tatuaj

Tatuajın insan sağlamlığına nə kimi zərəri var?

Baxış sayı: 192
Son zamanlar daha çox gənclər arasında dəb halını alan tatuajın tarixi çox qədim dövrə gedib çıxır. Bir çoxları tatunu zövq və əyləncə xatirinə etsə də, bəzi ölkələrdə tatuaj qədim xalqların adət-ənənələrindən hesab olunur. Bəzi yerlərdə isə tatuajın mənfi enerji və pis ruhlardan qoruduğuna inam var.
Bədənin xüsusi nahiyəsini cəzbedici göstərən tatuaj sənəti ən dəhşətli xəstəliklərdən biri sayılan QİÇS xəstəliyinin virusunu yaydığına görə bir müddət icazəsiz tatuajlar qadağan edildi. Lakin müxtəlif qadağalara və törətdiyi dəhşətli xəstəliklərə baxmayaraq, tatuaj sənəti günümüzdə dünyanın bir çox ölkələrində öz aktuallığını qoruyub saxlamaqdadır. Belə ki, gənclər arasında tatuaj xüsusi dəb halına çevrilib. Hətta yaşlı nəslin nüayəndələri arasında da buna meyl edənlərin sayı az deyil. Elə günü-gündən artan tatuaj salonları da bu sənətin hələ də yaşadığının göstəricisi hesab oluna bilər. Bəs görəsən tatuajın insan sağlamlığına nə kimi zərəri var? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.
“Bakı” klinikasının həkimi, dermatoveneroloq Kamil Qurbanov tatuajın orqanizmdə açdığı fəsadlardan söz açdı: “Tatuajın törətdiyi ən təhlükəli fəsad infeskiyadır. Tatuaj iynəsi düzgün texnologiya ilə sterilizasiya  olunmazsa, orqanizmə müxtəlif infeksiyalar keçə bilər. Bunlardan ən dəhşətlisi isə QİÇS, Hepatit B,C, D viruslarıdır. Bundan başqa, qeyd edim ki, təkcə hepatit yox, sonsuz sayda müxtəlif infeksiyalar var ki, tatuaj etdirilən zaman orqanizmə keçə bilər. Hətta elə infeksiayalar  var ki, onların adı  bu gün elmə məlum deyil”.
K.Qurbanovun sözlərinə görə, tatuaj həm də insanın sinir sisteminə mənfi təsir göstərir: “Tatuajın digər bir fəsadı isə bədəndə tatuaj edilən zonada sinir ucluqlarının zədələnməsidir. Bu zaman sinirlər zədələndiyinə görə sonradan müxtəlif fəsadlar yaranır. Onu da qeyd edim ki, orqanizmə dəyən zərər bədənin həmin nahiyəsində olan tatuajın ölçüsündən asılı olaraq dəyişir. Adətən böyük tatuajlar orqanizmə daha çox fəsad verir. Kiçik ölçülü tatuajların  isə orqanizmə  bir o qədər də ziyanı olmur. Böyük sahəyə tatuaj edildiyi zaman sinir ucluqları qıcıqlanır deyə, xəstədə həmin nahiyədə bir müddət sonra keylik, qarışqa gəzmə hissiyyatı, yəni parasteziya yaran bilir. Ümumilikdə belə desək, tatuaj  sinir ucluqlarının qıcıqlanmasıdır. Digər bir tərəfdən isə tatuaj zamanı bədənə vurulan maddəyə bədənin allergik reaksiyası ola bilər. Yəni bu maddələr kimyəvi tərkibli olduğuna görə bədən həmin maddəyə mənfi reaksiya  göstərə bilər”.
Həkim tatuajın müsbət tərəflərinin olduğunu da qeyd etdi: “Tatuajın  həm də xeyirli tərəfi var. Belə ki, tatuajın insan psixologiyasına  əsasən psixoloji-ambision təsiri var. Yəni tatuaj  şəxsin özündə ətrafdakılardan seçilmə hissi yaradır. Bu da həmin şəxsdə özünəinam, dayanıqlıq kimi hisslər formalaşdırır”.
Həkim-terapevt Məlahət Abbasova deyir ki, tatuaj ilk növbədə dərinin tamlığını pozur: “İkinci  bir tərəfdən isə tatuaj zamanı istifadə olunan rəngli maddə gələcəkdə dəri xərçənginin əmələ gəlməsinə böyük zəmin yaradır. Çünki həmin rənglər təbii rəng deyil. Buna görə də onlar gələcəkdə dəri xərçənginin, allergiyanın və digər dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər. Bundan başqa, tatuaj zamanı istifadə olunan alətlərin sterilizasiyasına əməl edilib-edilməməsi də bəlli deyil. Tatuajın edildiyi yer, otaq, şəraitin də burada rolu böyükdür. Elə xəstəliklər var ki, bunlar sırf qanla insana yoluxur. Tatuaj edilən zaman həmin xəstəliklər orqanizmə çox asan keçir. Yəqin ki, həmin alətlər istifadə zamanı  yüksək səviyyədə sterilizasiya edilmir”.
M.Abbsova deyir ki, tatuajın dəb halına düşməsi dəhşətlidir: “Bunu edənlər buna necə cəsarət edir, nə fikirləşir, anlaya bilmirəm. Gənclər özlərini necə bir risk altına saldıqlarını dərk edə bilmir. Bundan başqa, tatuaj üçün saatlarla vaxt sərf olunur. Gənclər bu vaxtlarını daha səmərəli işlər üçün sərf edə bilərlər. Bəziləri tatuajın gözəllik verdiyini fikirləşsə də, mən hesab edirəm ki, tatuaj insana gözəllik bəxş etmir.  Tibbi nöqteyi-nəzərdən isə sağlamlığa böyük mənfi təsiri var. Bu həm də insanlarda qeyri-ciddi obraz formalaşdırır. Çünki tatuaj cəmiyyətdə heç də hər kəs tərəfindən birmənalı müsbət qarşılanmır. Hətta tatuaj etdirənlərin arasında sonradan etdiyi əmələ görə çox peşman olanlar var. Bəziləri bunu sildirmək istəyir. Məsələn, 15-16 yaşında olan qız uşaqları yeniyetmə yaşlarında buna meyl etsə də, sonradan ailə quranda tatuaja görə xəcalət hissi keçirir. Bununla bağlı bizə müaciət edənlər var. Ona görə də gənc nəslin arasında maarifləndirmə işləri aparılmalı və tatuajın  fəsadları başa salınmaldır. Tatuaj paltar deyil ki, geyinəndən sonra çıxarasan. Dəriyə həkk olunan bir şeyin gələcəkdə hansı fəsadlar verəcəyindən xəbərsizik. Yaxud da orqanizmdə hansı xəstəliyi daşıdığı bəlli deyil. Buna heç kim təminat vermir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir