hicama

Tibb, yoxsa alternativ tibb? – Bıçaq vursan, qanı çıxar

Baxış sayı: 560

“Bizim dindar xanımlar qrupumuz vardı. Bir xanım baş ağrılarıma görə hicama olunmağımı məsləhət gördü. Özünün təcrübəli olduğunu deyəndə yanına getdim. Birinci prosedur sonrası başgicəllənmə, narahatlığım oldu. Halsızlğım xeyli vaxtdır davam edir. İndi öyrənmişəm ki, qanazlığım varmış, mənə qəti belə üsül olmazmış”.

Bu sözləri Sevinc Abdullayeva adlı gənc xanım deyir. Göründüyü kimi, bu gün hicama (həcəmət) adlı müalicə üsülunun geniş yayıldığı sirr deyil. Maraqlıdır, necə oldu ki, hicama edən və etdirənlərin sayı bu qədər artdı?

 

Kiçik araşdırma

Hicama edənlərin çoxu bu proseduru ev şəraitində edir, hicama terapiyası ilə məşğul olanların bir hissəsi isə klinikalarda fəaliyyət göstərir. Klinikada edənlər arasında həkimlər də var, tam və ya natamam tibbi təhsil alanlar da.

Həkimlər arasında keçirilən kiçik sorğuda da hicamanı konkret hansı ixtisasda həkimin etməsi sualına cavab tapmadıq. Üstəlik, hicama kimi müalicə üsülunu qəbul etməmək bir yana, ona qarşı olan tibb mütəxəsisləri də var.

Bununla yanaşı, hicama dünyada alternativ tibb üsulu kimi qəbul edilir. Sadəcə, bunu xüsusi müayinədən sonra və mütəxəssislər tərəfindən edilməsi doğru sayılır.

Bu gün hicama ilə məşğul olanların içərisində Rusiya və Türkiyədə bu istiqamətdə təhsil aldıqlarını iddia edənlər var. Doğrudan da, bu bəradə məlumat axtarışına çıxanda məlum olur ki, Rusiyada və Türkiyədə hicama ilə məşğul olan institutlar, mərkəzlər var.

Misal üçün, Türkiyədə Beynəlxalq Hicama İnstitutu və Həcəmətçilər Federasiyası (2016) mövcuddur. Beynəlxalq Hicama İnstitutunun qurucusu Süleyman Gökdür və 2008-ci ildə yaradılan İnstitutun 17 ölkədə tədris kursları var ki, o da 30 mindən çox hicama mütəxəssisi yetişdirib. İnstitutun rəsmi səhifəsində Azərbaycanda da kurslarının olduğu göstərilir.

 

Gələk hicamanın təsirlərinə

Bakıda fəaliyyət göstərən Elvin Həsənov adlı həcəmətçinin sözlərinə görə, hicamanın başqa alternativ tibbi prosedurlar kimi işə yaradığı sübuta yetirilməsəydi, bu gün onun nəticəsində şəfa tapan olmazdı: “İnsanın bədənində bütün xəstəliklər qan damar və qan dövranı pozğunluğundan ortaya çıxır. Hicama dərinin səthi epidermis qatının altındakı kapilyarlardakı toksiki, yəni zəhərli qanın çıxarılmasıdır. Dəri xüsusi yerlərdən (200 nöqtədən bir hissəsi) yüngül çərtilir (4 formada kəsik etmək olar) və ora banka qoyulur. Bəzən banka sayını artıranlar olur – bu, yalnışdır və insanın halı ağırlaşa bilər”.

“Kimə hicama olmaz” sualına cavablan həmsöhbətimiz bildirib ki, xərçəng xəstəliyinin ağır dərəcəsi, qan xəstəlikləri olan (hemofiliya, anemiya kimi), ağır ürək əməliyyatı edənlərə, qaraciyər serrozu, böyrək çatışmazlığı olan xəstələrə hicama etmək olmaz: “Mən yalnız qan müayinəsi etdirən xəstələrə müdaxilə edirəm, sorğusuz xəstəyə banka düzmək olmaz! Daha çox panik ataq, qan təzyiqi, miqren kimi vəziyyətlərə düçar olanlar hicama sonra rahatlıq tapıblar”.

Hicama mütəxəssisi Məlahət Namazova da bu alternativ tibb üsulunun incəliklərindən danışarkən dedi ki, hicamanın tarixi çox əsrlər əvvələ gedib çıxır: “Bəli, bir çox həkim hicamanı nəinki qəbul etmir, onu etdirən və edəni cahil adlandırır. Bu, onların istəyi, təhsili, təcrübəsindən və seçimindən asılıdır, qəbulediləndir. Dərisində həssaslıq olan, prosesdən qorxan, qan xəstəlikləri olan insanlar bu üsuldan uzaq qalsalar, yaxşı olar. Mütəxəssis olanlar xəstəni mütləq həkim müayinəsindən sonra qəbul edirlər”.

“Alternativ tibb insan bədənindəki nöqtələrlə işləyir, bədəndə kəsik edib banka qoymaq, vakumda qalma zamanı, xəstənin vəziyyətinə nəzarət asan iş deyil. Hicama etməkdə məqsəd xəstəyə şəfa verməkdir, ona travma yaşatmaq deyil. Təəssüf ki, indi insanlar ucuz başa gəlsin deyə ev şəraitində hicama etdirir, dəfələrlə bunun acı nəticələrini eşitmişik”, – deyə müsahibimiz bildirib.

Təcrübəli hicama mütəxəssisi olduğunu deyən Pəri Həmidovanın AYNA-ya dediyinə görə, həkimlərin hicamanı qəbul etməmə səbəbi onunla bağlıdır ki, bizdə bu müalicə üsülu elmə daxil edilməyib: “Halbuki dünyanın alternativ tibb tədris edən institutlarında bunun nəzəriyyəsi və praktikası öyrədilir. Hicamaya indi daha çox uzun müddət dərmanlarla müalicənin effektiv təsirini görməyənlər müraciət edirlər. İşi bilməyənlərə hicama etdirən, xeyirini görməyən, əksinə dəridə və orqanizmdə fəsadlar yaşayanlar onu pisləyirlər. Kortəbii kimə gəldi, həkim göstərişi olmadan hamıya hicama etmək kimi qayda yoxdur. Ən azı bunu edən insan anatomiyasını, fiziologiyasını və fərdi xəstəliklərini, bədən quruluşunu bilməlidir”.

Fleboloq cərrah İsmayıl Əsgərov isə birmənalı şəkildə hicamaya qarşıdır. Dediyinə görə, ona damar xəstəlikləri ilə bağlı müraciət edənlər arasında hicama etdirənlər də var: “Təsəvvür edin, bir xəstə var, barmaqlarda quru qanqrenadır. Bu vəziyyətdə xəstə üçün tək yol  barmaqların amputasiyasıdır. Amma şarlatanın biri dərini çərtməklə – həcəmət adlanan metodla guya barmaqları düzəldəcəkmiş”.

“Hicama etdirənlər edənin ixtisasını, tibb təhsilini öyrənməlidirlər. Varikoz xəstələri, ayaqda arterial damar tutulmaları olanlar bizə müraciət edirlər, hicama etməklə qanı duruldacaqlarını düşünüblər… Bu yolla qanda xolestrinin miqdarını aşağı salmaq iddiasında olanlar var, belə olmaz. Hicama etməklə guya xəstə sağaldacaqlarını düşünənlər xəstələrin sağlamlığını təhlükədə qoymaqla yanaşı, onların müalicəsini gecikdirirlər”, – deyə həkim vurğulayıb.

Məlumat üçün deyək ki, klinikalarda və ev şəraitində edilən hicama müalicəsinin qiymətləri banka sayına görə dəyişir. Hazırda bu müalicəni ona görə biznesə çevirənlər olur ki, onlar banka sayını istədikləri kimi artıraraq pul qazanırlar. Bir banka ilə hicama 5-10 manat arasında dəyişə bilir.

Hər halda “mən yaxşı oldum, sən də get hicama elətdir” deyənlər başqalarına belə məsləhət verməkdə diqqətli olmalıdırlar. Çünki indi insanlar oxuyub, araşdırıb müalicə almaq əvəzinə kiminsə sözü ilə canından olmaq belə olsa, məsləhətə üstünlük verirlər.

 

Raminə Eyvazqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir