yuyucu

Təmizlik vasitəsindən istifadə edənlər diqqətlə oxusun!

Baxış sayı: 1. 632

Hər hansı bir məhsulun çoxçeşidli olması, təbii ki, yaxşı haldır. İnsanın seçim şansı çoxalır, ən yaxşısını tapmaq və almaq imkanı olur.

Bu çeşid təmizlik ləvazimatlarına aid edildikdə bir başqa vəziyyət ortaya çıxır. Onlarla yuyucu məhsullar, təmizləyici sular, gellər, qatı və duru mayelər, tərkibi məhlullu bezlər və s. insanı sözün əsl mənasında çətinə salır.

Məlumdur ki, dünyada yüz- minlərlə insan xərçəng və digər qorxulu xəstəliklərlə mübarizə aparır. Bu xəstəliklərin yaranmasında genetik faktorlar nə qədər rol oynasa da, bu məhsulların da az rolu yoxdur. Ümumiyyətlə, təmizlik vasitələrinin insan bədəninə daxil olması çox asandır. Nəzərə alsaq ki, adi nəmləndirici krem insan dərisindən sovrularaq necə effekt verir, o zaman bu cür maddələrin də dəri tərəfindən sovrulduğunu anlamaq çətin deyil. Bədənin müdafiə sistemi bu maddələrlə mübarizə aparmaq məcburiyyətində qalır. İmmunitet zəifləyir, gücünü itirib mikroblarla mübarizə apara bilmir. Beləcə, həddən artıq çox xəstələnirik. Süd vəzi, prostat, ağciyər, yoğun bağırsaq və dəri xərçəngi kimi xərçəng xəstəlikləri geniş yayılır. Bu cür xəstəliklərin isə səbəbkarları arasında kimyəvi maddələrin olduğunu qəbul edən çox az insan var.

Aparılan sorğu nəticəsində məlum olub ki, qadınların 40%-i hər gün kimyəvi maddə sayılan xlorla hamam və ayaqyolu yuyur. Qadınların 30%-i bu işə həftədə 2 dəfə qapı və pəncərə tutacaqları, dəmir qapılar, eləcə də geyimləri daxil edir. Yerdə qalan 30% isə ən az həftədə 1 dəfə təmizlik edən zaman kimyəvi məhsullarla təmasda olur. İlk baxışdan bütün bunlar insan üçün təhlükəli hal hesab edilməsə də, əslində orqanizm üçün böyük zərbədir.

Kimyaçı Elbrus Kərimov deyir ki, bu cür kimyəvi maddələrlə ev təmizləmək, ümumiyyətlə, düzgün deyil. Düzdür, kimyəvi maddələr evləri mikrobdan təmizləsə də, məhsulların nə qədər keyfiyyətli olması şübhə altındadır. Bu cür məhsullar özləri ziyanlı olsalar belə, hətta özlərinin tərkib etibarilə norma hədləri var. Bu hədlər keçildikdə təmizlik vasitələri daha artıq təmizləmir, əksinə daha artıq ev sahibinə ziyan vurur: “Əsl tərkiblə hazırlanan təmizlik vasitələrinin qoxusu insan başını ağrıtmamalıdır. Bunun qarşısını almaq üçün istehsalçılar müxtəlif qoxulardan, aromalardan istifadə edir. Adını isə qoxulandırıcı, ətirləndici məhsul qoyurlar. Halbuki, bu cür qoxuları istifadə etməkdə məqsəd məhsulun daha təravətli olması deyil, əksinə daha pis iyin qarşısını alıb müştərini cəlb etmək üçündür. Xüsusən ayaqyolu və hamam üçün satılan bir sıra təmizlik məhsulları var ki, bu məhsullar, ümumiyyətlə, insan dərisi ilə təmasda olmamalıdır. Dərini əritmə gücünə malik olan bu maddələrdən istifadə zamanı mütləq əlcək geyinilməlidir. Təmizlik vasitələri arasında ən məsum görünəni adi mavi sulu şüşə təmizləyənlərdir ki, hətta onun tərkibi adi mavi boya, su və amonyakdır. Yəni, bu maddənin adi sudan heç bir fərqi yoxdur. Hətta, araşdırsaq baxarıq ki, bu, elə adi sabunlu sudur. Bu cür təmizliyicilərin məsumiyyətinə inananlar bəzən xlor və bu kimi maddələri də məsum qəbul edir, halbuki, daxilə çəkilən bir nəfəs minlərlə hüceyrənin təsirlənməsinə səbəb olur”.

Kərimovun sözlərinə görə, bir sıra Avropa ölkələri və Amerika artıq bu cür maddələrin təhlükəsini anlayıb və bu səbəbdən orqanik təmizlik maddələri icad etmək üçün çalışır. İnkişaf etmiş ölkələrdə artıq həkimlər həyəcan təbili çalır ki, təmizlik vasitələri insana öldürücü təsir bağışlayır. Məhz bu səbəbdən daha fərqli üsullara əl atmaq lazımdır. Əks halda yaxın 10 ildə xərçəng və bu kimi xəstəliklərdən əzab çəkənlərin sayı dəfəlrəl arta bilər.

Təmizliyə gəlincə, müsahibimiz evləri sirkə və karbonatlı suyla təmizləməyin daha faydalı olacağı fikrindədir. Sadəcə, böyük təmizlik zamanı, ayda 1 dəfə əlcək və ağız maskası taxılaraq 40 dəqiqədən artıq olmamaq şərti ilə ev təmizliyini bitirməli və bundan sonra pəncərələr açılaraq ev havalandırılmalıdır. Məkana daxil olunan zaman hər hansı bir təmizlik vasitəsinin qoxusunun gəlməsi havada hələ də kimyəvi maddənin qarışımlarının olduğunun göstəricisidir və sağlam insanın sadəcə 10 dəqiqə bu havanı qoxulaması kifayətdir ki, nəticədə baş ağrısı qazansın.

Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir