elgiz ekber

Teleaparıcı Elgiz Əkbər: “İkinci övladım da qız olsa, nəzir paylayacağam” – MÜSAHİBƏ

Baxış sayı: 2. 291

Mwsahibimiz məşhur  teleaparıcı Elgiz Əkbərdir. Onunla  aparıcısı olduğu “Səhər-səhər” verilişindən, yeni fəaliyyətə başlayan “Real” televiziyasından, televiziyanın durumundan və şəxsi həyatından danışdıq:

 

– Hazırda ARB-də yayımlanan, müzakirələrə səbəb olan “Səhər-səhər” verilişinin aparıcısınız. Layihənin uğurlu olacağına inanırdınız?

– Layihə mənə təklif olunanda tərəddüd etdim. Çünki iki-üç şəxsin veriliş aparması çətin məsələdir. Mən təcrübəmdə görmüşdüm “Toy olsun”  layihəsində çətinlik çəkdim, amma sonra Ülvira xanımla dost olduq. Hesab edirdim ki, 3 nəfərlə çətin olar. Amma tamaşaçılar verilişi tez qəbul etdi. Bir verilişin özünə yer etməsi 3 ay zaman alır. Amma bizim veriliş 3 həftəyə özünü təsdiq etdi. Mənim öz tamaşaçım var, onlar məni tək buraxmır.

 

– Əli Mirəliyevlə  zaman-zaman mübahisə edirsiniz. Bəziləri  də deyir ki, onunla qalmaqal yaratmaq, reytinq toplamaq üçün birlikdəsiniz. Əli Mirəliyevlə veriliş aparmaq çətin deyil?

– Mən qalmaqal yarananda sakitləşdirirəm. Əli müəllim musiqini bilən, sözün düzünü deyən adam kimi marağımızı kəsb etdi. Ona görə verilişimizdədir.  Arada atışırıq. O məhəllə psixologiyası ilə yaşadığı üçün ifadə etdiyi bəzi sözlər etik normalardan kənar olur, o zaman bir jurnalist kimi etiraz edirəm. bu da mübahisə etməyimizə səbəb olur. Son aylar isə bu cür problem yaşamırıq.

 

– Bu gün Mirşahin Ağayevin rəhbərlik etdiyi  “Real” televiziyası yayıma başladı. Sizə iş təklifi gəldi? Gəlsə, gedərsiniz?

–  Mirşahin müəllimi təbrik edirəm, uğurlu olsun. Ümid edirəm ki, Azərbaycanda  informasiya sahəsində xidmətləri böyük olacaq. Hər zaman yeniliyə, peşəkar işə ehtiyac var. Inanıram ki, layiqli yeri tutacaqlar.  Verilişim reytinqlidir. “Səhər-səhər” verilişini çox sevirəm. layihələrə övladım kimi baxıram. ARB telekanalındayam. Burada xoşbəxt və məmnunam.  Mənə göstərilən diqqətdən çox razıyam. Mənə qarşı diqqətlidirlər. Çox mədəni insanlardır. Mənə yaradılan şərait və dəyərdən razıyam. Burada mənə hər şey yaxşıdır.

 

– Efirə mübahisə, qalmaqal, sosial problemlərin qabardılması məsələsini gətirənlərdən birisiniz. Bunun üçün peşman olmusunuz? Çünki hazırda efirlər qalmaqal üzərində qurulub.

– Mənim əlim qalmaqallarda yoxdur. Məndən əvvəl olub bunlar. Azərbaycan teleməkanında ilk dəfə sosial talk-şou aparan mən olmuşam. “Toy olsun” da sosial sifarişli veriliş idi. O zaman ailə qurmaq istəyənlərin sayı azalmışdı.  Şou-biznes adamları da bunu təbliğ edirdi. Adi insanlar ulduz həyatı yaşamaq istəyirdi. Biz insanları evlənməyə həvəsləndirirdik. Evlənənlərin sayı çoxaldı. Biz öz missiyamızı yerinə yetirəndən sonra layihəni dayandırdıq. Biz hüququnu bilməyən, savadsız insanların başına gələn və ya başına gətirilən problemlərin həllinə kömək etdik, onları maarifləndirdik. Mənim verilişimdə qadınların beyninə yeritdik ki, hüququnuz var. Indi qadınlarımız çox güclüdür. Bu bizim əməyimizin sayəsindədir. Afərt Telmanqızı ilə Azərbaycanda ilk dəfə itkin axtarmışıq. Gəncədən qadını  işə düzəltmək adı ilə aldadıb aparmışdılar, orada uşağı olmuşdu, uşağını əlindən alıb özünü qovmuşdular. Onun uşağının ardı ilə Balıkəsirə getmişdik. Işədüzəltmə ilə bağlı layihə etdik. Həmin layihə Dünya Bankının illik hesabatına düşdü. Hindistan, Braziliya kimi ölkələrə tövsiyə olunmuşdu. Yeni il günü ilk dəfə bayram konsertini canlı efirdə mən etmişəm. İlklərim çoxdur. Mən maarifləndirmişəm, qalmaqal yaratmamışam.

 

“Vallah, mən kiminsə dərdindən süni şou yaratmamışam”

– Hazırda insanlar sosial verilişlərə güvənmir, çünki onların dərdlərindən şou yaradırlar, səhnələr qururlar.

– Sosial veriliş aparmıram deyə həmkarlarıma nə isə deyə bilmirəm. Vallah, mən kiminsə dərdindən süni şou yaratmamışam. Kimsə gəlib dərdini danışanda altdan musiqinin verilməsi, skripkaların səsi, işıqların effekti bir şoudur. Televiziyanın öz qanunları var, radio deyil. Adam gəlib quru danışsa, aparıcı ilə ağlaşsa, bu veriliş deyil. Musiqinin səsləndirilməsi, müəyyən anlarda musiqinin səsinin artması və azalması, ekspertlərin  öz fikrini bildirməsi normal haldır. Ancaq kiməsə öyrətmək ki, dur həyat yoldaşına şillə vur, o da sənə qışqırsın. Bu düzgün deyil. Mən etməmişəm. edənlərdən xəbərim yoxdur.

 

– Ekspert demişkən, proqramlara dəvət olunan ekspertlər öz sahələrinə aid insanlar deyillər. Onlar daha çox şou əhlidir. Bu da ciddi narazılıq doğurur.

– Bu televiziyanın ən böyük problemidir. Mən neçə dəfə  irad tutmuşam. Adam gəlir din haqqında anlayışı yoxdur, amma din haqqında danışmaq istəyir. Coğrafiya müəllimidir, politologiyadan danışmaq istəyir. Ailə məsələləri üzrə ekspertlər müəyyən kurslar keçir. Adam tanıyıram ki. saç ustasıdır,  ailə məsələsi üzrə ekspert kimi efirə çıxır. Bu üzücüdür. Mən mübarizə aparmışam. Peşəkarlar, dəyərli insanlar, ziyalılar xahiş edirəm ki, efirdən qaçmayın. Siz efirdən qaçdığınız üçün hazırda qeyri-mütəxəssislər at oynadır.

 

“Saç ustasıdır, ailə məsələsi üzrə ekspert kimi efirə çıxır”

 

– Cəmiyyət içinə çıxanda insanların münasibəti sizə necə olur?

– 6 ay efirdən uzaqlaşdım, rayonları gəzdim. 10 gün Gəncədə qaldım. Şəhərdə ağlaya-ağlaya gəzdim. Çünki insana bu qədər sevgi olmaz. Dəhşətə gəlirdim. Tanımadığım insanlar məni görüb ağlayırdı, mən də onlara qoşulub ağlayırdım. Ajiotaj yaranırdı. Bir mağazaya getdim, bir baxdım insanlar yığılıb. Elə bildim təzə mal gəlib, sonra mənə dedilər ki, sizə görə yığışıblar. Əlibayramlıda o qədər insan toplaşdı ki, polis gəldi. Mənə xoş idi, amma digər insanlar narahat olurdu.

Related image

– Yəqin ki, hər zaman tərif demirlər. Tənqid edən, irad bildirənlər də var.

– Əlbəttə olub.  Son dövrlər yaşlı insanlar mənə irad bildirir ki, Əli Mirəliyevlə çox polimikaya giririsiniz. Sonra deyirlər ki, Əlinin canında az yoxdur, sizi özünüzdən çıxarır. Bir veriliş müzakirə olunursa, deməli, ortada iş var. Son 5 ildə söz vermişəm ki, heç kimin qəlbini qırmayacağam. Çünki mənim də qəlbim qırılıb. Yaşadığım üçün insanlara ehtiyatla yanaşıram.

 

“Onlar övladlarına Elgiz adını qoyublar”

 

– “Toy olsun”da evləndirdiyiniz cütlüklərdən indi xəbəriniz var? Övladına sizin adınızı verənlərlə rastlaşmısınız?

– Biz hər bayram görüşürük, hamısı xoşbəxt cütlükdür. Uşaqları məktəbə gedirlər. Nə qədər Elgiz var. Böyrək əməliyyatı keçirdiyim insanlar, evi yananlar hamısı mənimlə əlaqə saxlayır. Düzdür, yadından çıxaranlar da var. Biz Novruz öncəsi də görüşmüşük. Elgizin biri necə vətən haqqında şeir dedisə, məəttəl qaldım. Çox savadlı uşaqdır. Gələcəkdə ziyalı olacaq.

 

– Yenidən “Toy olsun” layihəsini etmək istəyirsiz?

– Zərurət olarsa, niyə də olmasın?!. Evləndirməkdən gözəl nə var? Hələ ki, belə fikrim yoxdur. Ötən gün “Səhər-səhər” verilişində iki  məhdudiyyətli gəncimizi evləndirdik. Allah məni gözəl əməllər üçün yaradıb.

 

– Siz də şeir yazırsınız, ədəbiyyatla maraqlanırsınız. Son zamanlar şairlərin qalmaqalla gündəmə gəlməsi dəb halını alıb. Onlar milli dəyərlərə söz ataraq özlərini tanıdırlar.

– Şairin gündəmdə olması gözəldir. Bəzən onları qalmaqalla çəkirlər. Cəlil Cavanşir, Şəhriyar Del Gerani, Kəramət Böyükçöl istedadlıdır. Mənim verilişimə çıxıb şeir dedilər. zövq aldım. Cəlil Cavanşirin şeiri məni valeh etdi. Şəhriyarın Elza Seyidcahanla, Vasif Məhərrəmli ilə problemi oldu.  Demişdi ki, Səməd Vurğundan yaxşı şairəm. Bu da Vasifi özündən çıxardı.

 

“Bir insan hamı tərəfindən birmənalı qarşılanırsa, o, bədbəxtdir”

 

– Belə başa düşdüm ki, bu cür qalmaqallara münasibətiniz normaldır.

– Monoton həyat məni bezdirir.  Bir insan hamı tərəfindən birmənalı qarşılanırsa, o bədbəxtdir. Dövr dəyişib artıq. Indikiləri keçmişdəkilərlə müqayisə etmək olmaz. Bizi diktorlarla müqayisə edirlər. Bu doğru deyil. Diktor redaktorun beyninin məhsulunu, hazırladığı materialı tamaşaçıya çatdırır. Biz isə özümüz hər şeyi  yaradırıq. Teleaparıcı həm aparıcılıq etməli, həm jurnalist olmalıdır. O danışığına fikir verməlidir. Bu aparıcılar sevilir. Amma danışığını bilməyən, qonağa danışmağa imkan verməyən, boş-boş danışan aparıcılar sevilməyəcək.

 

– Siz həm veriliş, həm xəbər aparıcısı olmusunuz. Hansı sizə yaxındır?

– Deyilənə görə, veriliş aparıcısı kimi daha yaxşıyam. Mən də düşünürəm ki, mənim üçün verilişlər daha yaxşıdır.

 

– Toya getməyən aparıcılardansınız. Gəliriniz tək televiziyadandır?

-Mən toya getməsəm də, toya gedənlərə pis baxmıram. Artıq pul heç kimə mane olmur. Toy mənlik deyil. Oradakı insanlarla  anlaşa bilmirəm. Bəzi insanların musiqiçilərlə, digərləri ilə davranışı mənə əsəb verir. Mən də sözümü deyənəm, ağzım dayanmır. Irad bildirəndə davaya düşürəm. Mənə lazım deyil ki, hansısa səviyyəsiz, sərxoş adam məni əsəbləşdirsin. Dözə bilmirəm, gözüm aydın ki, bu toya gəlib, cəhənnəmə qara-gora gəlib.  Mənim yanımda kiminsə şəxsiyyətini alçalda bilməzlər. Ancaq qohum-qardaş toyunda aparıcılıq etmişəm.

 

– İllərdir ki, insanların hüquqlarının müdafiəsi üçün çalışırsınız. Heç hüquq müdafiəçisi olmaq istəmisiniz?

– “Dünyaya ikinci dəfə gəlsəydiniz, kim olardınız” sualını ünvanlasaydınız, “hüquqşünas olardım” cavabını verərdim. Hesab edirəm ki, mənə çox uyğun sənətdir. Insanların hüquqlarını qorumaqdan zövq alıram.

 

– Hüquqnuzu çox pozublar? Bəlkə, bu istək oradan yaranıb?

– Əvvəllər hüququmu pozanlar olub. Heç vaxt susmamışam.  Yanımdakı insanların da hüququ pozulanda etiraz etmişəm.

 

– Ailə həyatınız necə gedir? Elgiz Əkbər necə ata və həyat yoldaşıdır?

–  Hər şey çox gözəldir. Hamının ailəsi olsun. Mən gec evləndim, səbəbləri vardı. Bunu dəfələrlə efirdə də demişəm ki, gec evləndiyim üçün peşmanam. Indi gərək övladımın 10-12 yaşı olardı.  Mənim boyda kişinin qızının 2 yaşı var. Bəzən yolda utanıram. Buna da şükür. Allaha çox şükür ki, mənə sağlam övlad qismət edib. Onun gələcəyi üçün çalışmalıyam. Ailə çox gözəldir, dəyərlidir.

Image result for Teleaparıcı Elgiz Əkbər

“İkinci övladım da qız olsa, nəzir paylayacağam”

 

– Övladınızla münasibətiniz necədir?

– Biz dostuq. Bütün günü deyir ki, Elgiz, gəldin? Hara gedirsən? Mən uşaq kimi onunla  oynayıram. Anası onu incidəndə də gəlib, şikayət edir. Artıq hüquqlarını müdafiə edə bilir. Bu məni sevindirir.

 

– Son dövrdə ailələr 1 övladla kifayətlənir. Siz də onlardansınız?

– İnşallah, qızım bir az böyüsün, ikinci övlad haqqında düşünəcəyik. Kaş, tez evlənərdim. Uşaq insandan əlavə enerji alır. Tez evlənsəydim, uşaqlarımı rahatlayardım.  Amma ikinci uşaq mütləq istəyirəm.

 

–  Kişilər həmişə oğlan övladı istəyir. Sizin də ikinci övlad arzulamağınıza səbəb oğlan övladıdır?

– Mənim üçün fərqi yoxdur.  Əsas, əli ayağı düz övlad olsun. İkinci övladım da qız olsa, nəzir paylayacağam. Qız ları çox sevirəm.  Çünki sağlam övlad hər şeydən vacibdir. ( Musavat.com)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir