tendir

Təndir qızartmalarındakı təhlükə

Baxış sayı: 1. 561

Son illər evlərə sifariş verilən hazır qidalar xidmətinin sayı artıb. Toyuq qrili, balıq ləvəngisi, quş ətinin bütöv formada bişirilməsi ev üçün sifariş olunan şah yeməklər sayılır. Ancaq çoxumuz belə qidaların sağlamlığımıza nə qədər ziyan verdiyi ilə belə maraqlanmırıq.

Ümumiyyətlə, düzgün bişirilməyən ət insan zəhərlənməsi üçün ideal qidadır. Müxtəlif xəstəliklərə yoluxma, ani zəhərlənmə, huşun itməsi, bayılma və bu kimi insan həyatına təhlükə yarada biləcək halların yaranmaması üçün bişirilən ətin keyfiyyətindən tutmuş necə və hansı formada bişirilməsinə də diqqət yetirilməlidir. Bu günlərdə sosial şəbəkələrdəki təndir zəhərlənməsi hadisəsi də insanın bu mövzuya diqqətini çəkməyə bilmir. Alıcı yediyi balıqdan sonra kəskin zəhərlənmə keçirir və ətrafdakı insanları tanımamağa başlayır. Qara ciyərin 80% zəhərlənməsi diaqnozu ilə müalicəyə başlayan zərərçəkən bu halı isbat da edə bilmir. Bu isə risk edərək belə məkanlardan hazır qidaların alınmaması üçün bir daha xəbərdarlıq hesab oluna bilər.

Toksikoloq Azadə Rəhimovanın sözlərinə görə, zəhərlənmənin növləri çoxdur. Bunlar qida toksikinfeksiyaları, müxtəlif maddələrdən – qələvi və turşulardan zəhərlənmə hallarıdır. “Zəhərlənmə zamanı xəstə toksikoloi mərkəzə yönləndirilir. Toksikoloji mərkəzdə də zəhərlənmə faktı ilə bağlı hüquq mühafizə orqanına məlumat verməlidir. Hüquqi tərəfi həmin orqan tərəfindən araşdırılır. Tibbi tərəfi isə xəstəxanada həll olunur. Verilməsə belə xəstə özü şikayətçi olmalıdır. Çünki kütləvi yerlərdə satış edən insanlar daha çox insanın zəhərlənməsi üçün şərait yaradırlar”.

A.Rəhimova bildirir ki, ət bişən zaman odla təmasda olmamalıdır. Diqqət etmək lazımdır ki, ət tam bişsin. Amma dönər də daxil olmaqla indi əti daha tez bişirmək üçün birbaşa ocaqla təmasda saxlayırlar. Ətin tərkibi və içi bişmədən üzü qızarır və kəsən zaman baxırsan ki, içi qırmızıdır. “Normal bişən ət əvvəl içdən bişib yumşalmalı, sonra üzü qızarmalıdır. Yaxşı bişməmiş ət zəhərlənməyə səbəb ola bilər. Həmçinin heyvandan insana xəstəlik keçə bilər. Xəstəliklər bir çox hamilə qadında tonus riskini artırır. Buna görə də hamilə qadınlar daha diqqətli olmalıdırlar”.

Qeyd edək ki, təndirdə bişirilən balıq və quş əti alan zaman bir neçə nüansa xüsusi fikir vermək lazımdır. Məsələn, bişən balıq alıcıya verildiyi zaman onun içinin və qulaqlarının yaxşı təmizlənməsinə diqqət yetirilməlidir. Təmiz deyilsə, balığı almaqdan imtina edilməlidir. Balığın üzgəcləri həddindən artıq yanıbsa, bu, balığın bir neçə dəfə təndiri ziyarət etdiyinin göstəricisidir. Birdəfəyə bişən balıqların üzgəcləri yanmır. Toyuq qrili alınacaqsa, xüsusən bud və sinə tərəflərin ətinin yumşaq və zədəsiz olmasına diqqət yetirmək lazımdır. Zədəli əti istənilən qədər bişirsək belə, zədələri gizləmək mümkün deyil. Eləcə də normal təmizlənən toyuqların qanadlarının uc hissəsi kəsilməlidir. Birbaşa təndirə girən və dərisi olduqca quru qızaran toyuqları da almaqdan imtina etmək lazımdır. Ən əsası isə, alınan ətin üzərindəki yağ yemək yağıdırsa, qatıdırsa, bu cür ətlər də alınmamalıdır. Çünki bişirilən ətin dadlanması üçün mayonez, smetan və ya sulu yağla bişirilir. Kəskin yağlı olan ətlər dəfələrlə yağlanıb təndirə qayıtdığı üçün məsləhətli hesab olunmur.
Günay Ramizqızı 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir