telefon

Telefonla necə danışmalı? – 10 QAYDA

Baxış sayı: 160

Elə bir insan yoxdur ki, onun həyatında telefon olmasın. İstər işdə, istər yolda, istərsə də evdə keçirdiyimiz dəqiqələri telefonsuz təsəvvür etmək qeyri-mümkündür. Bəs telefonla necə danışmaq lazımdır? Əslində, telefonla danışmaq ilk baxışdan asan görünsə də, o qədər də asan deyil. Bunun üçün kiməsə zəng etməzdən əvvəl qarşımızda bir plan olmalıdır: “Bu zəngdən məqsədim nədir?”, “Zəng etdiyim adam kimdir?”, “İstədiyim nəticəni əldə etmək üçün nə deməliyəm?” və s. Planınızı hazırladıqdan sonra qarşınıza qoyun və necə deyərlər, həyata keçirməyə başlayın. Əgər zəng edən sizsinizsə, əvvəlcə özünüzü təqdim edin, kiminlə və hansı məsələ ilə bağlı danışmaq istədiyinizi bildirin. Danışarkən səsiniz təbii olmalı, sözlər mikrofona 2 santimetr məsafədən deyilməli, hər vurğu öz yerində işlədilməlidir. Unutmayın, adi bir diqqətsizlik və ya yersiz bir ifadə münasibətinizi poza bilər. “Əgər mümkünsə”, “Zəhmət olmasa”, “Təşəkkür edirəm” kimi ifadələrdən səxavətlə istifadə edin. Lazım gəlsə, üzr istəməkdən də çəkinməyin. Əgər mübahisəli bir vəziyyət varsa, siz də mübahisəyə girərək “tələyə” düşməyin. Bunun əvəzinə qarşınızdakını mübahisəyə vadar edən səbəbi anlamağa çalışın. İndi isə telefonda düzgün danışmaq qaydaları haqqında…

telefon

 

1) Sözünüzə “Salam” və ya “Hər vaxtınız xeyir” kimi sözlərlə başlayın və bundan sonra adınızı deyin.

2) Çox qısa, yarımçıq və ya sərt cavablar verməyin.

3) Telefonunuzun uzun müddət zəng çalmasına imkan verməyin. Bununla həm başqalarını narahat edə, həm də çox vacib bir zəngi cavabsız qoya bilərsiniz.

4) Qarşınızdakı adama adı ilə müraciət edin.

5) Telefonla danışarkən başqa işlərlə məşğul olmayın.

6) Aydın danışın. Danışarkən ağzınızda yemək, saqqız və s. kimi şeylər olmasın.

7) Qarşı tərəfin sözünü kəsməyin.

8) Arada söhbətə qoşularaq dinlədiyinizi göstərin.

9) Mümkünsə, telefonunuzu qarşı tərəf telefonunu bağladıqdan sonra bağlayın.

10) Telefonda səsinizi dəyişdirməyin və qarşı tərəfin sizi başa düşməsinə çalışın.

 

Hazırladı: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir