hekimler

Tibbi müayinələrdən nə vaxt keçməliyik?

Baxış sayı: 1. 641

Xarici ölkələrdə insanlar ən azı ildə 2 dəfə tibbi müayinələrdən keçirlər. Həkimlər bildirir ki, döş xərçəngindən vərəmə qədər bütün xəstəliklərdən vaxtında tibbi müayinələrdən keçərək yaxa qurtarmaq mümkündür. Ölkəmizdə isə bu məsələyə fərqli yanaşma üsulu var. Bəzi şəxslər xəstələnmədən həkimə getməyin əlavə xərc olduğunu bildirirlər. Bəs həkimlər bu barədə nə düşünür? Onlar özləri tibbi müayinədən keçirlər?

Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin baş infeksionisti, professor Cəlal İsayev insanların ildə ən azı bir dəfə tibbi müayinədən keçmələrinin vacib olduğunu vurğulayır:

“Xüsusilə, 50 yaşdan yuxarı şəxslər mütləq müayinə olunmalıdırlar. Mən özüm də müayinələr etdirirəm. Son dəfə mart ayında ürək-qan damar sistemimi yoxlatdırmışam”.

 

Onkoloq Rəna Niftəliyeva isə deyir ki, 18 yaşına çatmış hər bir qadın menstruasiyanın 5-7-ci günləri özünün süd vəzi müayinəsini aparmalıdır. İki ildə bir dəfə onkoloq-mammoloq və USM müayinəsindən keçmək lazımdır. 35 yaşında 1-ci mammoqrafiya çəkilir, 40-50 yaş arası mammoqrafiya iki ildə bir dəfədir. 50 yaşından sonra isə ildə bir dəfə mammoqrafiya, 6 ayda bir dəfə USM, həkim müayinəsi və təbii ki, hər ay süd vəzisinin əllə müayinəsi aparılmalıdır. Bizdə ən çox qadınlar arasında yayılan uşaqlıq boynu xərçəngidir. 35 yaşlı hər bir qadın mütləq kolkoskopiya müayinəsindən keçməlidir. Çünki xərçəngin 1-ci fazasından digər səviyyələrə keçməsi illər alır. Buna görə də erkən diAqnozla tam sağalmaq mümkündür.

“Mən özüm də profilaktik müayinələrdən keçirəm. Ən son 6 ay əvvəl keçmişəm”.

 

Həkim-kardioloq Rüfət Zeynalov “Check up” müayinələrin yaşdan asılı olaraq dəyişdiyini bildirib:

“Gənc yaşlarda ildə bir dəfə müayinədən keçmək yetərlidir. Ancaq hər hansı risk faktoru varsa, tez-tez müayinə etdirməkdə fayda var.

Mən son olaraq kompüter tomoqrafiyası etdirmişəm”.

 

Həkim ortoped-travmatoloq Şəhriyar Fətullayev isə məsələyə belə münasibət bildirdi:

“Mən sırf dayaq-hərəkət sistemi, sümük, əzələ və oynaq xəstəlikləri ilə məşğul oluram. Dolayısı ilə bizdə müayinə klassik ailə həkiminin, terapevtlərin, pediatrların müayinə planından fərqlənir.

Bir cərrah olaraq əlbəttə, ildə ən azı bir dəfə müayinələrdən keçirəm. Son olaraq 2 ay əvvəl qanın infeksion paketindən keçmişəm”.

 

Həkim-dietoloq Leyla Zülfüqarlı isə bildirir ki, son araşdırmalara görə, bir insanın hər hansı xəstəliyi (şəkərli diabet, zob) varsa, o artıq 3 aydan bir müayinədən keçməlidir.

Normal şəraitdə insan öz orqanizmini tanımaq üçün ildə 2 dəfə ümumi analizlər verməli, 30 yaşdan yuxarı qadınlar süd vəzisi müayinəsindən keçməli, tiroid vəzilərini yoxlatmalıdırlar. Bəzi insanlar şəkərinin olub-olmadığını ev şəraitində aparatla yoxlamağa çalışırlar. Ancaq dəqiq dioqnoz üçün mütləq qandan analiz vermək lazımdır.

Mən də mütəmadi müayinələrdən keçirəm, son olaraq fevral ayında hormonlarımı yoxlatdırmışam”.

 

Həkim endokrinoloq İradə Oruclu da müayinələrin yaşla bağlı olduğuna toxundu.

“35-40 yaşdan sonra normalda ildə bir dəfə, hər hansı xəstəlik varsa, 6 aydan bir keçməlidir. Mən özüm də işlədiyim xəstəxanada ildə bir dəfə “Check Up” müayinəsindən keçirəm”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir