toy

Toy sahibləri salfetkaları da aparırlar – Restoran rəhbərləri nədən gileylənir?

Baxış sayı: 1. 373

Toy sahiblərinin şadlıq evlərindən şikayətləri zaman-zaman olub. Son zamanlarsa bu şikayətlər daha da artıb. Şadlıq evlərində toy edənlər bahalıqla yanaşı, orada gələn qonaqlara köhnə ərzaqlardan hazırlanmış yeməklərin verildiyini iddia edirlər. Bəzilərinə görə, şadlıq evlərinin rəhbərləri toydan sonra qalan ərzaqların toy sahibləri tərəfindən yığışdırılmasının qarşısını almaqla həmin ərzaqlardan digər toylarda istifadə edirlər.

Əslində toy sahibi ilə restoran rəhbərliyi arasında müqavilə imzalanmalı və bu məsələdə orada əksini tapmalıdır: “Bu cür problemlərin əsas səbəbi də məhz ortada hüquqi bir sənədin olmamasıdır”.

Image result for TOY YEMƏKLƏRİ

Bakıda fəaliyyət göstərən şadlıq evlərindən birinin administratoru Sərxan Orucovun bildirdiyinə görə, şadlıq sarayında toy günü üçün sifariş edəndə birinci növbədə yeməyin davasını edirlər ki, toydan sonra qalan yeməklər kimin olacaq”: “Toy edənlər toyun necə keçəcəyi, təşkilatçılığın necə olacağı ilə maraqlanmırlar. Soklar, içkiləri də aparırlar. Qalıq yeməkləri süfrədən elə daşıyırlar ki… Toydan sonra, inanın, stollarda bir dənə salfetka da tapmaq olmur. Ola bilsin ki, yaxşı halda bir-iki stolu ofisiant və digər işçilər üçün saxlasınlar”.

S. Orucov deyir ki, bəzən toydan sonra heç nə götürməyən toy sahibləri də olur: “Deyirlər ki, toydan sonra süfrədən mənə heç nə lazım deyil. Toyu təşkil edin, süfrəni açın, toyumu keçirim. Amma əksəriyyət toydan sonra yeməkləri yığıb daşıyır. Belə də olmalıdır, aparmalıdı da. Restoran və ya şadlıq evləri həmin yeməkləri neynəyəcək ki? Onsuz da, ertəsi gün təzə yeməklər hazırlayırıq”.

Onun fikrincə, toydan sonra yeməyin yığılıb-yığılmaması insanların maddi durumundan da asılıdır. “Elə təbəqə var ki, diş çöpünü də aparır. Elə bir stolları sovururlar”.

Administratorun dediyinə görə, bahalı restoranlarda təşkil olunan toylardan yeməkləri yığıb aparmağa qoymurlar: “Ona görə ki, süfrəyə bahalı içkilər qoyurlar. Məsələn, şadlıq evi var ki, orada yeyib-içirlər, hesablarını da verib çıxıb gedirlər. Yəni yemək yığmaq fikrində olmurlar. Bütün insanların yaşamaq tərzini bir neçə nəfərin həyat tərzinə uyğunlaşdırmaq olmur. Elə ailələr var ki, stulun qiyməti 60-70, hətta 100-150 manata olan şadlıq evlərində toy edirlər, belələrinin heç ağlından da keçmir ki, toydan sonra qalan ərzaqları “kulyok”a yığıb aparsınlar. Amma hamı imkanlı deyil, axı!”

Müsahibimiz çalışdığı şadlıq evində toydan sonra ərzaqların yığılmasına icazə verildiyini deyir: “Toydan sonra yemək qalırsa, həmin qida məhsullarını toy sahibinə veririk. Həmin ərzaqlarla ertəsi gün toyu yola verəsi deyilik ki… Toy sahibi həmin qidaların pulunu ödəyibsə, özü də yığıb aparmalıdır. Mətbəxdəki çiy vəziyyətdə qalan mallar mənimdir. Ola bilər ki, bugünkü toya 50 kq ət sifariş etmişəm. Amma qida hazırlanmasına 40 kq sərf olunub. Qalan 10 kq bişirilməmiş ət şadlıq sarayınındır”.

Related image

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdiyinə görə, şadlıq saraylarında toylara köhnə yeməkləri qoyurlar: “Bu da, əlbəttə ki, əvvəlki gün toylardan qalan qalıq yeməklər olur. Adətən toylara gedəndə özünüz də şahidi olursuz ki, yeməklər, salatlar köhnə olur. Şadlıq sarayları toy sahibi ilə danışıqdan asılı olaraq toydan sonra yeməkləri yığmağa qoyurlar”.

Dediyinə görə, əgər şadlıq sarayı ilə toy sahibi bu məsələdə razılaşmırlarsa, təbii ki, toy sahibi yeməkləri yığmır. “Elə adamlar da var ki, toydan sonra yeməkləri yığmaq istəmir, ya da bunun belə olduğunu bilmir. Yeməklər təzə adı ilə növbəti toyda gələn qonaqlara sırınır”.

 

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir