usaqlar - kitab

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı?

Baxış sayı: 1. 135

Tariximizdə faciə, işğal və soyqırımı günlərinin sayı az deyil. Həmin günlərdə bütün məktəb və bağçalarda hadisələrlə bağlı anım tədbirləri keçirilir, mövzular tədris edilir. Lakin görünən odur ki, təşkil olunan tədbirlər, seçilən mövzular çox zaman uşaqların psixoloji durumuna müsbət təsir göstərmir. Bəs soyqırımı hadisələrini, digər faciələri azyaşlı uşaqlara necə izah etməliyik?

 

“5 yaşlı uşaqla, 15 yaşlı uşağa eyni şeiri öyrətməməliyik”

“Ümidli Gələcək” Gənclər İctimai Birliyinin psixoloqu Gülşən Axundova Publika.az-a bildirib ki, bu mövzuları azyaşlı uşaqlara izah edilərkən səs tonu və ifadənin rolu xüsusi olaraq diqqətə alınmalıdır:

“Əlbəttə, biz uşaqları bu mövzulardan tam təcrid edə bilmərik. Uşaqları bu məsələdə məlumatlandırmalıyıq ki, birdən-birə bu barədə tarix dərsliyində oxumasın. Çünki istər-istəməz metroda 20 Yanvarla bağlı anım günü, telekanallarda bu barədə məlumatlar əldə edəcək. Uşaq bu barədə soruşanda valideynlər ona “ora baxma”, “böyüyəndə öyrənərsən” kimi sözlər deməməlidirlər. Bundan başqa, biz uşaqlarımızı vətənpərvər ruhda böyütməliyik.

Amma bununla yanaşı 5 yaşlı uşaqla, 15 yaşlı uşağa eyni şeiri öyrədib, onlar arasında eyni tədbiri keçirə bilmərik. Hər bir halda onların uşaq xüsusiyyətləri nəzərə alınmalıdır. Bütün travmatik məlumatlar yüksək və ya məcburedici səs tonu ilə ifadə edilməməlidir. İzah edərkən uşağın nitqində istifadə etdiyi sözlərə müraciət olunması daha doğru yanaşmadır. Mövzunun onun anlamaq səviyyəsinə uyğun olması mütləqdir”.

 

Ölümü necə izah edək?

G.Axundovanın sözlərinə görə, mövzu izah edilərkən prosesin çılpaqlığı ilə verilməsi doğru deyil: “Azyaşlılara bu mövzu izah edilərkən hamilə qadının qarnının necə deşilməsi, uşağın boğazının kəsilməsi kimi ifadələrin izah edilməsindən söhbət belə gedə bilməz. Sadəcə uşağa gülməyi, əylənməyi, toyu izah ediriksə, eləcə də müharibənin nə olduğunu anlatmalıyıq. Uşağın dünyaya gəlməsini izah edərkən cinsi əlaqədən danışmadığımız kimi bu faciələrdən danışarkən hər şeyi çılpaqlığı ilə dilə gətirməməliyik. Məktəbəqədər yaş dövründə və ibtidai sinif yaşlarında uşağa faciələri izah etmək üçün müəllimlər, valideynlər məlumatlandırılmalıdır. Azyaşlı uşaqlara faciəni başa salmaq üçün ilk növbədə ona ölümün və müharibənin nə olduğu izah edilməlidir. Kiçik anlayışları izah etmədən uşağa daha böyük proseslər barədə izah versək belə, o, bunu anlamayacaq. Başa düşmədiyinə görə bu mövzuda şeir və ya mətni öyrənə bilməyəcək. Məsələn, biz yanlış olaraq yaxınlarının ölümünü uşaqdan gizlədirik, sonra o kənar bir şəxsdən bunu eşidir və travma alır. Ölümü uşağa bitkilərin nümunəsində izah edə bilərik”.

Psixoloq deyib ki, bu mövzuların izahında əsas səhv yaş məsələsinin nəzərə alınmamasıdır:

“Bağçayaşlı uşaqlara bu cür mövzularda şeir əzbərlətmək doğru deyil. Onun əvəzində həmin müəssisədə böyüklərin iştirakı ilə maarifləndirici tədbir keçirilə, uşaqlar sadəcə seyrçi ola bilər. Bundan başqa, uşağa hansısa obrazı canlandırmaq üçün imkan verilə bilər. Məsələn, müharibə kiçik dəstələrin birləşdiyi oyun üzərində izah edilməlidir. Xüsusən üç-altı yaş arasında uşağın fəaliyyətində oyun əsas rol oynayır. Ona hər hansı bir mövzu izah edilərkən bunun oyun üzərində qurulması ən yaxşı üsuldur.

6-10 yaş arası dövrdə bu mövzular izah edilərkən qəhrəmanlıq əsas deviz olmalıdır. Müharibə varsa, ölən, zərər çəkənin də olması təbii haldır. Bu gün firavan şəkildə yaşamağımızı vətən uğrunda canından keçənlərə borclu olduğumuzu vurğulamalıyıq. Çalışmaq lazımdır ki, seçilən şeir və hekayələrin əsas mövzusu qəhrəmanlıq olsun. Pedaqoqlar bu mövzulara müraciət edərkən səhvə yol verirlər. Nədənsə, belə mövzular daha çox xalqımızı yazıq durumda göstərən formada təqdim edirlər. Uşaqlara yalnız ölənlərin sayını çatdırmamalıyıq, həm də hadisələrin qəhrəmanlıq səhifələrini də aşılamalıyıq. Ancaq ölüm və faciədən bəhs etməyin uşaqların hamısında travma yaradacağını deyə bilmərik. Sadəcə müəllimlər mövzunu sakit bir mühitdə izah etməlidir. Bəzi hallarda bu mövzular izah edilərkən valideynlər də dərslərdə iştirak edə bilər. Müəllimlər faciəni uşağa izah etmək üçün şeir əzbərlətməyin əhəmiyyətsiz olduğunu anlamalıdır”.

 

“Həmin kadrlar onların yuxularını pozur”

64 saylı orta məktəbin ibtidai sinif müəllimi Gülşən Mustafayeva təcrübəsində bu cür faciələrlə bağlı kadrların uşaqların psixologiyasına mənfi təsir göstərməsi halları ilə qarşılaşdığını deyib:

“Hətta elə uşaqlar var ki, həmin kadrlar onların yuxularını pozur. Valideynlər də bu barədə bizə müraciət edirlər. Mən müəllim olaraq azyaşlı uşaqlara bu cür mövzularla bağlı kadrların açıq şəkildə göstərilməsinin əleyhinəyəm. Çünki bu, onların psixologiyasına mənfi təsir göstərir. Uşaqların beyinləri tərtəmizdir, onların beyninə nifrət toxumu əkməməliyik. Təbii ki, bu zaman uşaqların tam xəbərsiz qalması və ya vətənpərvərlik ruhundan uzaq böyüməsini nəzərdə tutmuram. 6-7 yaşında uşaqlar yaşadığı ölkədə baş vermiş proseslərdən xəbərdar olmalıdır, vətənpərvərlik hissini aşağı yaşdan aşılamasaq, yuxarı sinifdə bu, mümkün olmayacaq”.

G.Mustafayeva bu mövzuları izah edərkən seçilən hər bir ifadənin çox önəmli olduğunu vurğulayıb:

“Təcrübəmdə də belə edirəm, qanlı fotoları uşaqlara izlətdirmirəm. Bu mövzuları uşaqlara izah edərkən həssas yanaşmaq lazımdır. Belə məsələlərdə müəllimdən peşəkarlıq tələb edilir. Seçilən cümlələr, dərsin quruluşu çox vacibdir. Bu zaman müəllim çalışmalıdır ki, uşaqlar vətənpərvər ruhda böyüsün, amma onların psixologiyası zərər görməsin. Bunu etmək çox çətindir. Faciələr, soyqırımı faktları ilə bağlı keçirilən tədbirdə seçilən şeirdə müəllim məsuliyyət daşıyır. Tədbirin təşkilində pedaqoqlar yaş qrupunu nəzərə almalıdır. 6 yaşlı uşağa baş kəsilməsini izah etmək, əzbərlətmək olmaz. Amma uşaqları bu prosesdən kənarda da qoya bilmərik. Mən də bu zaman daha çox vətənpərvərlik ruhundakı şeirlərə üstünlük verirəm. Hesab edirəm ki, bu gün ibtidai sinif dərsliklərində də bu mövzular şişirdilmir və onlar qənaətbəxş hesab edilə bilər. Düzdür, daha da yaxşı ola bilər, lakin çox da qüsurlu deyil”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir