komputer

Texnoloji yeniliklər ailə münasibətlərinə necə təsir edir?

Baxış sayı: 1. 820

Son dövrlər texnologiyanın sürətli inkişafı cəmiyyətdə müəyyən təəccübə səbəb olmaqla yanaşı, müəyyən narahatlığa da gətirib çıxarır. Çünki mobil telefonlar, kompyuterlər, sosial şəbəkələr ilk baxışdan sürət əsrində olması vacib olan vasitələr kimi çıxış edir. Ancaq əslində texnologiya ixrac edən ölkələr bununla öz düşüncə tərzlərini, mənəvi-əxlaqi dəyərlərini və mədəniyyətlərini ixrac edirlər. Biz də bu alış-veriş prosesində qazanclı çıxdığımız üçün ilk baxışda sevnirik.

Hazırda milyonlarla insan üçün internet həm iş, həm informasiya, həm də əyləncə vasitəsidir. Deməli, fərqli bir dünyada yaşayırıq. Bu dünyada internet həyatın ən arzuolunan atributu olmaqla yanaşı, sosial və ictimai-siyasi həyatda mühüm rol oynayır. Bu mənada sosial şəbəkələrin və internetin müasir dövrün ən vacib tələblərindən biri olması mübahisə doğurmur. Ancaq texnoloji yeniliklərin əsiri olmamaq, həmçinin həyatımızın onlardan asılı olmasına imkan verməmək üçün ehtiyatlı olmaq lazımdır.  Dövrümüzün texnoloji imkanları insanların gündəlik işlərinin, əmək fəaliyyətlərinin asanlaşmasına xidmət edir. Keçən əsrin əvvəllərində poçt qutusuna məktub atan C. Məmmədquluzadənin “Novruzəli”sinin indi “mail adresi” var və o indi poçt qutusunun yanında keşik çəkmir. Hadisələrin təhlili göstərir ki, unudularaq mobil telefonun bir gün evdə qalması və ya hər hansı bir səbəbdən “mail adresi”nin bir gün yoxlanılmaması ciddi narahatlığa və ya gərginliyə səbəb olur.

“Kitab oxuyan” nəsildən “Rəqəmsal” nəsilə
Babalarımızın internetsiz mühitdə necə  yaşadıqlarını təsəvvür etmək nə qədər çətindirsə, bugünkü gəncliyin də həyatını internetsiz təsəvvür etmək bir o qədər çətindir. Məsələn, 1960-1970-ci illərdə doğulanları saatlarla kitabxanalarda növbə gözləyən və “kitab oxuyan” nəsil kimi xarakterizə etmək olar. 1980-ci illərdə yaşayanlar isə az qala hər gün yeni bir kəşfin tapıldığını müşahidə edirdilər. Bu baxımdan, 1990-cı ildən sonra doğulmuş nəsli “rəqəmsal” nəsil adlandırmaq olar. Çünki bu nəsillə rəqəmsal texnologiyaların sürətli inkişafının formalaşması eyni vaxta təsadüf edir. Statistikaya müraciət etsək görərik ki, 2000-ci ildə dünyadakı internet istifadəçilərinin sayı 360 mln. nəfər olsa da, 2012-ci ilin statistikasına görə internet istifadəçilərinin sayı 2 mlrd. 267 mln nəfərə, hər dəqiqədə göndərilən “e-mail” sayı 204 mln. ədədə çatmışdır. Bununla yanaşı, qeyd etmək olar ki, 2006-cı ildə formalaşmış “Tvitter”dən 2012-ci ildə yazılmış “tvit”lərin sayı 100 milyon ədəd olmuşdur. Bu statistika internet haqqında fikirlərimizi formalaşdırmaqda bizə kömək etsə də, bəzi suallara cavab axtarmaq ehtiyacı da formalaşdırır. “İnternet həyatımızı asanlaşdıran əvəzolunmaz vasitədir, yoxsa qlobal informasiya yığını?” “Sosial medianın faydaları və zərərləri hansılardır?” “Sosial mediada hüquqi və əxlaqi normaların, milli dəyərlərin nəzarətdə saxlanılmasına ehtiyac varmı?” və s. Bu mənada qarşıya çıxan əsas sualları cavablandırmaq üçün müəyyən təhlillərə ehtiyac var.

Sosial şəbəkələr və yadlaşan qohumluq əlaqələri
20 il əvvəl uzaqda yaşayan yaxınlarımızı ayda bir dəfə telefon və ya məktubla yad etmək, ildə bir neçə dəfə ziyarət etmək yaxşı göstərici sayılırdısa, bu gün sosial şəbəkələr vasitəsilə istənilən vaxt istədiyimiz qədər yaxınlarımızla əlaqə saxlaya bilirik. Bu çox uzaqda yaşayan yaxınlarımızla əlaqə saxlamağın ən sərfəli metodudur. Çünki bu gün klassik məktublarla xəbərləşmək yalnız nostalgik hisslərə xidmət etmək üçün lazımdır. Elektron ünsiyyət nə qədər rahat və ucuz olsa da, ünsiyyətin bu forması canlı ünsiyyəti hec cür əvəz edə bilmir. Bəzən eyni qəsəbədə, eyni şəhərdə, eyni kənddə yaşayan gənclər qohumlarını birbaşa ziyarət etməkdənsə, sosial şəbəkələr vasitəsilə “ziyarət etməyə” üstünlük verirlər. Nəticədə, cəmiyyətimizdə əvvəlki illərdə mövcud olan “ailə dostu” anlayışına az-az rast gəlinir. Artıq bu anlayışın yerini münasibətləri yadlaşdıran, qarşılıqlı sevincləri, həyəcanları ötürə bilməyən səmimiyyətsiz və ruhsuz “sosial şəbəkə dostu” tutur.

Uşaqlarda özünü ifadə etmək bacarığının formalaşmasında texnologiyanın rolu
Uşaqların elektron imkanlardan, texnoloji yeniliklərdən istifadə etmələrinə imkan vermək müasir dövrümüzün əsas tələblərindəndir. Xüsusilə də inernetin imkanlarından istifadə edərək uşaqların bilik və bacarıqlarını inkişaf etdirmək böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, uşaqların internetin imkanlarından istifadə etməsi müəyyən normalar çərçivəsində olmalıdır. İntenetdən, sosial şəbəkələrdən, kompyuter oyunlarından nəzarətsiz istifadə etmək uşaqların təbiyəsində, onlarda şəxsiyyətin formalaşmasında arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu baxımdan etibarlı internet uşaqlar və gənclər üçün əhəmiyyətlidir.

Uşaqlarda özünü ifadə etmək bacarığının formalaşması uşaqların sosiallaşmasından, kütləvi uşaq oyunlarından, uşaqların fiziki sağlamlığından asılıdır. Sosiallaşma, canlı ünsiyyət, dost seçmək, yaxşını və pisi ayırmaq və s. kimi xüsusiyyətlərin formalaşması uşaqların öz həmyaşıdları ilə birbaşa münasibətlərinin formalaşmasından asılıdır. Bu birbaşa münasibətlər sayəsində onlarda özünəinam, cəsarət, ümid, zəhmətkeşlik, liderlik, komanda ilə işləmək bacarığının ilkin rüşeymləri formalaşır. Həmçinin bu münasibətlər uşaqların ünsiyyətə meyilli, yeni mühitə adaptasiya olmaqda çətinlik çəkməyən, iradəcə dözümlü vətəndaşlara çevrilməsinə səbəb olur. Texnoloji yeniliklərdən, sosial şəbəkələrdən intensif istifadə edən, canlı ünsiyyətə üstünlük verməyən uşaqlarda isə yuxarıda sadalanan bu cəhətlər zəif formalaşmaqla yanaşı, onlarda müəyyən depressiya hallarına da rast gəlmək mümkündür.

Qeyd etmək lazımdır ki, uşaqlarda internetdən asılılığın formalaşması müxtəlif fiziki problemlərin də (məsələn, depressiya, radioaktivlik normasının çoxalması, göz və onurğa xəstəlikləri və s. kimi) meydana gəlməsinə səbəb olur. Həmişə qayğı və nəvazişə ehtiyacı olan uşaqları diqqət mərkəzində saxlamaq onların xeyirli övlad, layiqli vətəndaş olmalarına çalışmaq hər bir valideynin müqəddəs borcudur. Bu mənada yemək reseptlərinə internetdən baxan analar, yarımçıq qalmış işlərini evdə internetlə davam etdirən atalar öz övladlarına sevgi, şəfqət, mərhəmət kimi ülvi hissləri aşılamağı da unutmamalıdırlar. Valideynlər bütün varlıqları ilə maddi və mənəvi olaraq uşaqlarının yanında olmalı, onlarla vaxt keçirməli, onlara xüsusi vaxt ayırmalıdırlar. Üstəlik, uşaqlarla keçirilən bu vaxtın kəmiyyəti yox, keyfiyyəti vacibdir. Gəlin, uşaqları daxili dünyalarını öz valideynləri ilə bölüşmək imkanından məhrum etməyək. Əks halda, bu boşluğu dolduran “pleysteyşn”lər, kompyuter oyunları bizə bizim arzuladığımız nəslin formalaşmasına kömək etməyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir