Nazile Seferli

Tanınmış şairə: “Millət vəkili olsam da…”

Baxış sayı: 1. 723

“Gencaile.az” “Musavat.com”-a istinadən məşhur xanım tamada, şairə Nazilə Səfərli ilə müsahibəni təqdim edir.

 

Onunla söhbətə qardaşının keçmiş yoldaşı ilə ailəsinin yaşadığı problemdən başladıq:

– Qardaşımın familiyası Məmmədovdur, mənimki Cəfərovadır. Bu olanlar mənim problemim deyil, qardaşımın işinə qarışmıram. Efirdə o xanıma “Gəlsin, kömək edim” dedim. O sözü tək ona demirəm. Kim məndən yardım istəyirsə, gücüm çatan qədər kömək edirəm. Məni sayan insan qapıma gəlməli idi, efirə çıxanın məqsədi bəllidir. Qardaşım 1 ildə 18 dəfə məhkəməyə müraciət edib, uşaqlarını görə bilmir. Görə bilmədiyimiz uşağa xəstəlik uydurub. Uşağı versin, baxaq. Guya, uşağa demişik ki, analığa ana desin. Elə şey olmayıb. Neçə ildən sonra həftədə 5 saat görüş verdilər, onu da sonra ləğv etdilər. İndi də qərar çıxarıblar ki, uşaq anasının müşayiəti olmadan atası ilə görüşə bilməz. Qardaşımın yoldaşı qəbul etməz. Qadında qürur olar. Onun ailəsi dağılıb. Deyir ki, bacılarım ailəsini dağıb. O gün ona zəng etdim ki, kim ailəni dağıdıbsa, ailəsi dağılsın. İnsan bacısına qarğıyar? O, səhvlərini anlamır. Deyir ki, uşaq xəstədir, ürək getməsi var. Uşaqlar bağçaya gedir, onun dediyi problemlər olsaydı, gərək, uşaqları bağçaya götürməyəydilər. O problemlərlə uşaq bağçaya götürülübsə, bağçaya cinayət işi aça bilərik. Mən tez-tez əlaqə saxlayıram. Uşaqlar sağlamdır. Elə bilirlər ki, məni hədələyib, pul ala biləcəklər. Mən gecə toydan gələndə gözüm çıxır. Sponsor, day-day hesabına qazanmıram ki, paylayım. Uşaqlar böyüyər, bizə qaynayıb-qarışar, onlar üçün hər şey edərəm. Amma anası kimi nankor olub, əməyimi itirib, ağır nəsli-kökü olduğunu qanmazsa, onlar üçün heç nə etmərəm.

– Həm şeir yazır, həm də tamadalıq edirsiniz. Şeir kitabı necə, nəşr etdirmək istəyirsiniz?

– Şeir kitabının şeirləri yığılıb. Kitab çıxartmaq istəyirəm. Amma bu il niyyətim yoxdur. Heç vaxt kitab satmamışam. İndi kim-kimin kitabını oxuyur? Mənim kitabımı alırlarsa, gərək şükür edim. Şeirdən heç vaxt pul qazanmamışam. Mən tədbirlərdə şeiri sadələşdirmədən, ucuzlaşdırmamaq şərti ilə söyləyirəm. Toy sahibi məndən şeir deməyimi istəsə, deyərəm. Yoxsa şeirlərimi peşkəş etmərəm. Adətən, xına məclislərində şeir deyirəm.

– Xına, toy adətləri dəyişib. Bəziləri bunu tənqid edir. Siz keçmiş adətlərə bağlısınız, yoxsa yeniliyə açıqsınız?
– Keçmiş adətləri də bizim kimi insanlar yaradıb. Keçmiş adətlərlə yeniliyi qarışdırmışam. Əvvəllər gəlinin başına düyü səpirdilər. O düyü yerə səpilirdi, sonra torpağa tökülən düyü cücərirdi. Indi kimin şadlıq evinə düyü səpək? Bunun üçün gəlinin kəlağayısını açıb, onun üzərinə tökürük. Düyü bərəkətdir, onu camaatın ayağının altına tökmək olmaz. Mən təşkil etdiyim ziyafətlər də adət-ənənələrə yaxın olur. Mənə yaxınlaşan insan mənim düşüncələrimi qəbul edir, məni sayır, folkloru, adətləri bildiyimi bilir. Mənim bir sirrim də toyu olacaq qızla sıx təmasda olmağımdır. Hərəsi ilə ayrılıqda maraqlanıram. Düşüncələrinə uyğun davranıram. İnsanlar mənim səmimiliyimi duyur, gəlinlər öz doğmasına demədiyi sirrini mənə deyir. Çünki onlar necə ailədən olduğumu bilir.

– Bəzi xınayaxdı aparan sənətçilər qınanır ki, öz ailəsi dağılıb, ya əxlaqsızdır, gəlinə xeyir-dua verir, bu, olmaz.

– Xeyir-duanı gözəl ailəsi olan şəxs verməlidir. O şəxs ailəsi, övladı olan, kəbini 1 olan olmalıdır. Xına yaxan da bunlara diqqət etməlidir. Bir gəlinə xına yaxmaq üçün ismətli olmalısan.

– Son zamanlar tanınmışlar, toyların azalmasından şikayət edir.

– Toy çox olanda səsinizi çıxarırdınız? Az olanda niyə şikayət edirsiniz? Məncə, indi susmalıdırlar. Gündə 5 toya gedən müğənnilər, sənətçilər, yarım saatlıqları çox olan ulduzlar, dünyanın başqa-başqa yerlərində villalar, torpaq sahələri alanda niyə gizlədib, heç kimə demirdiniz? Ramazan ayı bərəkətli aydır. Allahın verdiyinə şükür.

– Səfərli sizin kəndinizin adıdır. Adətən, sənətçilər təxəllüs olaraq götürdüyü rayonunun adını məşhurlaşandan sonra dəyişir, bir növ bəyənmir, öz soyadları ilə davam edirlər.

– Məni “havalı” edən təxəllüsümdür. Borçalı qızıyam, bütün Borçalının yükünü daşıya bilmərəm, ağır yükdür. Ona görə kəndimizin adını özümə təxəllüs götürdüm. Sonra üzüldüyüm bir nüans oldu. Gürcüstanda hamı nəsli ilə tanınır. Bizim nəslimiz Sədəflilər nəslidir. Sədəfli daha romantik idi. Kaş, ağlımı bir az da işlədəydim, Nazilə Sədəfli olardım. İndi məndən soruşurlar ki, İslam Səfərlinin qızısan? Adımın o nəhəng adın yanında çəkilməsi qürurvericidir. Səfərli təxəllüsünü götürəndə kəndimizdə etiraz etdilər ki, o bizə ərə gəlməyib, başqa nəslə gəlin köçüb. Niyə adımızı daşıyır? Amma bir həqiqət var ki, anam məni Səfərli kəndində dünyaya gətirib. Bu reallığı heç kim dana bilməz.

– Müğənni Sevda Sanaliyeva ilə verilişdə qalmaqalınız olmuşdu. O zaman deyildi ki, Nazilə gündəmə gəlmək üçün Sevdadan istifadə etdi. İndi münasibətiniz necədir?
– Mən o insanla heç vaxt üzbəüz gəlməmişəm. Nazilə o zaman gündəmdə idi, Sevda gündəmdən düşmüşdü. Nazilə həmişə gündəmdə olub. Sevda ailə qurub, qatardan dala qalmışdı. Əslində o, başa düşsə ki, mən necə gözəl addım atıb, haqqında necə gözəl danışmışam, mənə təşəkkür edər. Film təqdimatında gəlin-qayınana münasibətləri barədə fikrimi soruşdular. Mən də dedim ki, 23 il qayınana ilə yaşayan gəlin olaraq dilim uzundur. Evin böyük gəliniyəm, məndən sonra gəlin gəlsə də, qayınanam mənimlə yaşayır. O, mənə, mən ona baxıram, ana-bala kimiyik. Onlar da dedilər ki, Sevda qayınanası ilə yola getmir. Dedim ki, hər kəsin evi qaranlıq meşədir, heç kim gerçəyi bilə bilməz. Mənə Sevda deyəndə, soruşdum ki, rəqqasə? Jurnalist də dedi ki, rəqqasə idi, indi müğənnilik edir. O zaman cavab verdim ki, mən müğənni kimi yox, rəqqasə kimi tanıyıram. Mən şeir yazıram, tamada kimi tanınıram. Sabah millət vəkili olsam da, mənə tamada Nazilə deyəcəklər. Çünki elə tanınmışam. Bəlkə, ildə 3 sənət dəyişəcəyəm, o zaman hamısını yadda saxlayacaqsınız? Mənə borclu deyilsiniz. Sevda rəqqasə kimi kraliçadır. Müğənnilər sırasında neçənci sıradasan? İtib- batırsan. Amma rəqqasə kimi gözəl sənətin var. Ailə qurub, oxuyur, lap yaxşı. Məni üzən bir detal da var. Bəzi mental dəyərlərimizdə qadağalar var, onları qabardanlar elə o qanunları pozanlardır.

– Sizcə, sənət aləmində qanunları pozan kimlərdir?

– Qanunları pozanlar ictimaiyyətin nümayəndələridir. Rəqqasəlik gözəl sənətdir, amma ona başqa don geyindirirlər. Sənətçinin geyimini müzakirəyə qoyurlar. Əvvəllər insanlar artistə baxıb geyinirdi, indi tərsinə olub. Bir az açıq geyinəndə topa tuturlar. Necə olur ki, xaricdən cırıq şortda gələn sənətçiləri alqışlayır, bizimkiləri təhqir edirlər?! Mental dəyərlərimiz var, başa düşürəm. Amma mentalitetimizdə heç kim deməyib ki, başqasının ayıbına rişxənd elə. Hamımız uşaq böyüdürük, sabah uşaqlarımızın necə biri olacağını bilmirik.

– 23 ildir ki, ailəlisiniz. Ailənizi necə qoruyursunuz?

– Ailəmi qorumaq üçün cəhd etməmişəm. Ailəm müasir düşüncəlidir. Mən pis iş görmürəm ki, ailəm narahat olsun? Kişi xarakterli qadınam. 100 qadınla deyil, 5 kişi ilə yarışıram. Ürəkdə, sərvətdə, işdə onları keçməyə çalışıram. Maşınımı handa bir kişinin maşınını yanında saxlayıram ki, sənin aldığından mən də almışam. Yoldaşım da mənə güvənmirsə, 23 ildir ki, məndən nə istəyir? Mənim həyat yoldaşım kimi kişini Allah bütün xanımlara qismət eləsin. Çox ürəyi təmizdir. Bir dəfə bir jurnalist mənə sual verdi ki, yoldaşın sənə bahalı hədiyyə alır? Mən də dedim almır. Dedi ki, sizi layiq görmür? Bu söz bir xanım üçün təhqirdir. Cavab verdim ki, yoldaşım 400 manat maaş alır. Nə alsın ki, təəccüblənim? İnsanlar da yazır ki, həyat yoldaşını alçaldır. Düşünmürlər ki, mənim kimi xanım 400 manat maaş alan insanla 23 ildir ki, yaşayır, ondan heç nə ummayıb. Bunu qiymətləndirin də. Mən bir fəhlənin həyat yoldaşıyam, bundan utanmıram. Bir quldur, başkəsən, narkoman yoldaşı deyiləm. Əlinin qabarı ilə çörək qazanan kişinin yoldaşıyam. Mənim uşaqlarım fəhlə oğludur, bizim evə haram çörək girməyib. Bununla fəxr edirik.

– Bəs, sizi nə təəccübləndirər? Söhbət maddi nədənsə getmir.

– Təəccüblənmək yox, amma məni çox sevindirər ki, gözümü açanda birinci xanımımız Mehriban Əliyevanı görüm. Ona qadın kimi sarılmaq istəyərəm. O zaman sevinərəm. Ondan heç nə istəməzdim, mənim üçün bu ölkədə hər şey olunub. İki övladım təhsil alır, həyat yoldaşım tələbədir, ailəm, qayınanam gözəldir. İşimi də sevirəm. O güclü qadına sarılsam, yetər.

– Güclü qadın olduğunuzu hər dəfə vurğulayırsınız. Aktrisalardan biri müsahibəsində dedi ki, güclü qadın sözünü özümə təhqir sayıram.

– Onunla həm razıyam, həm də yox. Mənim güclü olmağım həyat yoldaşımın gücsüzlüyü deyil. Güc məndə genetikadır. Borçalı qadını belə olur.

– Tanınmışların evləri, maşınları, pulları həmişə müzakirə mövzusu olur. Bahalı həyat yaşadıqları üçün qınanırlar da.

– Bahalı maşın sürürsən, deyirlər ki, pulu haradandır. Ucuz maşın sürüsən, deyirlər ki, utanmır, maşınına bax. Sosial şəbəkədə belə yazanlar çoxdur. Mən birini tapdırmışdım, rəzil günündə yaşayırdılar. Cinayət işi açdırmadım. Heç vaxt hörmətli, ziyalı insan kiməsə səviyyəsiz şərh yazmaz.

– İnsanların məşhurlara qıcıqlanmasının səbəbi var-dövlətlərini gözə soxmaları ola bilərmi?

– Türkiyədə məşhurların yaxtaları, təyyarələri var. Heç kim onları qınamır. Allah kimə nə veribsə, odur. Bəzi insanlar tək sənət adamlarına deyil, zənginlərə qarşı aqressivdir. Bir məmurun uşağına cəza yazılanda sevinirlər. Niyə sevinirsiniz? Onlar məmur olana kimi gecələr gor eşiblər. Çətinliklə o pilləyə çatıblar. Onların balasına nə isə olanda bəziləri sevinir. O uşaqlar hamımızdan sadədir. Bir neçəsini mən tanıyıram.

– 23 ildir ki, qayınananız ilə yaşayırsınız. Nazilə necə gəlindir, necə qayınana olacaq?

– Məni qayınanam 23 ildir ki, yola verir. Məni heç vaxt yuxudan oyatmayıb. Mən oyanana kimi evdən səs gəlməyib. Mənə çox güzəşt ediblər.

– Bəs, siz gəlininizə o qədər güzəştlər edəcəksiniz?
– Yalan deyərəm. Mən saat 12-də oyanıram, o da 1-də oyansa, səsim çıxar. Realistəm. Əsl gəlin istəyirəm, qız, qulaq yoldaşı, rəfiqə istəmirəm. 50 faiz Azərbaycan gəlininə uyğun gəlsə, onu sevəcəyəm. Gəlməsə, oğlumun seçiminə hörmət edəcəyəm.

 

Könül İbrahim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir