motosiklet

Toya motosikletdə gedən bəylə gəlinin hekayəsi

Baxış sayı: 1. 384

Ailədə fərqliliyin tərəfdarıdırlar. Hamı kimi monoton ailə həyatı yaşamaqdansa, öz istədiklərini, arzularını həyata keçirməyə üstünlük verirlər. Tək məqsədləri stereotipləri aşmaq və maraqlı ömür sürməkdir.

Rubrikamızın qonaqları Abdullayevlər ailəsidir – Orxan və Elmina. Bu ailə haqqında eşitməmiş olmazsınız… Cütlüyümüz toy günü etdikləri fərqliliklə mətbuatın və cəmiyyətin diqqət mərkəzində olmuşdular. Belə ki, toylarına “Vespa” ilə (motosiklet) gəlmişdilər. Biz də fərqli şəkildə ailə quran bu cütlüyün həyat yoluna işıq salmaq istədik. Həmişə olduğu kimi, cütlüklərin tanışlıq tarixçəsindən başlayaq…

“Deyəsən, əlin rahat yerdədir”

Elmina deyir ki, onların həyatında hər şey birdənbirə baş verdi. 2 ay müddətində tanış oldular və evlənməyə qərar verdilər: “Velosiped almaq üçün Orxangilin mağazalarına getmişdim. O, mənə velosiped seçimində kömək edirdi. Uşaq kimi idim. Ailə qurmaq, sevgili olmaq ağlıma belə gəlmirdi. Tək sevincim velosipedim idi. Biz tanış olduqdan sonra bir-birimizə sevgi etirafları da etmədik. Bir gün gedirdik, Orxan əlimdən tutdu. Özüm də məəttəl qaldım ki, sən nə edirsən? Dedim deyəsən əlin rahat yerdədir? Demək olar ki, bizim tanışlığımız bir həftədə baş verdi. Velosiped aldım. Velosipeddən xoşum gəlmədi, ikinci dəfə də ora müraciət etdim. Hansısa hissəsini almaq üçün üçüncü dəfə də getdim. Sonra mənə qıfıl lazım oldu. Orxana zəng vurdum ki, qıfılı mənim iş yerimə gətirsin. Qıfılı “Vespa” ilə gətirmişdi. Mən də komplekssiz insan idim. “Vespa”da oturub şəkillər çəkdirirdim. Sonra Orxan dedi ki, istəyirsən səni “Vespa”da gəzdirim. Biz həmin gün gəzdik. Onun səhəri günü özü yazmağa başladı və danışdıq. Hər şey bir anda baş verdi və görüşməyə başladıq”.

Orxan deyir ki, onun qız dostları çox olsa da, bu zamana qədər heç bir qız onun həyat yoldaşı kimi diqqətini çəkməyib: “Elmina insan kimi çox ürəyimə yatdı. Əslində mənim qız dostlarım çoxdur və onlarla normal münasibətlərim var. Hazırda Elmina da onları tanıyır və dostluq edir. Elminanı “Vespa”da gəzdirəndə, həmin vaxt məqsədim yox idi ki, qızla tanış olum və yaxud hansısa gözlə baxım. “Vespa”da oturduq, xoşuna gəldi və “necə maraqlıdır” dedi. Bundan sonra tez-tez görüşməyə başladıq. “Vespa” mənim dünyamdır. Elminanın da bundan zövq alması və uşaq kimi saf sevinməsi diqqətimi çəkdi”.

“Xəmiriniz bir yoğrulub”

Ortaq cəhətlərinə gəldikdə isə, Elmina deyir ki, ikisi bir yerdə olanda özünü xoşbəxt hiss edir: “Bir-birimizə çox oxşayırıq. O da əyləncəni, gülməyi sevir, mən də. Anam həmişə deyirdi ki, sizin xəmiriniz bir yoğrulub. Mən necəyəmsə, o da elədir. O mənim sözün əsl mənasında yarımdır. Mən onunla tamamlandım”.

Orxan da Elminanın sözlərini təsdiqləyir: “Həqiqətən biz eyniyik. Ətrafında 10 nəfər insan olur, hamı sənə yaxşıdır, dost ola bilirsən. Xətirlərini də çox istəyirsən. Amma yalnız biri sənə həyat yoldaşı kimi yaxın olur. Bu xüsusiyyət Elminada var idi. Həyat yoldaşı kimi məhz Elminanı gördüm. Bu insan çox maraqlıdır. Deyirik, gülürük, fikirlərimiz üst-üstə düşür, ən əsası, əyləncə dolu fərqli həyat yaşayırıq”.

Elmina və Orxan açıq fikirli insanlar olsa da, Elminanın ailəsi köhnə fikirli olduğu üçün onlara çətinlik yaradıb: “Anam köhnə fikirli insandır. Ana tərəfdən maneələrim çox olub. O, həmişə deyirdi ki, barmağında üzük olmadan görüşmə. Məsafəli gəz. Biz də bu maneələri aşmaq üçün tez nişanlanıb evləndik”.

Sür gedək…

Toya “Vespa”da gəlmək məsələsinə də cütlüyümüz ailələrindən gizlin qərar verib. Belə ki, gəlin maşınının “Vespa” olacağını Elmina və Orxandan başqa heç kim bilməyib: “Azərbaycanda istənilən insan istənilən maşını icarəyə götürə bilir. Elminaya təklif etdim ki, bunu biz də edə bilərik, amma gəl fərqli bir şey edək, “Vespa”nı gəlin maşını kimi bəzəyək. Mən dünyanın ən bahalı maşınını da götürə bilərəm, amma bu, daha maraqlıdır. Qoy insanlar komplekssizliyə öyrəşsinlər. Ən çətini bu addımı atmaqdır. Biz razılaşdıq, ideyamızı ikimizdən başqa heç kim bilmirdi. Toy günü gəlin maşını da var idi. Qızı evindən gəlin maşını ilə çıxardaq. Çünki başa düşürdüm, ailəsində problem yarana bilər ki, nə üçün “Vespa” ilə gəlin gedir? Amma fotosessiyadan sonra “Vespa”ya minib gələcəkdik. Qızı evindən gəlin maşını ilə götürdük və fotosessiyaya gəldik. Mən “Vespa”da əyləşdim, Elmina da arxada əyləşdi. Hamı elə bildi ki, biz şəkil çəkdirmək üçün oturmuşuq. Elmina dedi ki, sür gedək. Biz getdik. Bizim kortej maşınının da bizdən xəbəri yoxdur ki, biz yola düşüb getmişik. İşıqforda tanımadığım birinə nömrəni verdim ki, bu nömrəyə zəng vurun, deyin ki, gəlinlə bəy getdi, onların arxasınca gəlsinlər. Təsəvvür edin ki, bütün yolboyu hamı bizi alqışlayır, hər kəs bizi çəkirdi, fit çalan kim, gülən kim, ayaq saxlayıb baxan kim… Hava da çox soyuq idi. Amma bu, qeyri-adi bir gün olmuşdu. Düşünürəm ki, biz yavaş-yavaş inkişaf etməli, bir fikirdə qalmamalıyıq. Komplekslərdən çıxmalı və fərqliliyə can atmalıyıq. Biz bunu etdik. Kimsə başqa bir yol tapsın. Hər şey insanın öz əlindədir. Necə yaşaması da ondan asılıdır”.

“Vespa”ya görə dayımla küsülüyük”

Elmina deyir ki, “Vespa” məsələsindən sonra başı çox “ağrıyıb”. Amma cütlüyümüzü ətrafın fikri heç vaxt maraqlandırmır: “İş yoldaşlarım deyirdi ki, “sən dəlisən”, “bu nədir, normal maşınla gedə bilmirsən? Ömründə bir dəfə toyun olur, “Vespa” ilə getmək nədir?” Dedim ki, mənim ürəyim bunu istəyir, ürəyim istəyən kimi hərəkət edəcəm, başqasının fikri mənə maraqlı deyil. İkimiz də adrenalini sevirik. “Vespa”ya görə dayım indiyə kimi mənimlə danışmır. Biz hamımız özümüz üçün yaşamalıyıq. Mənimçün bahalı olub, gözəl olmaq önəmli deyil. Ucuz olsun, amma maraqlı olsun. Mən bacılarımdan fərqliyəm. Hər dəfə işdən qayıdanda velosipedçiləri görüb, mən də sürmək istəyirdim. Amma məni velosiped sürməyə qoymurdular. Sonra bacım anamı razı saldı ki, bir ay sürüb bezəcək. Amma sonra tale elə gətirdi ki, velosiped bizi birləşdirdi”.

“O qədər ağlamışdım ki…”

Elmina və Orxan bir-birinə sürprizlər etməyi sevirlər. Üstəlik, bu sürprizlər də fərqli olmalıdır: “Biz ailədə də qeyri-adiliyə üstünlük veririk. Hədiyyəni hər kəs ailəsinə verə bilər ki, al sənə hədiyyə almışam. Amma biz bunu da fərqli edirik. Məsələn, heç gözləmədiyim vaxt yastığın altından ətir çıxa bilər. Bu, gözlənilməz hədiyyə olur. Dostlarımız da eynilə bizim kimidir. Məsələn, mən yolkanı çox xoşlayıram. Yeni ildə dostlarımız bizdən xəbərsiz evimizə girib yolka düzəltmiş, evi işıqlarla bəzəmişdilər. Evimizə girəndə onu tanımadıq. Dedik ki, bəlkə başqa yerə gəlmişik? Sürprizi görəndə o qədər ağlamışdım ki… Dostlarımız da ailəmizin bir üzvüdür. Onlarla bərabər deyib-gülür, günlərimizi fərqli keçiririk”.

“Evdən otel kimi istifadə edirəm”

Nə qədər müasir ailə olsalar da, Orxan ev işlərində Elminaya kömək etmir. Amma digər məsələlərdə cütlüyümüz sözün əsl mənasında eyni təfəkkürlü insanlardır: “Ev işlərinə kömək məsələsində, əslində mən kişinin qadına kömək etməsinə pis baxmıram. Sadəcə, bacarmayandan sonra nə edə bilərəm ki? Məsələn, mən yumurta qırmağı belə bilmirəm. Susuzluqdan yansam da, özümə su gətirə bilmərəm. Yoldaşım bunu başa düşür. Amma mən ağır işlərdə ona kömək edirəm. Məsələn, divan-kreslonu yerindən tərpətmək lazım gəlsə, kömək edirəm. Bizim həyat tərzimiz fərqlidir. Bütün günü evdə olmuruq. Demək olar ki, evdən otel kimi istifadə edirik. Ancaq yatmağa gəlirik. Yoldaşımla bütün günü gəzirik, dostlarla vaxt keçiririk, maraqlı əyləncələr edirik. Hətta anam hər dəfə mənə deyir ki, əvvəl deyirdim oğlumu evləndirsəydim, evdə tapılardı, evləndirəndən sonra gəlinin də üzünü görmürəm. Mən evdə oturmağı xoşlamıram. Məsələn, evdə deyirəm ki, bu gün Şahdağa gedirik. Xoşlamıram ki, həyat yoldaşım “gözlə hazırlaşım, makiyaj edim” kimi fikirlər söyləsin. Yoldaşım da mənə oxşayır. Gedək deyirəmsə, makiyaj problemi yoxdur, durub gedirik”.

“Heç nədən çəkinməyin”

Orxanın qız dostları çox olsa da, bu onların arasında problem yaratmır. Orxan deyir ki, əgər qadınla kişi bir-birinə güvənirsə, onların xoşbəxtliyinə heç nə mane ola bilməz: “Biz heç vaxt bir-birimizi yoxlamamışıq. Mən buna yaxşı baxmıram və bir insanın keçmişi ilə maraqlanmağı xoşlamıram. Hər insanın həyatında müəyyən münasibətlər ola bilər. Bu, normaldır. Biz ikimiz də belə düşünürük. Əgər ailə qurmağa qərar vermişiksə, deməli, güvənib ailə qururuq. Yoxlamaq düzgün deyil”.

Sonda gənclərə məsləhət verən cütlüyümüz qeyd etdi ki, gənclik çılğınlıq dövrüdür, bu səbəbdən heç nədən çəkinməsinlər: “Gənclər, xüsusilə də gənc ailələr beynində nə fikirləşirsə, onu həyata keçirsinlər. Heç nədən ehtiyatlanmaq, ətrafın fikirlərini nəzərə almaq düzgün deyil. Mən istədiyim kimi yaşayıram. Qərar verərkən qorxmayın. “Birdən alınmaz”, “camaat nə deyər” kimi fikirlər bizi arxaya atır. Olacağa çarə yoxdur. Amma əsas odur ki, sən arzunu, istəyini yerinə yetirirsən. Düşünürəm ki, insan həqiqətən arzulayanda, bu, baş tutur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir