Orxan Ferecli

Tanınmış psixoterapevt: “İlk gördüyü qadın haqqında seksual fantaziya qurur”

Baxış sayı: 328

“Gencaile.az” “Ailem.az”-a istinadən  tanınmış psixoterapevt Orxan Fərəclinin müsahibəsini təqdim edir.

 

– Orxan bəy, necə oldu ki, insan psixologiyasını müalicə etmək kimi çətin bir peşəni seçdiniz?

– Burada bir az gen məsələsi var. Nəslimizdə 6-cı psixiatram. Dayım, onun oğlu, həyat yoldaşı, nəvəsi, xalam, mən və məndən sonra da bir psixoloq bacım var. Mən uşaqlıqdan həkim və məhz psixiatr olmağı arzulayırdım. Artıq 2-ci kursdan etibarən Maştağadakı Respublika Psixiatriya xəstəxanasında tibb qardaşı kimi işləməyə başladım. Xəstələrin dərmanlarını, yeməyini verirdik, havaya çıxarırdıq…

 

– Psixiatriya xəstəxanası barədə təsəvvürümüz adətən kinolarda təsvir olunandan o yana keçmir. Maraqlıdır, adi insanlar üçün daim bağlı olan o qapıların arxasındakı sirli dünyanın real təsviri necədir?

– Əslində, mənim üçün də eyni təsəvvür idi ki, ora necədir? Düşünürdüm, çox qarmaqarışıq, xaotik bir yerdir. Amma elə deyilmiş və düşünülənin əksinə, düzənli məkandır. Xəstələrin palataları, onlara nəzarət edən işçilər, müəyyən yemək, gəzinti saatları var. Özünün rejimi olan bir yerdir və düşündüyümüz kimi xaotik deyil.

 

– Biz isə elə bilirdik ki, otaqlarda, koridorlarda əlləri bağlı, tərs xalat geyindirilmiş insanlar qışqırır, qaçışır…

– Bəli, əvvəllər bu tip rahatlaşdırıcı şeylər var idi, amma indi demək olar ki, istifadə olunmur. Çünki psixiatriya haqqında qanunda fiziki məhdudlaşdırma ilə bağlı xüsusi maddə var. Yəni xəstə özünə və ətrafına zərər verə bilərsə, xüsusi qaydada həkimin göstərişi ilə bağlana bilər. Amma bunun müəyyən müddəti var və protokollaşdırılır. Bu isə adətən 30-40 dəqiqəni keçmir.

 

– El arasında belə bir düşüncə var ki, çox oxumaqdan adamın başına hava gəlir. Sizcə, bunu hansı əsasla deyirlər? Ümumiyyətlə, belə bir statistika mövcuddurmu?

– Şizofreniya haqqında bir deyim var. Deyirlər, şizofreniya “ədalətli” xəstəlikdir. Yəni qadın, kişi, təhsil, ərazi, kasıb, varlı deyə bölgü etmir. O cümlədən, çox oxumaqdan adamın başına hava gəlməz. Sadəcə, o insanlar şəxsiyyət tipi, yaradılış olaraq bir az fərqli olurlar. Məsələn, əminəm, bunu oxuyan hər adamın gözünün qabağına kəndindəki, qəsəbəsindəki, uşaqlığındakı bir obraz gələcək ki, hə, o da çox oxuyurdu. Amma bunun əksini sübut edən çoxlu faktlar var. Çox oxumayan o qədər ruhi xəstə var ki. Sadəcə bizim beynimizə ilişən o olur ki, filankəs çox oxuyurdu, ona görə belə olub.

 

– Bəs savadlı xəstə ilə savadsız xəstəni ayıran fərqlər varmı? 

– Bəli, qəribə bir fərq var. Savadlı adam öz intellektinə uyğun, məsələn, Kvant fizikasından, peyklərdən, qalaktikadan sayıqlayacaq. Amma bir az daha savadsız insan dua, cadu, qurd yağı kimi mövzularla bağlı sayıqlayacaq. Məsələn, savadlı adam gəlib deyə bilər, dünyada sülh olacaq, benzin məsələsi yığışılacaq, su ilə işləyən maşın kəşf etmişəm. Bunu iddia edir, amma ortada fikirlərini realizə edəcək bir şey yoxdur. Normal fiziklə oturub danışsa, o boşluqları görəcək. İlk baxışdan isə demək olar ki, adam savadlıdır, nəsə kəşf edib və heç kim ona qiymət vermir. Amma bu, xəstə təsəvvürün məhsulu ola bilir. Savad məsələsi burada bir az özünü göstərə bilir. Amma oxumaqdan insanın başına hava gəlməz. Çox maraqlı bir müşahidəmi deyim, bizim insanlar həm fikirləşir ki, çox oxuyanda adamın başına hava gəlir, həm də uşaq oxumur deyə onu döyürlər. Burada necəsə bir sərhəd müəyyənləşdiriblər…

Bir türk professorumuz var idi. Mühazirəsində deyirdi, rayon və şəhər xəstəsinin də fərqi var. Məsələn, kənd, rayon yerində bu cür xəstələri insanlar sahiblənirlər. Həmişə yanlarında oturdurlar, siqaretini alır, toyda oynadır, yedizdirib-içirdirlər. Xəstə qeyri-rəsmi də olsa, bir qayğı görür. Tutaq ki, xəstə heç vaxt azmaz orada. Hamı bilir ki, bu, filankəsin uşağıdır, xəstədir, kömək edəcəklər. Amma şəhər yerində bu yoxdur. Şəhər xəstəsi bir sosial axının içərisində axıb gedir. Yəni xəstəxanaya yatırmasalar, tamam baxımsız qalar…

 

– Zaman-zaman müəyyən insanlar çıxıb bəyan edirlər ki, mən İsa Məsihəm, yaxud sonuncu peyğəmbərəm. Həmin insanlar da şezofrendirlər?

– Bəli, çox böyük ehtimalla elədirlər. Tək bir şeyə görə bunu demək çətindir, amma 100-də 95-98 faiz şizofreniyadır. Yəni dini məzmunlu sayıqlamalar, özünü böyütmə sayıqlamaları olur.

 

– Dahi şəxslərdən Van Qoq, Dostayevski və bir çoxları intihar ediblər. Sizcə, onlar niyə öz talelərini zamanın ixtiyarına buraxmayıb, öz sonlarına özləri qərar verməyi seçiblər?

– İntiharın dahiliklə bir əlaqəsi varmı bunu deyə bilmərəm. Amma bildiyimiz bir şey var, intihar depressiyanın məntiqi sonluğudur. Çox zaman, 100-də 98-99 faiz hallarda depressiya intiharla sonuclanır. Ola bilsin, məşhurlarda da bu olub, amma onlar uzun zaman öncə yaşadıqları üçün bunu dəqiq demək mümkün deyil. Buna baxmayaraq, elə şeylər var ki, baxanda bilmək olur. Bu yaxınlarda Elza İbrahimovanın 80 illik yubileyində idik. Şəkillərinə baxırıq, xanımın üzü bir dənə də şəkildə gülmür. Bəlkə 30-a yaxın şəkil göstərdilər, heç birində bir təbəssüm yoxdur. Kədər üzünə çöküb. Məsələn, ona baxanda düşünürsən ki, böyük ehtimalla depressiyadadır. Həmçinin həyatına nəzər salanda da görürsən ki, depressiyaya düşmə potensiallı bir adamdır. Amma Van Qoq üçün bunu dəqiq deyə bilmirik. Hətta psixiatriyada Van Qoq sindromu var. Bu, tam xəstəlik deyil, populyar ədəbiyyatlarda belə gedir. Deyirlər, o, öz qulağını kəsib, sevgilisinə hədiyyə edib. Tam bilmirik ki, bunu niyə edib? Yaxud Eynşteynin məşhur bir şəkli var – dilini çıxarır. Bilmək olmur, o, bu hərəkəti nə üçün edib. Onu da deyim ki, dahilik – sözün yaxşı mənasında anormallıqdır. Bizim kimi düşünmürsə, demək, fərqlidir, normal deyil və yaxşı mənada anormaldır.

 

– Bəs depressiyanı yaradan səbəblər hansılardır?

– Buna üç səbəb göstərilir. Birincisi, beyində xoşbəxtlik hormonu olan serotonin azalır. Məsələn, siz növbəti sualı versəniz ki, niyə o hormon azalır, artıq bunu bilmirik. İkincisi, psixoloji səbəblərdir, ağlınıza gələn istənilən travmadan yarana bilər. Üçüncüsü , sosial səbəblərdir. İşsizlik, maddi vəziyyətin aşağı olması, boşanmalar, valideynin itirilməsi və sair. Amma bunu dəqiq bilmək olmur ki, serotonin azalmasındanmı bu problemlər yarandı, ya əksinə, digəri buna təkan verdi. Amma fakt budur ki, əksər hallarda bunun üçünü də bir adamda görürük.

 

– Bəzi mütəxəssislər bildirir ki, məsələn, müəyyən qidalar qəbul etməklə xoşbəxtlik hormonunu qaldırmaq mümkündür…

– Bəli, qidalarla bağlı çox məlumat var internetdə. Bunun üçün banan, şokolad, çiyələk, fıstıq və sair qidaları yeməyi məsləhət görürlər. Amma bunların heç birinin ciddi elmi əsası yoxdur. Çünki müasir təbabətdə müalicələr sübuta əsaslanmış təbabət prinsipinə əsaslanır. Yəni bu nə prinsipdir? Məsələn, iddia edirlər ki, fıstıq serotonini qaldırır, yəni məntiqlə depressiyanı müalicə etməlidir. Amma gəlin görək bir depressiv xəstəyə kiloqramlarla fıstıq versək, o sağalarmı? Yox. Həmişə bunu misal çəkirəm – dədə babadan eşitmişik ki, zoğallı çay qızdırmanı salır. 10 qızdırmalı adamı düz, zoğallı çay ver. Neçəsinin qızdırmasını salar? Bir-ikisinin. Amma həmin qızdırmalı adamlara parasetamol versək, hamısının qızdırması düşəcək. Bu da belə bir şeydir. Buna görə də biz həkim olaraq sübut olunmuş müalicənin tərəfdarıyıq. Məsələn, kitabda yazır ki, depressiyanın müalicəsi üçün filan dərman yaxşıdır. Bu zaman mən risk edib, xəstəyə dərman əvəzinə fıstıq verə bilmərəm. Mənim buna ixtiyarım yoxdur.

 

– Amma o da iddia olunur ki, xəstəliyin müalicəsi üçün heç bir dərmana ehtiyac yoxdur və insan inanırsa, öz şüuraltısı ilə hər bir problemi aradan qaldıra bilər…

– Xeyr, belə bir şey mümkün deyil. Mən bunun xəstəlik tərəfindən danışım. Bu pasientlərə yanaşmada ən çox edilən səhv bilirsiniz nədir? Hamı onlara deyir ki, özünü ələ al, iradəni topla, inan, düzələcəksən. Deyək ki, mən xəstəyəm. Axı mən niyə sağalmaq istəməyim? İnanıram və bütün gücümü toplayıram, amma sağalmıram. Bu isə məndə əlavə gücsüzlük yaradır. Başı ağrıyan, yaxud şəkər diabetli adama demirlər ki, iradəni topla, ağrın azalacaq, ya da şəkərin azalacaq. Amma bunu depressiyalı xəstəyə deyirlər. Təbii ki, bu, bir əlavə köməkdir. Lakin mən heç bir dərman qəbul etməyim, psixoterapiyaya getməyim, sadəcə durum deyim ki, vəssalam, mən sağalacam. Bu, mümkün deyil. Burada özünü sübut edən müalicə dərman və psixoterapiyadır. Psixoterapiya düzgün tətbiq olunduqda yarıbayarı dərman qədər kömək edir.

 

– Çox hallarda ciddi psixi xəstəliyi olan şəxsləri ailələri ətrafa bildirmək istəmir, evdə bağlı qapı arxasında saxlayırlar

– Bu, təkcə bizim ölkəmizdə belə deyil, dünyanın bir çox yerində bu yanaşma var. Hətta tarixin elə dövrləri olub, bu cür insanların başına mıx vurublar ki, deşik açsınlar və ruh oradan çıxsın. Böyük bir çəlləyin içərisinə qoyub yuxarıdan aşağı fırladıblar və sair. Hələ də bu ilkin yanaşmalar yumşalmış formada olsa da var. Məsələn, zəncirlə saxlayırlar. Bu yaxınlarda televiziyada göstərdilər ki, Azərbaycanda da belə bir hadisə olub. Əsas səbəb odur ki, problemdə gözlə görüləcək bir dəyişiklik ortaya qoya bilmirik. Məsələn, ürək problemi olanda bir kardioqramma çəkdirirsən və dəyişiklikləri görürsən. Amma biz adamlara sübut edə bilmirik ki, bu, şizofreniyadır. Ona xəstə kimi baxmırlar. Baxırlar ki, sağlamdır, əli-ayağı yerindədir, işləyir, durur, gəzir… Fiziki olaraq sağlamdır, ona görə də onun ruhi olaraq xəstə olduğunu qəbul etmirlər. Başlayırlar metofizik qüvvələrlə, şeytanla, caduyla, cinlə izah etməyə.

 

– Cəmiyyət buna görə insanların psixoloji olaraq xəstələnmə ehtimalını rədd edir?

– Həmişə deyirəm ki, Azərbaycanda psixoloji xəstə olan adamın keçdiyi bir yol var. Çox zaman falçıdan başlayırlar, molla, ekstrasens, terapevt, nevropatoloq, lap axırda psixoloq və psixoterapevtə gəlib çıxırlar. Dua yazdırırlar. Ola bilər ey, deyək ki, inanırsa, paralel olaraq kömək edə bilər. Elə olub, adama heç bir dərman təsir göstərməyib, amma deyək ki, üstünə su çiləyiblər sağalıb… Bu kimi hallar da olur, amma təsadüfi. Görsələr ki, xəstənin ayağının, ya əlinin biri yoxdur, mütləq həkimə aparacaqlar. Gözləməyəcəklər, hansısa seyid onun üstünə tüpürüb sağaltsın. Ona görə də burada psixi maarifləndirmə çox əhəmiyyətlidir. İnsanlar bilməlidir ki, baş da, beyin də bir orqandır və xəstələnə bilər. Bunu qəbullansa, artıq o, qarşısındakı adamın xəstəliyini də görəcək.

 

– Yuxarıda sadaladınız ki, əksər hallarda bizdə ruhi xəstənin keçdiyi bir yol var və son olaraq psixiatra üz tuturlar. Bax həmin hədd hansıdır ki, onları psixiatr qapısına yollanmağa məcbur edir?

– Xəstə gərək o həddə çata ki, onun əlindən bir xata çıxa. Məsələn, kütləvi cinayətlərdə, qəsdən adam öldürmələrdə və sair kimi hallarda çox zaman bunların altından psixoloji problemlər çıxır. Xüsusi amansızlıqla, qəsdən adam öldürmə cinayətlərində təcrübəli müstəntiqlər psixiatrik ekspertiza istəyirlər ki, bu adamın həqiqətənmi psixi sağlamlığı yerindədir? Necə ola bilər, bir insan digərini deyək ki, doğrasın, töksün. Düzdür, çox zaman bu halların altından ruhi xəstəlik çıxmır. Normal, sağlam insanlar da ola bilir…

 

– Həqiqətən də əgər bu adamların psixi sağlamlığı yerindədirsə, bu cür vəhşəti necə törədə bilirlər?

– Çox zaman onlar bizim antisosial şəxsiyyət pozuntusu dediyimiz insanlar olurlar. Psixiatriyanın ən mübahisəli yerlərindən biridir bu. Yəni xasiyyət problemləri. Bu adamlar həmişə qaydaları pozmağı sevirlər. Məsələn, həbsxanada olan insanlardan təxminən 70-80 faizi antisosial şəxsiyyətlərdir. Onlar heç zaman yola gəlmirlər, islah olmurlar. Onlara nə qədər öyüd-nəsihət versən də deyəcəklər ki, hə, düz deyirsən, yenə sabah gedib öz bildiklərini edəcəklər. Qatı cinayətlərdə biz ruhi xəstəliklərdən daha çox bu tip adamları görürük. Amma faktiki olaraq sağlam sayılırlar. Necə olur ki, onlarda bu qədər aqressiya yaranır, bu həddə çatır, bu, çox individual bir şeydir.

 

– İnsan özündə psixi pozuqluq olduğunu hiss edə bilərmi, yoxsa fərqində olmadan bu, baş verir?

– Söhbət şizofreniyadan gedirsə, çox zaman fərqində olmur. Heç vaxt xəstəliyi qəbul etmir, deyir, xəstə özünüzsünüz. Bəzən isə qəbullana bilirlər. Əgər məlumatlı adamdırsa, bu əlamətləri hiss edə bilər. Məsələn, hiss edir ki, kimsə onu güdür, ona qulaq asırlar, kameraya çəkirlər, ondan nəsə yazırlar. Məsələn, işdə girirlər otağa, ona elə gəlir ki, ondan danışırdılar, dayandılar. Bu fikirlər bir-iki dəfə ilə bitmir, bütün gün insanı məşğul edir. Telefonun kamerasına nəsə yapışdırır ki, kimsə girib onu çəkər, əynini başını dəyişəndə işıqları filan söndürür ki, məni çəkərlər və s. Bunlar çox ciddi psixi problemlərdir…

 

– Şizofreniyadan tam sağalmaq mümkündürmü?

– Xəstələrimiz olub ki, hazırda tam normal işində-gücündədir, avtomobil idarə edir və siz heç nə hiss edə bilməzsiniz. Bilirsiniz, burada dərmandan daha çox sosial dayaqlardan söhbət gedir. Ailəsi, qohum-əqrəbası dəstək olur. Hazırda belə bir pasientim var. Uşaq 2-ci kursda xəstələnmişdi, akademik məzuniyyət götürmüşdülər. Üstündən 2 il keçib, heç bir problemi yoxdur və təkrar ana israrla o uşağın təhsilinin davam etdirilməsini, diplomunu almasını istəyir. Sənədləri yığıldı, təkrar ekspertizalar oldu və o başladı yenidən oxumağa. Bu, təkcə həkimin işi deyil. Sosial dayaqlar da burada rol oynadı. Ana arxasında durdu, dəstək oldu. Hər gün oğlu ilə dərsə gedib gəlir…

Elə də olur ki, hansısa xəstəyə kömək edə bilmirik. Dərman da vermişik, kombinasiyaları dəyişmişik, amma sağalmayıb. Məsələn, 30 yaşlı bir xəstə var, çox istəyirəm ona kömək edim, amma bir an belə düzəlmir. Bir balaca olsa da düzəlmir. Xəstəlik çox şiddətlə irəliləyir, səslər var qulağında. Çox fantastik məzmunlu şeylər danışır – beynimi götürdülər, yerinə başqa aparat qoyublar, planetə gedirəm, Marsa köçmüşəm. Yəni bu kimi çox qəribə fantastik şeylər. Onun üçün normalda kitabın yazdığı hər şeyi təcrübədən keçiririk, amma nəticə yoxdur…

 

– İnsan psixologiyası üzrə mütəxəssissiniz. Adi həyatda hər hansı bir şəxslə ünsiyyətdə olarkən onun fikirlərini oxuya bilirsinizmi?

– Təbii ki, yox. Kim də bunu iddia edirsə yalandır. Düzdür, elə şeylər var ki, onun üçün təkcə psixiatr, psixoloq olmaq lazım deyil. Adam əllərini şaqqıldadır, səsi titrəyir və sair. Ona baxanda hər kəs bilər ki, həyəcan keçirir. Çox aşkar jestlərdir. Amma iddia edənlər var ki, məsələn, əlini belə qoyubsa filan şey fikirləşir, sağa baxırsa, yalan danışır, sol ayaq sağ ayağın üstündədirsə, filan mənanı verir. Bunlar hamısı absurd şeylərdir. Bu cür “tədqiqat” aparıb ciddi elmi dərgilərə göndərsəniz və bildirəsiniz ki, məsələn, oturanda sağ ayağını yuxarı qaldıran adamların depressiyaya meylli olduğunu aşkarlamışam, güləcəklər. Deyəcəklər, get, başqa işlə məşğul ol.

 

– Sosial paylaşımlarınızdan da məlum olur ki, mütaliəni sevirsiniz. Pasientlərinizdən kimisə oxuduğunuz kitab qəhrəmanlarına bənzətdiyiniz hallar olub?

– Olub. Hətta birini yox, bir neçəsini. Qustav Floberin əsərinin qəhrəmanı Madam Bovariyə oxşatdığım qadınlar çox olub. Qadın xəyanəti, yaşadığı hisslər, yəni çox pasientimlə o roman arasında bir uzlaşma görmüşəm. Bununla yanaşı çox istəyərdim ki, Dino Busattinin “Tatar çölü” romanının qəhrəmanı ilə rastlaşım. Amma hələlik belə bir pasientlə rastlaşmamışam. Mənə çox maraqlı gələrdi ki, həyatda belə bir insan olsa, nə hisslər keçirər, necə olar… Bax, o qəhrəmanla nə vaxtsa qarşılaşmaq istəyərdim…

 

– Xəstələrlə həkim arasında müəyyən bağ yaranır, bəzən hətta bu, ülvi hisslərə çevrilir. Bəs sizə necə sevgi etirafı edən pasientiniz olub?

– Burada vurulmaqdan yox, müəyyən hisslərin yaranma ehtimalından danışmaq olar. Amma peşəkarlıq burada ortaya çıxır ki, sən “stop” qoymağı bacarasan. Hiss eləsən və görsən ki, özünü kontrol edə bilmirsən, dərhal dayandırmalısan. Eyni şey qarşı tərəf üçün də keçərlidir. Həkim dostlarımızdan birinin başına belə bir hadisə gəlib. Danışır ki, bir qadın onun yanına terapiyaya gəlirmiş. Müəyyən zamandan sonra artıq qadın yaxşılaşsa da, həkim hiss edir ki, o, hər bəhanə ilə onun yanına gəlmək istəyir. Başa düşüb ki, qadın ona vurulub. O deyir ki, əvvəllər qadın pulu kassaya ödəyirdi. İndi başladım pulu birbaşa onun özündən almağa. Pulu yanında sayıb aldım, yəni bir növ özümü onun gözündən saldım. Ondan sonra qadın gəlmədi…

 

– Qadınlardan söz düşmüşkən, sizcə, qadınlar daha çox xəyanətə meylli olur, yoxsa kişilər?

– Yaradılış etibarı ilə qadınlar yox, kişilər daha çox xəyanətə meyllidir. Yəni çoxqadınlığa, çoxarvadlığa meylli olurlar. Məsələn, kişilər ilk gördükləri qadın haqqında seksual fantaziya qura bilər, amma qadınlarda bu, çox az olur. Qadınlar sevmədən, vurulmadan bir insanı yaxınlarına buraxmazlar. Qadın sevmək, bağlanmaq, güvənmək istəyir. Amma kişilər emosional bağ olmadan belə, cinsi yaxınlıq düşünə bilər çox vaxt…

 

– Bu cür ağır psixoloji işin içində olan bir adam kimi, öz psixologiyanızı necə tənzimləyirsiniz?

– Maksimum çalışıram ki, gecə yuxum qaydasında olsun. Nə olur-olsun, dostum da gəlsə, futbol da olsa, kino da. Tez yatmağa və səhər tez oyanmağa çalışıram. Bunu hamıya məsləhət görürəm. Psixi sağlamlıq üçün gecə yuxusu yerində olmalıdır. Xəstələrlə apardığım işlə bağlı heç bir problem yoxdur, amma işdən sonra məsələn, elə olur ki, telefona 120-130 zəng gəlir. Bunların hamısına cavab vermək, qaydaya qoymaq çətindir. Bir dönəmlər özümün antidepressant içdiyim vaxtlar oldu, altı ay filan… Musiqiyə qulaq asıram, kitab oxuyuram, dostlarla görüşürəm. Yəni bu şəkildə çalışıram ki, həyatım təkcə işdən ibarət olmasın…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir