Tatuaj

Tatuaj necə silinir?

Baxış sayı: 1. 387

Döymə-tatuajın çox qədim tarixi var. Əvvəllər döymə vurdurmaq qəbul edilməsə də, uzun illərdir bu adiləşib. İndi gənc qız və oğlanların çoxunda müxtəlif döymələr görmək mümkündür. Döymə zamanı dəri altına yeridilən boyaların zərərləri barədə isə heç kim düşünmür.

Dermatoloq-kosmetoloq Arzu Əhmədovanın sözlərinə görə, döymə vurdurma prosesində bir çox meyarlar ola bilər ki, insan sağlamlığına zərər vura bilsin: “Məsələn, döymə vurdurulan yer və vasitələr steril olmalıdır. Əgər belə olmasa, döymə vurduran şəxsi tetanoz, herpes virusu, Hepatit B və C kimi yoluxucu ciddi risk daşıyan xəstəliklərə yoluxma riski gözləyir. Bunula yanaşı AİDS və siflis kimi infeksiyaların yoluxmasına da səbəb ola bilər. Bütün bunlarla yanaşı müxtəlif allergik reaksiyaların əmələ gəlməsi də müşahidə oluna bilər Steril olmayan vasitələr linfa vəzisi iltihabı və xeloida gətirib çıxarır”.

Həmsöhbətiimizə görə, sonradan fəsad yaşamamaq üçün döymə vurdurulan yerin və vasitələrin steril, döymə vuranın isə professional olmasına diqqət yetirmək lazımdır. Mütləq dəri altına yeridilən boyanın tərkibi ilə də maraqlanmaq lazımdır. Çünki bəzi boyaların tərkibində xərçəngə yol aça bilən piqmentlərin olması mümkündür: “İndi göz, dodaq və qaş döyməsi daha çox müraciət edilən döymələrdir. Buna da ən çox qadın və qızlarımız üstünlük verir. Sağlam olmayan mühitlərdə aparılan əməliyyatlar çox yaxın zamanda öz fəsadlarını göstərir. Bu, elə ilk günlərdən dodaqlar, qaşlarda yaraların əmələ gəlməsi ilə özünü göstərsə də, sonradan daha ağrıdıcı fəsadlar üzə çıxa bilir. Hətta boyanın tərkibində zərərli maddə olarsa və bu maddə ilə göz döyməsi edilərsə, bu, kor olma ilə də nəticələnə bilər”.

Həkim deyir ki, döymənin vurdurulması qədər sildirilməsi də təhlükəli və ağrıdıcıdır. Döymə sildirmək bir əməliyyat keçirməyə bərabərdir. Dərinin altında boyanın qaşınılıb çıxarılması cərrahi bir müdaxilədir və infeksiya riski daha çoxdur. Dəridə yaraların yaranması, döymə izinin ömürlük qalması çox tez-tez qarşılanan haldır.

Son zamanlar “Lazerlə döymələrin silinməsi” reklamlarına çox rast gəlirik. Müsahibimiz bildirir ki, tək lazer dalğası ilə döymələri silmək mümkün deyil. Məsələn, qara rəngi silmək üçün istifadə edilən şüa dalğası dəriyə elə zərər verə bilər ki, o zərəri heç bir müalicə ilə aradan qaldırmaq mümkün olmaz. Lazerlə döymə sildirmədə döymənin vurulduğu bölgələr böyük əhəmiyyət daşıyır. Belə ki, üz və boyuna vurulan döymələr daha asan silinr. Bu bölgələr surətlə sağaldığı üçün güclü lazer dalğası ilə təsir etmək mümkün olur.

A.Əhmədova bildirir ki, lazerlə döymə təmizləmə seansları arasında 4-8 həftə ara olmalıdır. Yəni 2 gündən bir lazer əməliyyatı sağlamlığa zərər verməklə yanaşı döyməyə də təsir etməz. Bəzi döymələrin silinməsi hər seans 5 dəqiqə, bəzilərində isə hər seans 1 saat çəkə bilər. Lazer seansları zamanı dəridə qızarma və şişkinlik müşahidə edilə bilər. Amma bu reaksiyalar 15 saat ərzində keçir. Lazer seanslarından sonra mütləq məsləhət edilən kremlərdən istifadə olunmalı, 2 həftə lazer şüası edilən bölgə günəş şüasından qorunmalı və 4 həftə müddətində pilinq edilməməlidir.

Həmsöhbətimizə görə, döymə sildirmə zamanı əməliyyatdan sonra çox zaman iz qalsa da, lazer slinməsi zamanı iz qalmır: “Əgər düzgün qulluq edilərsə, dəri bir müddət sonra əvvəlki vəziyyətinə düşə bilir. Amma unutmamaq lazımdır ki, döymə 2-3 saata vurdurulsa da, silinməsi illər tələb edə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir