tenhaliq

Tənhalıq nələrə səbəb ola bilər?

Baxış sayı: 2. 531

Psixoloqların fikrincə, həyat coşğusunu istehlak edən dörd maddədən biri tənhalıqdır. Psixoloq Gülarə Dadaşovanın sözlərinə görə, həyat çoşğusunu məhv edən digər 3 amil saxta dostlar arasında tənhalıq, varlıq içində yoxluq, mənə nə olacaq qayğısıdır: “İnsan beyninin, ürəyinin baş verən hadisələrə dözüm həddi var. Bu hədd aşılanda həyat coşğusu bitir. İnsanda iş görməyə, özünə fikir verməyə heç bir istək, güc-qüvvət qalmır. Bu hiss insan həyatını qaraldır. Enerji bitir və həyat mənasızlaşır”.

Amerikalı sosioloq Riçard Sennet təklik və biryerdəlik arasında əlaqənin olduğunu hesab edir. Onun fikrincə, təkliyi yaşamağı bacarmayan insan biryerdəliyi, insanlarla münasibət qurmağı da bacarmır. Çünki təkliyini paylaşa bilməyən insan, həyatı da paylaşa bilmir.

G.Dadaşovanın bildirdiyinə görə, tənhalığın yaşı olmur. Bütün insanlar həyatlarının müxtəlif dövrlərində tənhalıq hissini yaşayırlar: “Ancaq real həyatda tək olmaqla, təkliyi daxildə hiss etməyi bir-birindən fərqləndirmək lazımdır. Təklik duyğusu özü ilə insanlardan ayrılma, bədbəxtlik və çarəsizlik hissi də gətirir”.

Ziqmund Freyd təkliyin özəl bir hiss olduğunu bildirib. Yəni tənhalıq hissi fərdə görə dəyişir. Tənhalıq o zaman yaranır ki, insan arzuladığı münasibətlə olduğu münasibət arasında uyğunluq tapa bilmir. Olduğu münasibətlərdən narazı olan insan hisslərini ətrafı ilə paylaşa bilmir. “Tənha” insan digərləri ilə münasibətə ehtiyac duymasına baxmayaraq, münasibət qurmaq istəmir. Hər zaman boşluq hissi yaşayır.

Müsahibimiz hesab edir ki, tənhalıq ekoloji faktorlarla yanaşı, adamın psixoloji vəziyyəti nəticəsində yarana bilir: “Uşaqlıqda tez-tez ev, məktəb dəyişdirmə, yoldaş itkisi, valideynlərin ayrılması və ya ölümü, məktəbdə yoldaş qazana bilməmək, sosiallaşma bacarığının aşağı olması zaman keçdikcə tənhalıq duyğusunun yaranıb, möhkəmlənməsinə səbəb olur. 12-18 yaş arası gənclərdə tənhalıq hissi intihar, narkotiklərə meyilliliklə nəticələnir. Gənclər arasında intihar hallarına nəzər yetirsək, bunun kökündə 80 faiz tənhalıq hissinin durduğunu görərik. Bəzən problemli insanlarla bir yerdə yaşamaq da digər insanlardan uzaqlaşmağa gətirib çıxarır”.

G.Dadaşovanın dediyinə görə, tənhalıq hissi uzun müddət davam edərsə, fikizi və ruhi xəstəliklərin yaranmasına səbəb olur.

Araşdırmalar ictimai mühitin sağlamlığa təsir etdiyini, tənha insanların daha erkən öldüyünü göstərib: “Tənhalıq ürək xəstəliyi və xərçəng kimi xəstəliklərin ortaya çıxma riskini artırır. Bu da tənha insanların daha tez ölməsinə səbəb olur. Tənhalıq insanları stressə salır. Tənha insanlar özünə zərər verir, dərman, spirt, siqaret aludəçisinə çevrilirlər”.

Araşdırmalar zamanı həddindən artıq internetdən istifadə edən insanlarda tənhalıq, depressiyaya düşmə halının daha çox rast gəlindiyi müşahidə edilib. İnternetdən istifadə edərkən tənhalıq hissinin azalması, yazışmalardan sonra isə bu hissin daha da artdığı diqqəti çəkib. “Tənhalıq hissini aradan qaldırmaq üçün bu hissi yaradan amilləri bilmək lazımdır. Həyatda məqsədi olmayan insan tənhadır. İlk öncə həyat amalınızı müəyyən edin. Məqsədinizin nə olduğunu qərarlaşdırdıqdan sonra həyatınızda nəyisə dəyişdirə bilərsiniz. Hədəflərinizi tək-tək təyin edib, ən asandan çətininə doğru həll etməyə başlayın. Tənhalığı aradan qaldırmaq üçün anlamaq lazımdır ki, bu hissi yaşayan tək siz deyilsiniz. Bütün insanlar həyatlarının müxtəlif anlarında bu hisslə qarşılaşırlar. Özünüzü tənha hiss etdiyiniz zamanlarda ictimai fəaliyyətlərə qatılın. Dürüst və səmimi olduğuna inandığınız insanlarla əlaqələrinizi davam etdirməyə çalışın. Bu məsələdə sizin duyğularınız daha önəmlidir. Yanınızda inanmadığınız bir insanın olmasındansa tək qalmaq daha yaxşıdır”.

Psixoloq məsləhət görür ki, tənhalığı aradan qaldırmaq üçün internetə üz tutmaq da yanlış addımlar atmağa səbəb ola bilər. Tənha zamanlarda tanımadığınız insanlarla qurduğunuz ünsiyyət gələcəkdə başınıza böyük problemlər aça bilər:

“Dinə yaxınlaşma, ev heyvanları saxlamaq, hobbilərlə məşğul olmaq tənhalıq hissinin azalmasına köməkçi ola bilər. Tənhalığa qapılmayın, normal zamanlarda yoldaşlarınızla etdiyiniz şeyləri tək olduğunuz zaman da həyata keçirin. Oynaq musiqilərə qulaq asın, təmiz havada gəzin. Əgər tənhalıq hissi keçmirsə, mütləq psixoloqa müraciət edin. Əks halda, bu tənhalıq hissi sizi daha da bədbinləşdirib məhv edər”.

Elnur Ağayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir