toy

Toy mövsümü öncəsi şadlıq saraylarında vəziyyət necədir?

Baxış sayı: 150

Xalqımın toy kimi bir adəti var – məşhur “Bəyin oğurlanması” filmində deyildiyi kimi… Bu gündən Azərbaycanda yeni toy mövsümü başlayır. Çünki artıq dünən Səfər ayı başa çatdı.

Bu il Məhərrəm ayı sentyabrın 1-də başlamış, ayın 10-da Aşura günü olmuşdu. Sentyabrın 29-da Məhərrəm ayı başa çatdıqdan sonra isə Səfər ayı başlamış və oktyabrın 29-da yekunlaşmışdı.

Adətən  məhərrəmlik müddətində toy biznesi təmamilə çökür. Buna səbəb isə Məhərrəm və Səfər aylarında toy etməyin dini baxımından günah hesab edilməsidir.

Maraqlıdır, sabahdan toy mərasimlərinə qucaq açan restoran və şadlıq saraylarının sifarişi çoxdurmu? Bu suala cavab tapmaq üçün  restoranlardakı vəziyyətlə maraqlandıq.

Buta Palace: “Bizim digər restoranlardan fərqimiz odur ki, bizdə gündəlik toylar təşkil olunmur. Yəni biz ənənəvi xarakter daşımırıq. Buta Palace-da bir toyun keçirilməsi üçün xeyli vaxt lazımdır. Biz kəmiyyətə yox, keyfiyyətə işləyirik. Məhərəmlikdə toy məclisləri təşkil olunmasa da, tez-tez tədbirlər keçirilib. Məhərrəmlik mövsümünün bitməsi ilə əlaqədar əvvəlcədən toy sifarişləri verilməyib. Noyabr ayı üçün sarayımızda toy məclisi nəzərdə tutulmayıb”.

Hollywood: “Bizdə toylar o qədər də tez-tez təşkil olunmur. Olsa da, əsasən şənbə və bazar günləri keçirilir. Məhərrəmlik ayında ümumiyyətlə tədbirlər də keçirilmir. Hazırda noyabr ayına toyun keçirilməsi ilə bağlı sifariş verilməyib”.

Kleopatra: “Bizdə vəziyyət o qədər də ürəkaçan deyil. Əvvəllər toy etmək istəyən çox idi. İndi isə palatka toylarına maraq daha çox artığından, restoranların bazarı ölür. Ay ərzində 4-5 toy ola, ya olmaya. Məsələn, noyabr ayına hələ ki iki toy sifarişimiz var ”.

Ay işığı: “Toyların təşkili bizdə yüksək səviyyədə keçirilir. Noyabr ayına da sifarişlərimiz müəyyən qədərdir. Bizdə məhərrəmlik müddətində tədbirlər təşkil olunmur. Noyabr ayının axırına kimi  xeyli toy sifarişlərimiz var. Hətta elələri olub ki, öz sifarişini iyun ayından verib”.

Monte Kristo: “Noyabr üçün sifarişlər verilib, ancaq əvvəlki aylara baxanda azlıq təşkil edir. Yəqin ki, bundan sonra olacaq. Onu deyə bilərik ki, vəziyyət o qədər də ürəkaçan deyil. Noyabr ayına təxminən 7 toy sifarişi var”.

Niaqara: “Bizdə vəziyyət qənaətbəxşdir. O qədər də pis deyil, ortadır. Əvvəlki illərə baxanda indi restoranlara təlabat azalıb. Məsələn, bir aya 15 toy sifariş verilirdisə, indi heç 10-a çatmır”.

Neolit: “İndi heç bir restoranda balans yüz faiz təşkil etmir. Çünki aylar üzrə baxanda, əvvəlki illərlə müqayisə etsək, toylar çox azalıb. Gündə bir şadlıq evi tikilir. Noyabr ayına sifarişlərimiz var, ancaq dəqiq sayını deyə bilmərik. Azərbaycanda 100-dən çox şadlıq sarayı var, hər bir restoranın da öz müştərisi olur. Hələ ki bizdə vəziyyəti normal saymaq olar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir