aynur

Telejurnalist Aynur Talıbova: “Mən özümüzü implant dişə bənzədirəm, transplantasiya olunmuş orqan kimiyik” – MÜSAHİBƏ

Baxış sayı: 2. 718

Mən tanınmış jurnalist, səfər proqramlarından heyranlıq duyduğum Aynur Talıbovanın Amerikaya köç etdiyini ilk dəfə eşidəndə təəccüblənməmişdim. Niyə? Çünki o, mənim nəzərimdə çiyninə “ryuqzaq”ını aşırıb, dərə-təpə demədən, qar-yağış dinləmədən ölkəmin hər bucağını gəzən, gəzdikcə bunu bizə şirin-şirin anladan, sərhədləri qorxmadan aşan birisi idi. Necə deyərlər, laməkan. Bu gün burda, sabah orda… Adaptasiya imiş, yeni ölkənin yenilikləri imiş… Bunlar Aynur üçün keçilməsi asan mərhələlərdir mənim gözümdə.

Amma əgər söhbət ana, həyat yoldaşı, bir ailənin xanımı olan Aynur Talıbovadan gedirsə, durum dəyişirmi? Vaşinqtona gəlmədən öncə, hələ Bakıda olanda birinci ona yazmışdım. Elə səfər planlamasında da az qala mənim qədər həssas oldu. Hər gün bir məktub, hər gün bir təklif… “Hava dəyişkəndir, özünüzə həm qalın, həm nazik gödəkçə götürün”dən tutmuş, maraqlı müsahib, məkan təkliflərinə qədər.

Balaca Uğurun anası, Simran bəyin sevimli həyat yoldaşı, bizim də əvəzsiz kolleqamız... Aynur Talıbova danışır. Amerikanı, amerikanları, bu həyatı elə gözəl təsvir edir ki, bəzən heç sual verməyə gərək qalmır. Əlini çənənə dayayıb, sadəcə ona qulaq asırsan…

-Aynur xanım, fərqliliklərlə dolu bir həyat, yeni başlanğıc… Necə başladı?

– Dünyaca məşhur azərbaycanlılarla bağlı sənədli film çəkmək lazım idi. Onlardan biri də Lütfizadə idi. Onu çəkmək üçün San Fransiskoya gəldik. Amerikanı tanımaq üçün San Fransisko ən ideal şəhərlərdən biridir. Mahnılara mövzu olmuş bir şəhər… O qədər xoş və arzusunda olduğum bir şəhər idi ki. Onsuz da son dövrlər məndə özümü realizə etməklə bağlı bir krizis yaranmışdı. Bir var hansısa işləri görürsən, həyatını yola vermək üçün. Bir də var arzusunda olduğun iş. Mənim həyatım heç vaxt məişətdən ibarət olmayıb. Ona görə o da bizim mövcud çərçivələrimiz daraldı. Köçüb getməyə qərar vermiş bir çox insanda olduğu kimi məndə də oksigen əskikliyi yaranmışdı. Amerika səfərindən sonra beynimdə qəfil işıqlar yarandı ki, mən Amerikaya gedəcəm.

aynurtalibova

-Siz yaxşı səyyah proqramları aparmısız. Ölkələr gəzmisiz. Niyə məhz Amerika?

-Mən 17 yaşımdan bəri çöllərdəyəm. Xaricdə böyümüşəm, tək olmuşam. Baxmayaraq ki, hər dəfə yeni bir başlanğıc, hər şeyə sıfırdan başlamaq o qədər də asan məsələ deyil. Rahatını sevən və iş minimumunu təmin edən insanlar heç yerlərindən tərpənməzlər. Amma gəzdiyim hər bir yerdə gözəllik görmüşəm. Yaponiyanı da görmüşəm, oranı çox bəyənmişəm, amma orda yaşamağı heç vaxt istəməmişəm. Yaponiya elə bir məkandır ki, əgər bir azərbaycanlı Avropaya gedəndə özünü 100 il geridə qalmış hiss edirsə, Yaponiyaya gedəndə bu – 400-500 ildir. Söhbət təkcə göydələnlərdən getmir. Onlar başqa müstəvidə yaşayırlar.

-Amerika sizə o hissi yaşatmadı?

-Buranın uğur modeli də odur ki, Amerika qitə olaraq kəşf olunandan sonra Avropaya sığışmayan insanlar bura axışdı. Amerikanın kəşf olunma hekayələrinə baxsaz, o qədər maraqlı hekayələr var ki. Amerika o qədər insana motivasiya verən hekayələrlə doludur ki. Yerlilər hardadır, bilinmir. Hər kəs gəlmədir. Amerikada bir yeni il belə qeyd olandan afrikalıların öz yeni ili
olur, yəhudilərin də, xristianların da yeni ili qeyd olunur. Modern dünyaya və buranın qanunlarına ayaqlaşma dönəmində öz etnik özəlliklərini də rahat şəkildə yaşaya bilirlər.

-Bütün bu gözəllik və Amerikanın insana verdiyi özəlliklərlə yanaşı, ona alışma dönəmi də çoxları üçün ağrılı keçir. Bəs sizdə?

-Bizdə hələ də davam edir. 5 aydır bura gəldiyimiz.

-Sizdə niyə? Adaptasiya problemi olmayan, illərlə dünyanı əlinə alıb, gəzmiş, qürbətdə yaşamış biri üçün bu, niyə çətin olsun ki?

17 yaşında, 25 yaşında sıfırdan başlamaq başqa şeydir. Amma mənim kimi karyerasını, həyatını qurmuş, müəyyən bir təcrübə yaşayan birinin gəlib, sıfırdan başlamaq…. Biz köçmək fikrinə birdən-birə düşmədik. Perspektivi düşünərək, bundan əvvəl də xaricdə yaşamaq təcrübəmiz olduğu üçün belə qərarı verdik. Bu qədər gözü sulu olduğumu bilmirdim. Həyatımda ilk dəfə olaraq qürbət hissinin nə olduğunu anladım. Amma bu sentimentallığa qapılıb yaşamağın da düzgün olmadığını bilirəm.

-Aynur xanım, siz burda həyata sıfırdan başlamısız?

-Biz sadəcə olaraq maddi olaraq nəyimiz varsa, hamısını satıb bura gəldik. İnanılmaz sayda insanda, istər media sektorunda olsun, ölkənin prestijli holdinq və şirkətlərində işləyən insanların hamısında şiddətli ümidsizlik var. Öz xoşları ilə bu duyğuya düşdüklərini zənn etmirəm. Xaricə köç edərkən hər bir insanda “özümü hansı ölkədə daha realizə edərəm”, sualı aktualdır. Burda sıfırdan başlayıb, 1-2 il içərisində keçdiyi məsafəni, qət etdiyi yolu görüb stimul alır. İnsan bütün həyatı boyu axıntıya qarşı kürək çəkə bilməz.

at

-Tələbə ailəsi olaraq Vaşinqtona gələn Aynur Talıbovaya bu ölkədə hansısa güzəştlər, üstünlüklər verilibmi?

-Heç bir güzəştimiz yoxdur. Öz imkanlarımızla nələrisə əldə edirik. Bunu Amerikanı bilən və tələbə kimi bura gələn, özünü yetişdirən insanların verdiyi cəsarətlə yola davam edirəm. Mən özümüzü implant dişə bənzədirəm. Dişi qoymazdan əvvəl yeri hazırlayırlar, sınaqlardan keçirilir… Transplantasiya olunmuş orqan kimiyik. Yeni “bədən”ə alışana qədər müəyyən bir mərhələni keçirik.

-Burda çalışırsız?

Bizim bura gəldiyimiz viza işləməyə imkan vermir. Amma indiyə qədər Amerikaya gəlmiş, burda müəyyən müddət yaşamış, çalışmış və ölkəyə qayıtmış insanlar da bunu deyəcəklər. Hollivid ulduzları və ya hansısa sahədə uğur qazanan insanlar həmin mərhələyə çatmazdan əvvəl tualet təmizləyiblər, qab yuyublar, yanacaqdoldurma məntəqələrində çalışıblar. Bu, sıradan bir haldır. Saatı 8-10 dollar və ya daha artıq olan işlər var. Buna görə heç kimə əzik münasibəti göstərilmir, onları əzik kimi görə bilməzsiz. Bura gələndən sonra qarşına çıxan imkanları dəyərləndirə bilərsən. Sponsor tapa bilərsən ki, bir istedadını inkişaf etdirəsən. Bu zaman ya sosial security və ya Green carda sahib ola bilərsən. Bu zaman ölkə vətəndaşlarının qarşısına qoyulan güzəştlər sənin də ayağına gəlir. Amma bu yoldan geri dönənlər də var. Məsələn, bura gəlib, 10-15 min və ya 25 min dollarını xərcləyib, bir müddət sonra “bura mənlik deyil” deyən insanlar da var. Əgər bir hədəf qoyursansa və özündə onu həyata keçirməyə mənəvi güc tapmırsansa, deməli, bu, sənə o qədər də lazım deyildi. Sadəcə özünə macəra axtarırdın demək ki. Macəranın bir az ucundan-qulağından dadıb, sonra da “bu, mənlik deyildi” deyib gedirsən demək ki. Bura bir az ambisiyan varsa,“bu meydan, bu da şeytan” deyib, sənə imkanlar yaradan ölkədir. Mən demirəm ki, sabah multimillioner olacam, onu edəcəm, bunu edəcəm… Amma ən azından cəmiyyət özünü ifadə eləmə azadlığını hiss edirsən. Bakıda hər gün hiss etdiyin o saxta, süni təzyiqi hiss etməmək, qanuna doğru sakit-sakit, hörmətli şəkildə, onlara tabe olaraq hərəkət eləmək və sabahdan ümidli olmaq… Mən bunlara çalışacam, bu əngəlləri aşacam, ondan sonra qapılar üzümə açılacaq kimi bir ümidi yaşamaq möhtəşəm bir şeydir. Amerikada evsiz-eşiksiz insan tapa bilərsiz, bu da bir həyat tərzidir. Küçədə heç bir heyvan görə bilməzsiz. Heyvanınızın vaksinini vaxtında etməmisizsə, daha sonradan onun dırnağını və saçlarını düzəltdirmək istəsəniz belə, buna icazə verməyəcəklər. Deyəcəklər ki, get onun vaksinini vurdur, sonra gəlib saçını düzəltdirərsən. Uşaqla bağlı da eyni şeydir. Sistem elə qurulub ki, sən hardasa “quş buraxsan”, növbəti addımda o səhv sənin qabağına çıxacaq. Ona görə də insanlar səhv buraxmamağa çalışırlar. Amma bir stereotipdən də danışaq. Ay Amerikaya gəldim, saatı 20-30, ya da 40 dollara iş var, pul qazanırsan – bu, nağıldır. Amma bunu əldə edənlər də var. Dolayısı ilə Avropadan fərqli olaraq heç kəs sənə “gəl, quzum, mən sənə ayda 800 dollar verib, saxlayacam”, deyən yoxdur. Burda özün-özünü saxlayırsan. Mən yenə də düzgün analizləri vermək üçün 5 ayın yetərli olduğunu düşünmürəm.

 

Sevinc Telmanqızı

 

TA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir