülür. Buradan valideynlərə səslənirəm ki, bu ərəfədə həssas yanaşsınlar. Əgər istəyirsinizsə ki, övladınız yüksək bal toplasın ailədə sakitçilik, güvən olmalıdır. Abituriyentin istirahəti, özünə güvəni qaydasında olmalıdır ki, o psixoloji olaraq imtahana hazır olsun.

 

– Valideynlə yeniyetmə uşaqlar arasında anlaşılmazlıq yaşanır. Sanki bu dönəmdə övlad valideyninə nifrət edir. Bunun səbəbi nədir?

– Yeniyetmə psixologiyası spesifik, hərtərəfli fərqlənən bir psixologiyadır. Çünki yeniyetmə yaş dövründə uşaqlar özlərini avtoritet hesab edirlər deyə valideynlərini “düşmən” kimi görürlər. Bu yaş dövründə olanlar irad qəbul etməyi sevmirlər. Yeniyetmə deyəndə mənim gözümün önünə daxili, ruhu təmiz olan bir insan gəlir. Yeniyetməni başa düşmək üçün onunla söhbət etmək, onunla bölüşmək lazımdır ki, sənin onu anladığını hiss etsin. Çox vaxt bəzi psixoloqlar yeniyetmə ilə işləmək istəmir. Amma görürsən ki, 1-ci seansda sənin qarşında oturan aqressiv yeniyetmə sonuncu seansda ən yaxşı xüsusiyyətlərini ortaya qoyaraq yeni bir səhifə açır. Yeniyetmələrin psixologiyasını bilmək lazımdır. Xüsusən də analar bunu bilsə, uşaqların yeniyetməlik dövründə problem yaşamazlar. Yeniyetmənin istəyi nədir, nə istəyir, onu başa düşmək lazımdır. İradı sevmirlər deyə sözü elə demək lazımdır ki, onlar bunu irad kimi deyil, dəyər verdiyiniz üçün dediyinizi düşünsünlər. Onlar kobudluğu sevmirlər, özlərinin kobud hərəkətləri isə əslində onların müdafiə mexanizmidir. Elə bir ailə yoxdur ki, orada uşaq yeniyetməliyi rahat keçirsin. Bəzən valideynlər düşünür ki, yalnız onların uşaqları belədir. Yeniyetmələrin istədikləri yeganə şey diqqət, qayğı və sevgidir. Düzdür, analar da yorğun, stressli olur deyə bunu nəzərdən qaçıra bilərlər. Ancaq diqqətli olmaq lazımdır. Çünki yeniyetmənin bu dövrü onun gələcək həyatının möhürüdür. Bu yaş dövründə olan uşaqları nə sıxmaq, nə də ki, boş buraxmaq lazımdır.

 

– Uğur qazanmağın sirri nədədir?

– Uğur insanın özüdür. Uğur sənin yanaşman, yolundur. Hər bir insanın xislətində uğura çatmaq gücü var. Necə ki, Allah yaradılışdan hər kəsin xislətinə özgüvəni lütf edir, uğur da budur. Hər bir insan uğura çata bilər. Uğura çatmağın sirləri o qədər aşkardır ki, sadəcə olaraq insanlar buna sanki diqqət etmirlər. Uğur onların ovuclarının içindədir, onu haradasa axtarmaq lazım deyil, qəlb, beyin, düşüncə istədisə, uğur sənin ovucundadır. İnsan o zaman uğur əldə edir ki, onun gözü orda-burda, kiminsə uğurunda qalmır. Belə olan təqdirdə öz uğurun varsa da əlindən çıxacaq. Bəzən elə insan var ki, uğuru başqa ölkələrdə axtarır. Beyinin varsa, o hər şeyə qadirdir. Uğur qazanmaq istəyən insan bəzən düzgün istiqamət tutmur deyə yanındakına ya təpik vurur, ya da yıxır. Ancaq yıxılan durub yenə toparlanır və uğur qazanır, sən isə yox. Xarakterin varsa, uğurun da var. Məğlubiyyəti qəbul etmirsənsə, uğurunun olmama ehtimalı daha çoxdur. Uğur paylaşmağı, özgüvəni, gözləməyi, təmkini sevir. İnsan o zaman uğura çatmır ki, beyində qarışıqlıqdır, eyni anda bir neçə məqsəd var. Uğur laqeydliyi, özünü unudub başqalarını öndə tutmağı sevməz. Nə zaman kimsə kiminsə uğuruna sevinə bilər? O uğurun dadını bilənlər. Ancaq həyatda uğur qazanmamış insan başqasının uğuruna sevinə bilməz. Mən hər kəsin uğura çatmasını arzulayıram.

 

Günel MANAFLI

vr

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir